Narkomaniya: leqallaşıraq, yoxsa kəsib-doğrayaq? – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan maraqlı təkliflər
Bir çox ölkələrdə, o cümlədən qonşu Rusiya və İranda külli-miqdarda narkotik alveri ilə məşğul olanlara ömürlük həbs cəzasının verilməsi haqqında qanun qüvvəyə mindi. Sizin bu qanuna münasibətiniz necədir? Sizcə, bu, narkotik alverinə və narkomaniyaya qarşı mübarizə yolunda ən ideal addımdırmı? Bəs, ən idela addım hansıdır? Azərbaycanda da belə bir qanunun qüvvəyə minməsini istəyərsiniz?
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri aktual sorğu ilə bağlı bu məsələ ilə bağlı fikirlərini YeniMedia.net portalı ilə bölüşüb.
İnanmıram ki, hansısa qanunda müəyyənləşdirilmiş cəzanı ağırlaşdırmaqla bu cur mənfi tendensiyaların qarşısı alına bilər. Çoxillik təcrübə göstərir ki, qanunlar və cəzalar əsasən balaca balıqlar üçündür. İri balinalar isə hər zaman qanun-cəza torlarından yan üzə, ya da onu yırta bilirlər. Əksinə, məncə, Avropanın sivil ölkələrinin, məsələn, Hollandiya təcrübəsindən yararlanmaq lazımdır. Orada narkotik və uyuşdurucu maddələr qəbul edənlərə aludəçi, yaxud xəstə kimi baxır, onlara xüsusi güzəştlərlə, dərman formasında yüngül narkotik maddələr satmaqla xüsusi xidmətlər göstərilir. Heç kim deyə bilməz ki, Hollandiyada hansısa narkotika mafiyası və ya elə polislərin özündən ibarət şəbəkəsi mövcuddur. Amma qonşu İranda, Rusiyada, Əfqanıstanda isə hətta dar ağacından asılmaq, güllələnmək və ömürlük həbs qorxusu olsa belə, narkomaniya artıq dövlət və cəmiyyət üçün böyük başağrısına çevrilib. Bu baxımdan mən təbliğatın, problemə sivil və liberal baxışın və sağlam həyat vərdişlərinin cəmiyyətə aşılanmasının təbliği, bu istiqamətə həvəsləndirilməsinin tərəfdarıyam. Təəssüflər olsun ki, Azərbaycanda da durum kritik və acınacağlı vəziyyətdədir: ali və orta təhsil müəssisələrinin divarlarına qədər gələn narkomafiya cəmiyyətimiz üçün təhlükə mənbəyinə çevrilib.
Gənclərimizin, az qala, bəlli hissəsi bu pis vərdişin qurbanına çevrilməkdədir. Düzdür, dövlət bu məsələyə həssas yanaşır, amma nə qədər adamı həbsə atmaq olar? Cəmiyyətdə ictimai qınaq müxanizmləri də işlənməlidir. Kənd və şəhərdə hamı bilir ki, hansı alçaq və ya cındırlar bu işlərlə məşğuldur, amma heç kim səsini çıxarmır. Bu hal o vaxta qədər davam edir ki, öz balası və ya yaxını bu bəlanın qurbanına çevrilir, sonra düşürlər əl-ayağa, amma gec olur artıq…
Bu günlərdə də baş nazirin müavini səviyyəsində narkomanlığın pislənməsi də məhz dövlətimizin bu sahəyə xüsusi diqqət ayırdığından xəbər verir. Yetər ki, hamımız bunu anlayaq və xəstəliyin evimizə girməsini gözləməyək. Bu istiqamətdə KİV, İnternet və QHT-lərin apardığı işin də xüyri çoxdur…Qanunun sərtləşdirilməsindənsə, cəmiyyətdə anti-narkotika ilə bağlı maarifləndirilməsinə, uyuşdurucu maddələrin dövriyyəsi ilə sərt mübarizəyə və dövlətin bu məsələdə liberal siyasətinə ehtiyac duyulur…

