Ekoloji düşüncə və ya Qurban Bayramına fərqli baxış. Samid Quliyev yazır

“Onların nə ətləri, nə də qanları Allaha çatır. Allaha çatacaq yalnız sizin təqvanızdır.” (Həcc, 37)

Bu ayə bizə xatırladır ki, qurbanlıq heyvanların kəsilməsi yalnız zahiri bir mərasim deyil, ən önəmlisi səmimi niyyət və təqvadır. İslamda qurban ətinin özü deyil, qurbanlıq Allahın razılığını qazanmaq üçün bir vasitədir.

Bu gün dünya ağır ekoloji böhran içindədir: quraqlıq, su qıtlığı, heyvanların və bitkilərin nəsillərinin azalması, iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi kimi problemlər bizi dərindən düşündürməli və məsuliyyətə səsləməlidir. Məsələn, Mərakeşdə heyvanların sayı son illərdə 38% azalıb. Bu baxımdan Mərakeş kralı VI Məhəmmədin qurbanlıq heyvanların sayını azaltmaq və insanları qurban kəsmək əvəzinə yardımlaşmağa, ehtiyacı olanlara kömək etməyə çağırması həm islami, həm də sosial hikmətlə doludur. Qurban yalnız həccdə vacibdir (fərzdir) digər hallarda məqsəd səmimi niyyət və xeyirxahlıqdır.

Unutmayaq: Allah qurban ətin çoxluğuna deyil, ürəyimizdəki mərhəmətə, təmizlik və məsuliyyətə baxır. İslam bizi yalnız öz ruhumuzun xilasına deyil, eyni zamanda yaradılmışların – heyvanların, bitkilərin və bütövlükdə təbiətin qorunmasına çağırır.

Gəlin, müsəlman olaraq təbiətə və gələcək nəsillərə qarşı məsuliyyətimizi unutmayaq, daha diqqətli və həssas olaq.

Qurban Bayramınız mübarək!

Samid Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir