“Bəzi işbazlar rəqəm və tarixlərə önəm verərək…” – YYSİB sədri, ictimai xxadim, sosioloq Aydın Xan Əbilovdan 25 mayda nikah rekorduna açıqlama
Azərbaycanda 25.05.2025 tarixində bağlanan nikahların sayı digər günlərlə müqayisədə rekord həddə çatıb. Həmin gün ölkə üzrə ümumilikdə 496 nikah qeydə alınıb. Bu göstərici digər günlərdə baş tutan nikahların sayından xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda ümumilikdə 11 min 206 nikah rəsmiləşdirilib ki, bu da gündə orta hesabla 124 nikah deməkdir.
Bu fakt onu göstərir ki, cütlüklər simvolik və yadda qalan tarixlərə xüsusi önəm verirlər. Hətta bəzi analar övladlarını məhz bu cür əlamətdar günlərdə dünyaya gətirmək istəyir və buna uyğun şəkildə doğuş tarixini planlayırlar.
Cəmiyyətin müəyyən tarixlərə bu qədər simvolik dəyər verməsi, ailə institutuna yanaşmada dəyişikliklərin baş verdiyini göstərir. Bu, ailə qurmaq kimi ciddi bir qərarın bəzi hallarda sosial təsir və görüntüyə əsaslanaraq verildiyini, mahiyyətə deyil, forma və təsir gücünə üstünlük verildiyini göstərən sosial bir meyildir.
Bu barədə Patrulaz.az-a öz fikirlərini Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın xan Əbilov bölüşdü.
Onun sözlərinə görə, valideynlər övladlarını sağlam və mənəvi cəhətdən güclü böyütmək əvəzinə, diqqətçəkən rəqəmlərlə doğulan uşaqların guya daha uğurlu olacağına inanaraq, süni planlamalara üstünlük verirlər. Bu cür yanaşmalar uşağın gələcək inkişafına deyil, daha çox cəmiyyət qarşısında yaradılan zahiri imicə xidmət edir:
“Təəssüf ki, ölkəmizdə bir çox sahələrdə olduğu kimi, ailə məsələlərində də ciddi boşluqlar var. İnsanlar övladlarının gənc yaşlarında sağlam həyat tərzinə yiyələnməsinə və mənəvi inkişafına diqqət yetirmək əvəzinə, daha çox rəqəmlərin uyğunluğuna əsaslanaraq eyni tarixlərdə uşaq dünyaya gətirməyə, təmtəraqlı ad günü mərasimləri təşkil etməyə üstünlük verirlər. Məsələn, 07.07.2027-ci il tarixində doğulan uşaqların guya daha uğurlu, məşhur və xoşbəxt bir həyata sahib olacağı düşünülür. Halbuki bu yanaşmanın heç bir elmi və məntiqi əsası yoxdur. Çünki insanın taleyi və uğuru, əsasən, ailəsinin dəstəyi, yaşadığı mühit, aldığı təhsil və əldə etdiyi biliklər, qazandığı peşə və çəkdiyi zəhmətlə müəyyən olunur. Valideynlər də bu məsələlərdə övladlarına düzgün istiqamət verməlidirlər. Sözsüz ki, qeyri-adi adlar qoymaq və ya möhtəşəm tədbirlər keçirməklə uşaqları təmtəraqlı həyata alışdırmaq əvəzinə, onları təhsilə, elmə, mədəniyyətə və digər dəyərli sahələrə yönəltmək daha məqsədəuyğundur”.
Sosioloq hesab edir ki, diqqətçəkən tarixlərə olan bu qeyri-adi maraq cəmiyyətin özəlliklə də kommersiya yönümlü doğum və toy sənayesinin təsiri ilə formalaşıb. Onun fikrincə, sektorda fəaliyyət göstərən bəzi qurumlar və şəxslər, simvolik tarixlərə süni şəkildə önəm yükləyərək cəmiyyətdə müəyyən davranış modellərinin yayılmasına səbəb olurlar:
“Son vaxtlar Azərbaycanda təkcə zerkalni tarixlər deyil, ümumiyyətlə ailə münasibətləri ilə bağlı hüquqi dəyişikliklər də gündəmdədir. Yaxın qohumlar məsələn, xalaoğlu və xalaqızı arasında nikahların qadağan olunması ilə bağl, o cümlədən 21 yaşdan aşağı olan şəxslərin, bəzi istisna hallarda 17 yaşdan nikaha girməsinə icazə veriləcək yeni qanun qüvvəyə minəcək. Bu məsələ elə bununla da bağlıdır.
Digər tərəfdən, toy sektorunda da bəzi işbazlar müxtəlif bəhanələrlə kommersiya maraqlarını önə çəkərək rəqəm və tarixlər üzərindən öz bizneslərini qururlar. Bu da nəticə etibarilə bəzi aylarda və günlərdə anaların uşaqları doğmaq yox, məhz müəyyən tarixlərdə dünyaya gətirmək məqsədilə qərarlar qəbul etməsinə səbəb olur”.
Aydın xan Əbilov bildirir ki, bəzi analar övladlarını daha “yaradıcı” və simmetrik tarixlərdə dünyaya gətirmək üçün təbii doğum vaxtını gözləmədən süni yolla, yəni qeysəriyyə əməliyyatı vasitəsilə doğuşa üstünlük verirlər. Bu isə yalnız psixoloji və sosial təzyiqlərlə deyil, eyni zamanda kommersiya maraqları ilə də şərtlənir.
Ekspert bu tendensiyanın təkcə sosial deyil, həm də tibbi nəticələrə yol açdığını vurğulayır. Onun sözlərinə görə, təbii doğum vaxtının dəyişdirilməsi, uşaqların sağlamlığında müəyyən problemlərin yaranması riskini artırır və bu, gələcəkdə cəmiyyətin sağlamlıq göstəricilərinə də təsirsiz ötüşmür:
“Hətta bəzi analar yalnız “aynalı” və ya diqqətçəkən tarixlərdə uşaq dünyaya gətirmək üçün süni doğuşa və ya qeysəriyyə əməliyyatına üstünlük verirlər.
Necə ki, abort və dölün müəyyən inkişaf mərhələsində tələf edilməsi ilə bağlı ciddi normativ aktlar qəbul olunub, hesab edirəm ki, bu sahədə də müvafiq dövlət qurumları tərəfindən tənzimləyici hüquqi qərarlar qəbul edilməlidir. Ümumiyyətlə, tibbi zərurət olmadıqca, əməliyyat yolu ilə doğuşların həyata keçirilməsi qadağan olunmalıdır.
Son illərin statistikasına nəzər saldıqda, ailə qurumlarının dağılması hallarının artması ilə yanaşı, doğuşların əksəriyyətinin əməliyyatla baş tutduğu müşahidə olunur. Bu isə anaların doğuş zamanı ağrı çəkməmək üçün təbii doğuşdan imtina etməsinə və beləliklə də, gələcəkdə sağlam doğuş imkanlarını itirməsinə səbəb olur.
Araşdırmalar göstərir ki, qeysəriyyə əməliyyatı ilə doğuş keçirən qadınların bir çoxu, fərqinə varmadan, gələcəkdə ümumiyyətlə ana olmaq şansını itirə bilər. Bu tendensiya nəticəsində sağlamlıq problemləri olan uşaqların sayı da artmaqdadır.
Heç bir məna kəsb etməyən tarixlərə önəm verərək uşağı dünyaya gətirməkdənsə, valideynlər övladlarının sağlamlığına öncədən sonadək ciddi nəzarət etməli, hamiləlik dövründən başlayaraq uşaqlarını yetkinlik yaşına qədər sağlam, cəmiyyətə yararlı bir fərd kimi böyütməyə çalışmalıdırlar”.
Gülbəniz Səfərova

