XX əsrin siyasi repressiya qurbanları: görkəmli ədəbiyyat, mədəniyyət, ictimai-siyasi xadim Zülfüqar Əhmədzadə
9 iyun şair, publisist, tərcüməçi, ictimai-siyasi xadim Zülfüqar Əhmədzadənin xatirə günüdür…
Həyat yoluna nəzər salaq…
Onun Azərbaycan tarixində və ədəbiyyatında özünəməxsus yeri vardır. Məhz Əhmədzadə yaradıcılığının təsiriylə Talış xalqı onlarla, bəlkə də, yüzlərlə istedadlı vətənpərvər oğul yetişdirmişdir. Z.Əhmədzadənin 30-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olmuşdur.
İlk dəfə olaraq latın qrafikası ilə Talış Əlifbasının tərtib edilməsi onun adı ilə bağlıdır. Zülfüqar Əhmədzadə bir çox əsərləri rus, türk və başqa dillərdən talış dilinə tərcümə etmişdir.
Zülfüqar Əhmədzadə sadə və dindar bir ailəyə mənsub idi. Elə buna görə də atası və anası ilk növbədə çalışırdılar ki, oğullarına dini təhsil versinlər. Bu məqsədlə onu müsəlman məktəbinə qoyurlar. Daha sonra ibtidai rusdilli kənd məktəbində təhsilini davam etdirir. Rus məktəbində aldığı təhsil, eyni zamanda rus dilini və klassik rus ədəbiyyatını yaxşı bilməsi onun gələcək həyatında vacib rol oynamışdır. Məhz bu keyfiyyətləri onu öz dövrünün yüksək təhsilli insanlarından biri etmişdir.
Xarici görünüşü, intellektual səviyyəsi, yüksək savadı, ciddiliyi, natiqlik məharəti, dünya ədəbiyyatını bilməsi, siyasi mübarizədəki təcrübəsi, təşkilati bacarığı, xalqın içindən olan sadə insanların yaşayış tərzini yaxşı bilməsi və başqa keyfiyyətlər onu bir lider kimi formalaşdırmışdı.
Zülfüqar Əhmədzadə həbs olunanda onun oğlu yazıçı, satirik şair Rüfət Əhmədzadənin 5 yaşı olardı. Sonralar söz düşəndə o deyərdi: “Hərdən mənə elə gəlir ki, anadan olandan repressiyadayam”.
O illər çox az adam “xalq düşməni” ailələrini ziyarət edərdi. Amma Zülfüqar Əhmədzadənin dostu yazıçı, dramaturq Mehdi Hüseyn onları unutmadı, onları ziyarət edib maddi və mənəvi yardım etdi. Məhz o, həmişə Rüfət Əhmədzadəni şeir yazmağa həvəsləndirir və onu gələcəyin M.Ə.Sabiri adlandırırdı. O ,həqiqətən də, sonralar Azərbaycanın məhşur satirik şairi və Sabir məktəbinin davamçısı oldu.
Fizika-riyaziyyat elmləri namizədi, “Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun S.Vurğunun talış xalqının dəyanətli oğlu, ölməz şairi, publisisti, tərcüməçisi və ictimai-siyasi xadimi, talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olan Zülfüqar Əhməzadə ilə dostluq münasibətləri və digər mövzular haqqında fikirlərini oxuculara təqdim edir:
“Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, maarifpərvər pedaqoqu və yazarı, publisist və tərçüməçisi, talış milli ədəbiyyatının banisi,1937-38-ci repressiya illərinin qurbanı Zülfüqar Əhməd oğlu Əhmədzadənin (Pensəj) (1898-1942) Sibir sürgünlüyündən sevimli dostu Səməd Vurğuna göndərdiyi poemanı bu gün də həyəcansız oxumaq olmur… Bu poemanı ürək ağrısıyla oxumuş dahi şairimiz elə öz həyatını da riskə qoyaraq (və bu gün də heç kimin cürət etmədiyi) bir addıma əl atır: Mircəfər Bağırovun qəbuluna düşüb (onun diliylə desək) “talış xalqının yeganə şair oğlunun” Bakıya – Vətəninə qaytarılmasında yardımçı olmasını xahiş edir… Bağırovun kobud cavabından xeyli məyuslanan S.Vurğun MK-nın binası qarşısında onu gözləyən Z.Əhmədzadənin həyat yoldaşına göz yaşları içərisində, “xahişimi qəbul etmədi…” sözlərini çatdırır…
S.Vurğunun 1937-ci ildə qələmə aldığı və 1938-də səhnələşdirilmiş ilk “VAQİF” dramında dostunun Zülfüqar obrazıyla əbədiləşdirilməsinə dair fikirlər də mövcuddur… Bu əsərdə əslində Qacar timsalında diktatorluğa nifrətin və Vaqif-Vidadi timsalında Haqq-Ədalət və Azadlıqsevəryinin vəsfi heç də təsadüfi olmayıb, əslində zəmanəsinin faciəsinin üstüörtülü tənqidi idi… Yeri gəlmişkən, bir vaxtlar (1972-73-ci illərdə) 70 saylı məktəbdə oxuyarkən, 7-8-ci sinif şagirdlərinin iştirakıyla səhnələşdirdiyimiz “Vaqif” dramında bu sətirlərin müəllifinin Vidadi obrazıyla göz yaşları içərisində təsvir etdiyi bir epizod tamaşaya dəvət edilmiş S.Vurğunun qardaşı rəhmətlik prof. Mehdixan Vəkilovu və qızı Aybəniz Vəkilovanı o qədər cəlb etmişdi ki, hətta barəmizdə bir məqalə də yazmışdılar…
Dövrünün o bəzi (başqa xalqlara rişxəndlə baxan) millətçilərindən fərqli olaraq, S.Vurğun nəinki cəmi Azərbaycan və digər SSRİ xalqlarının, o cümlədən talışların da sevimli dostu olmuş və şeirlərində də bu dostluğu az vəsf etməmişdir… Vacib bir qeyd də yerinə düşür ki, o dəhşətli repressiya və müharibə illərində Əhmədzadələr ailəsinə (nəinki o vaxtlar,bu gün də nadir xeyirxah hallardan sayılan) mənəvi və maddi yardımçılardan biri də məhz S.Vurğun olmuşdur…
Aşağıda Z.Əhmədzadənin dostu S.Vurğuna Sibirdən (15.01.1940) ünvanladığı poemadan kiçik bir parçanı nəzərinizə çatdırırıq… Allah o vəfalı dost şairlərimizi və xalq sevimlilərinə rəhmət, ruhlarını şad və dövrünün o dəhşətli ideoloji zəminindən irəli gəlmiş qüsurlarını əfv etsin…Amin!
Salamımı qəbul et, uzaq qarlı Sibirdən,
Hiddətli, bəd rəftarlı, sərt rüzgarlı Sibirdən.
Günahsız bir məhbusun bir ləhzə halına qal,
İstər şair dililə sənə etsin ərzi-hal:
Ey şən Qazax elinin ənbər saçan bir gülü,
Azərbaycan xalqının xoş nəğməli bülbülü!
İki ildir məhrumam sənin xoş avazından,
Şeirlə yaratdığın gülşənindən,yazından…
İki ildir bu yerdə nə gül, nə yaz görürəm,
Nə bizim aşıqları,nə telli saz görürəm…
Eşitmirəm haçandır tarın şaqraq səsini,
Lətif qoşa zurnanın ilahi nəfəsini…
Burda çəməndə bitməz zanbaq, bənövşə, lalə,
Zümrüd yamacdan axmaz büllur kimi şəlalə…
Gördüyüm ancaq mənim vışkalardır, süngüdür,
Daşıdığım dərdi-qəm min karvanın yüküdür…
Tale məni tulladı bu buzlar ölkəsinə,
Haçandır hay verilməz günahsızlar səsinə…
İki ildir ədalət ötməz mənim yanımdan,
Hər şey qaçır kənara vulkanlı əfqanımdan…”
“Zülfüqar Əhmədzadənin bütün fəaliyyəti partiya qərarları ilə tam uyğun olub. Doğma dilində şeirlər, poemalar, talışdilli orta məktəblər üçün müxtəlif dərsliklər yazmasından ta müxtəlif rayonlarda və müxtəlif vəzifələrdə işləməsinə qədər. Yəni partiya nə deyibsə onu eləyib, hara göndəribsə, orda işləyib. 30-cu illərin sonlarında həmin partiyanın milli siyasəti 180 dərəcə çönəndə ilk zərbə təbii ki, R. Əhmədzadəyə dəydi. Onun S. Vurğuna kömək üçün müraciəti ikincinin o vaxtlar AYİ-nin sədri vəzifəsini tutması olmuşdur. Yəni indiki kimi yazıçılar naziri. Hilal müəllim, Siz respublikanın görkəmli və yeganə Əhmədzadəşünası kimi S.Vurğunun həmin məktubla əlaqədar Bağırovun qəbuluna düşməsi barədə arxiv sənədlərinə rast gəlmisinizmi?” deyə sual verən Camal Əliyev adlı oxucunun sualına cavab olaraq H. Məmmədov bildirmişdir ki, “Z.Əhmədzadənin qızı Mariyət xanımla “Tolışi Sədo” (29 iyun 1993-cü il., №23 (34)) qəzetindəki “Tarix hər kəsə öz qiymətini verəcəkdir” adlı müsahibədə bu barədə daha ətraflı məlumat verilir. Onunla, anası Hürü xanımla və oğlu Əyyub Əhmədzadə ilə müsahibəmizdə də bu fakt və S.Vurğunla bağlı digər məlumatlar əksini tapır. Bu canlı müsahibəmizdəki həqiqətlər rəsmi sənədlərdə əksini tapa bilməzdi.”
Vəfatı
Z.Əhmədzadə həbs düşərgəsində bir müddət çörəkbölüşdürən təyin olunur. O, neft tapıb, bu nefti arada çay qoymaq üçün istifadə edirmiş. Dustaqlardan biri rəhbərliyə xəbər verir ki, guya Əhmədzadə buranı neftlə yandırmaq istəyir. Bundan sonra Əhmədzadənin otağında axtarış aparılır və neft maddi sübut kimi götürülür. Əhmədzadəni 10 sutkalıq, boğaza qədər su ilə dolu “karserə” salırlar. Cəza bitdikdən sonra Z. Əhmədzadənin ayağı axsamağa, tez-tez xəstələnməyə, saçı tökülməyə başlayır. Zülfüqar Əhmədzadə 1942-ci il iyunun 9-da Kemerova vilayətinin Marinsk şəhərində vəfat edir.
H.Məmmədov