Yaxın Şərqdə geogərginlik. Məzhəb təəsübkeşliyi və regional gerçəkliklərə baxış. Ekspert Ramal Əliyevin mövqeyi


Son günlər sosial şəbəkələrdə bəzi vətəndaşlarımız tərəfindən səsləndirilən, təəssüf doğuran ifadələrə rast gəlirik. Xüsusilə İranla bağlı yazılan “İran şiə – rafizi dövlətidir, qoy İsrail farsları öldürsün!” kimi fikirlər həm insani, həm dini, həm də milli baxımdan ciddi narahatlıq doğurur. Bu cür fikirlərin müəlliflərinin dini və siyasi bilgilərinin səviyyəsi isə çox zaman şübhə altındadır. Belə şəxslərə sual ünvanlasan, çox güman ki, tutarlı cavab ala bilməzsən.

Unutmaq olmaz ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti şiə məzhəbinə mənsubdur. Bu məntiqlə yanaşsaq, Azərbaycanın Ermənistanla apardığı müharibə zamanı, belə çıxır ki, məsələn, əhalisinin əksəriyyəti sünni məzhəbinə aid olan dövlət kimi Pakistan da bizi məzhəb əsaslı bölgü ilə qiymətləndirməli idi? Belə yanaşmalar həm yanlış, həm də təhlükəlidir.

Əslində, başa düşmək lazımdır ki, dövlətlərarası münasibətlər yalnız məzhəbi və ya emosional təməl üzərində qurulmur. Geosiyasi maraqlar, regional proseslər, iqtisadi və təhlükəsizlik prioritetləri bu münasibətləri zaman-zaman dəyişdirə bilər. Azərbaycan olaraq biz, hətta qardaş Türkiyə ilə belə müəyyən dövrlərdə siyasi narahatlıqlar yaşamışıq. İranla da münasibətlərimiz müxtəlif mərhələlərdə dalğalı olub. Doğrudur, İran bəzən bizə qarşı qeyri-dost yanaşmalar sərgiləyib, lakin bu, bizi emosional və düşünülməmiş mövqe tutmağa vadar etməməlidir.

Hazırda İran və İsrail arasında kəskinləşən gərginlik təkcə bu iki dövlətin deyil, bütün regionun taleyinə təsir edə bilər. Azərbaycanın qonşusu olan bir ölkənin müharibəyə cəlb olunması, iqtisadi-sosial fəlakətlərin bölgəmizdə də baş verməsi riskini artırır. Üstəlik, İranda 30 milyondan çox azərbaycanlı türkü, bir milyondan artıq talış, eləcə də digər müsəlman xalqlar – ərəblər, kürdlər və başqaları yaşayır. İsrailin mümkün hava hücumları zamanı bu insanların həyatına təhlükə yaranarsa, biz buna necə sevinə bilərik?

Məsələyə dar və məzhəbçi prizmadan deyil, geniş və humanist baxış bucağından yanaşmaq lazımdır. Bu məsələyə ümmət aspektindən baxanda belə yenə biz İsraili dəstəkləməməliyik. Məzhəb təəsübkeşliyi insanı kor edə bilər. Amma bizə yaraşan, xalqımızın və bölgəmizin rifahını düşünərək, sağlam düşüncəli və məsuliyyətli mövqe nümayiş etdirməkdir.

P.S. İstənilən halda muharibələrin nə dünyada nədə regionda olmasının tərəfdarı deyilik. Amma bəzən ədalətin bərqərar olunması üçün müharibələr qaçılmaz olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir