Azərbaycanın görkəmli din xadimləri: İmam Axund (1878-1960). Samid Quliyev yazır
Hazırda Lənkəran ağsaqqallarının “İmam Axund” kimi xatırladığı Axundov (bəzi mənbələrdə Sübhanov) Məhəmmədhüseyn Əbdülhəmid oğlu 1878-ci ildə may ayının 20-də Lənkəran qəzasında dünyaya gəlmişdir. Atası Əbdülhəmidin evindən heç vaxt İslami adət-ənənələr əskik olmamışdır. Belə bir ailədə böyüyən Məhəmmədhüseyn ilk ruhani təhsilini şəhər mədrəsəsində almış və ustadı-əmisi Molla Əliəkbər (1800-1898) olmuşdur. Molla Əliəkbər dövrünün tanınmış din xadimi olmaqla yanaşı, Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlı şairlər məclisinin fəal üzvü olmuş və “Aciz” təxəllüsü ilə şeirlər yazmışdır.
Məhəmmədhüseyn Axund uşaq yaşlarından elm öyrənmək üçün daim səy göstərmiş və təhsil almaq arzusunda olmuşdur. Digər tələbələrdən dərin zəkası ilə seçilən Məhəmmədhüseynin arzusunu Lənkəran xeyriyyəçiləri gerçəkləşdirir. Xeyriyyəçilərin təşəbbüsü və köməkliyi ilə təhsil almaq üçün İranın Tehran şəhərində yerləşən “Madərşahe-qədim” mədrəsəsinə yollanır. İrana gedərkən dövrünün tanınmış din xadimi-ustadı Hacı Axund (Molla Məhəmməd Ziya Lənkərani) öz əmmaməsini ona yadigar və təbərrük olaraq vermişdir. Tehranda təhsilini əla qiymətlərlə başa vuran Məhəmmədhüseyn Axund başqa bir elmi-dini mərkəzə İraqın Nəcəfül-Əşrəf şəhərinə üz tutur. İslami biliklərə kamil sürətdə yiyələndikdən sonra 40 yaşında vətəni Azərbaycana qayıtmışdır. Tez bir zamanda elminin kamilliyi ilə seçilərək şəhərin “Böyük bazar” məhəlləsində yerləşən “Cümə” məscidində insanlara imamlıq etmişdir.
Məhəmmədhüseyn axund Mirzəhra adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən 3 qız, Məhəmmədağa və Həmidağa adında 2 oğlu olmuşdur. Kiçik oğlu Həmidağa uşaq yaşlarında dünyasını dəyişmişdir. Məhəmmədağa isə Tehranda hərbi həkim işləyən əmisi Məhəmmədtəqinin yanına getmiş və qızı ilə ailə həyatı quraraq orada yaşamışdır. İranda elektrik mühəndisi kimi fəaliyyət göstərmişdir. Sonralar ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Məhəmmədhüseyn Axundun bir çox nadir əlyazmaları oğlu Məhəmmədağada olmuşdur.
Axund dini biliklərlə yanaşı tarix, riyaziyyat, astronomiya, ədəbiyyatı da yaxşı bilmiş və tərcüməçiliklə məşğul olmuşdur. İmkansız ailələrə, xəstələrə həmişə kömək etmişdir.
Böyük savad sahibinə əvvəlcə “Mirzə”, sonra Axund, daha sonra “İmam Axund” deyilməyə başlanmışdır. Bu ləqəblərdən də göründüyü kimi, Məhəmmədhüseyn Axund daim öz xeyirxah əməlləri ilə xalqın rəğbətini qazanmışdır. Yaşadığı dövrdə yazıb-pozmağı bacaran az olmuş Axund həmdə mirzəlik edərək xalqın işinə yaramışdır. Kimsəsiz ailələrə etdiyi təmənnasız köməkliklərə görə isə xalqın öndə gedəni olaraq “imam” adlandırılmışdır.
Məhəmmədhüseyn Axund daim elmi mütaliələr etmiş, dövrü mətbuatı və radio verlişlərini izləmişdir. Bunun məntiqi nəticəsidir ki, 1957-ci ildə ilk dəfə Yerin süni peyki buraxıldığı zaman bu hadisədən heyrətlənməmiş və bunu “Allahsızlıq” adlandırmamışdı. Elminin dərinliyi, zəkasının uzaqgörənliyi ilə bir vaxt Aya da uçacaqlarını, insan ayaqlarının aya da dəyəcəyini xəbər vermişdi. Ağsaqqalların dediyinə görə, Məhəmmədhüseyn axund 1950-ci illərdə məclislərin birində qeyd etmişdir ki, “Zaman gələcək telefonla danışanlar bir-birlərini də görəcəklər”.
1960-cı ilin oktyabr ayının 3-də 88 yaşında Məhəmmədhüseyn Axund axirət evinə köç etmişdir. Vəsiyyətinə uyğun olaraq dəfn məsələlərini Masallıdan olan Şeyx Bəşir icra etmişdir. Dəfninə Respublikanın bir çox bölgələrindən ruhanilərlə yanaşı, elm adamları da qatılmış, Təzə Pir məscidində, oğlu Məhəmmədağa tərəfindən isə Tehran şəhərinin mərkəzi məscidinə adına ehsan verilmişdir. 7 gün davam edən hüzr mərasimində Qurani-Kərim 65 dəfə xətm olunmuşdur. Bu günə qədər Məhəmmədhüseyn Axund unudulmamış dövlət tərəfindən yaşadığı evə xatirə löhvəsi vurulmuş, küçələrinə onun adı verilmişdir.