Almaniyanın Azərbaycanlı Həkim Teymur Hüseynov – Avropada uğurlu karyera yolu. Ramal Əliyev yazır

Müasir dövrün çağırışlarına cavab verən, öz bilik və bacarığı ilə xarici ölkələrdə Azərbaycanın adını ucaldan mütəxəssislərimiz arasında doktor Teymur Hüseynov xüsusi yer tutur. Artıq 10 ildir ki, Almaniyada çalışan Teymur Hüseynov öz ixtisası üzrə peşəkar və etibarlı bir həkim kimi tanınır. Gənc yaşına baxmayaraq – o cəmi 34 yaşındadır – o, bu sahədə artıq tanınmış və təcrübəli bir qastroenteroloqdur. Teymur Hüseynovun İki sahə üzrə uzmanlıq dərəcəsi vardır.

Həyat və təhsil yolu

Teymur Namiq oğlu Hüseynov 24 yanvar 1991-ci ildə Azərbaycanın cənub bölgəsində – Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində dünyaya göz açmışdır. Erkən yaşlarından elmə və tibbi sahəyə marağı onu bu istiqamətdə addımlar atmağa vadar etmişdir.Valideynlərinin iş fəaliyyətiylə bağlı Rusiya federasiyasının Tümen şəhərinə köçdüklərinə görə Teymur orta məktəbini Tümen şəhərində oxumalı olur. O, 49 saylı gimnaziyanı uğurla başa vurduqdan sonra, Azərbaycan Tibb Universitetinə qəbul olunmuş və orada müvəffəqiyyətlə təhsilini başa çatdırmışdır.

Həkimlik yolunda inkişafı davam etdirmək arzusu ilə o, Almaniyaya üz tutmuş və burada ixtisaslaşma üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak etmişdir. O, müxtəlif beynəlxalq sertifikatlar və diplomlarla təltif olunaraq, Avropa standartlarına uyğun bir mütəxəssisə çevrilmişdir.

Peşəkar fəaliyyəti və nailiyyətləri

Hazırda doktor Teymur Hüseynov Almaniyanın Bielefeld şəhərində fəaliyyət göstərir. Onun əsas ixtisas sahəsi qastroenterologiyadır – bu sahə həzm sistemi ilə bağlı xəstəliklərin diaqnostikası və müalicəsini əhatə edir. Almaniyada yüksək tibbi standartlara cavab verən bir klinikada çalışmaq, daim yenilənən tibb elmini izləmək və xəstələrə fərdi yanaşmaq onun peşəkar nüfuzunu daha da artırmışdır.

Pasiyentlər arasında yüksək etimad qazanan həkim Hüseynov həmçinin elmi konfranslarda iştirak edir, beynəlxalq təcrübələri öyrənərək onları tətbiq edir. Onun fəaliyyəti təkcə Azərbaycanlılar arasında deyil, alman və digər millətlərdən olan xəstələr arasında da təqdir olunur.

Təmsilçilik və ilham mənbəyi

Teymur Hüseynov kimi gənc və bacarıqlı mütəxəssislərin xarici ölkələrdə uğur qazanaraq, Azərbaycanın adını layiqincə təmsil etməsi qürurvericidir. O, yalnız bir həkim deyil, həm də gələcək nəsil tibb tələbələri üçün bir nümunə, vətəninə bağlı və xalqına xidmət etməyə hazır bir ziyalıdır. Teymur Hüseynov azərbaycan, türk, rus, ingilis, alman, talış dilində mükəmməl danışır .Evlidir, bir övladı var.

Doktor Teymur Hüseynovun uğurlu karyera yolu onu göstərir ki, istedad, əzmkarlıq və məqsədyönlü fəaliyyət nəticəsində dünya miqyasında tanınmaq mümkündür. Biz də bu dəyərli mütəxəssisə gələcək fəaliyyətində yeni uğurlar, sağlam həyat və nailiyyətlər arzu edirik. Onun kimi peşəkarlar Azərbaycanın tibbi potensialını beynəlxalq səviyyədə nümayiş etdirir və gənclərimizə ilham verir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir