Ümummilli liderə tərcüməçilik edən molla: Qulamrza Məhəmmədrza oğlu Qasımov

Xalq arasında “Şeyx Qələm” kimi tanınan Qulamrza Məhəmmədrza oğlu Qasımov 1883-cü ildə Lənkəran qəzasının Piran nahiyəsində yerləşən Zenoni kəndində (indiki Lerik rayonu) dünyaya gəlmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində bölgədə dini təhsil alan savadlı şəxslərin sayı artsa da, xaricdə uzunmüddətli təhsil alaraq yüksək dini məqamlara yetişmək hər kəsə nəsib olmurdu. Şeyx Qələm bu baxımdan istisna idi.
O, ilk dini təhsilini bölgə mədrəsələrində aldıqdan sonra 10 il Xorasanın məşhur elm ocaqlarında – əsasən Məşhəd və ətraf məntəqələrdə dərs aldı. Ardınca elmin paytaxtı sayılan İraqın Nəcəfül-Əşrəf şəhərində 3 il, daha sonra isə Peyğəmbər şəhəri Mədinədə 4 il müddətində təhsilini davam etdirdi. Bu illər ərzində o, yalnız dini-fiqhi biliklərlə deyil, həm də mənəvi-irfani tərbiyə ilə yetişdi və zəmanəsinin müdrik və əhli-irfan ruhanilərindən birinə çevrildi.

Xorasan təhsil illərində gözəl xəttatlığı ilə seçildiyinə görə müəllimləri ona “Qələm” ləqəbini verdilər. Bu ləqəb sadəcə onun xətti deyil, qələminə, fikrinə və elmi dəyərlərinə verilmiş bir dəyərin ifadəsi idi. Zaman keçdikcə bu ad onun rəsmi adından belə öndə gedərək xalq arasında “Şeyx Qələm” kimi tanındı və sevilə-sevilə yad edildi.

Molla Qələm Piruzə xanımla ailə həyatı qurmuş, bu izdivacdan üç qız övladı və iki oğul – Əhməd və Rzaxan dünyaya gəlmişdir. O, yalnız ictimai və dini aləmdə deyil, ailə mühitində də İslam əxlaqına və tərbiyə sisteminə sadiq bir ata olmuşdur. Övladlarını həm dini, həm də dünyəvi biliklərlə tərbiyə etmiş, onları halal ruzi, mənəvi saflıq və səmimi iman ruhunda böyütmüşdür.
Şeyx Qələmin həyatında ictimai və siyasi baxımdan diqqətəlayiq hadisələrdən biri də mərhum ümummilli lider Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu dövrdə yaşanmışdır. Kuveytdən gələn yüksək səviyyəli nümayəndə heyətinin qarşılanması zamanı ərəb dilinə və İslam elmlərinə dərindən bələd olan Şeyx Qələm bu görüşə rəsmi tərcüməçi kimi dəvət olunmuşdur. Onun ərəb qonaqlarla apardığı söhbətlər, Qurani-kərim və fiqhə dair verdiyi məntiqli və dərin cavablar, qarşı tərəfdə böyük heyranlıq doğurmuşdur. Qonaqlar sonda belə demişdilər:
“Cənab Əliyev, Sovet hökumətində belə zəkalı və elmi dərinə gedən bir İslam bilicisinin olduğunu heç ağlımıza da gətirməzdik. Bu, bir möcüzədir.”

Bu hadisə yalnız Şeyx Qələmin şəxsi elm və savadını deyil, həm də dövrün siyasi-ideoloji ab-havasında onun necə ehtiyatla və ləyaqətlə hərəkət etdiyini, dövlətə və dinə zidd düşmədən dini kimliyini qorumağı bacardığını göstərir.

O, XX əsr boyu Azərbaycanda İslamın təbliğində, milli-mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynamış, müstəqil düşüncəli və irfan sahibi bir ruhani olmuşdur. Tələbələri və yaxınları arasında “səssiz müdrik”, “dəqiq tərcüməçi”, “zərif qələm sahibi” kimi dəyərləndirilmişdir.

1984-cü ildə, 101 yaşında dünyasını dəyişən Şeyx Qələm, həm elmi, həm də mənəvi irsi ilə bu gün də xatırlanır. Onun yazdığı məktublar, etdiyi müdrik nəsihətlər, vəsilə olduğu insan taleləri, qəlbində daşıdığı İslam sevgisi və hikmət dolu həyat tərzi yeni nəsillər üçün örnəkdir.
Ruhu şad olsun!

Samid Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir