Oğluma nəsihət. YYSİB sədr müavini, ailə və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev yazır
Oğluma nəsihət
Əziz oğlum,
Böyük adam olmağa çalış. Böyük adamlar həmişə böyük düşünürlər. Onlar yalnız özləri üçün deyil, başqaları üçün də yaşayırlar və bu cür yaşamaq da onların həyati məqsədidir.
Hər bir canlı özünü və ailəsini düşünür, bu, yaradılışın qanunudur. Çöldə sərçədən tutmuş, filə qədər hər bir heyvan tapdıqlarını yuvasına, balalarına aparır. Amma heyvanlar başqaları üçün yaşaya bilməzlər oğlum, onların özləri üçün hədəf təyin etmək bacarıqları yoxdur. İnsan isə başqalarını düşünməyi bacaran bir varlıqdır. Bu, insanın əsl mahiyətidir: hədəf qoymaq, bu hədəflərə doğru irəliləmək və başqalarına fayda vermək. Lakin bu, hər kəsə nəsib olmur.Böyük olmaq yalnız böyük düşüncəylə, ali hədəflərə doğru çalışan, çətinliklərdən sonra yenidən ayağa qalxıb israrla hədəfinə doğru addımlayan insandır oğlum… İlahi hədəfə doğru..
Böyük adam olmaq zəngin olmaq deyil, böyük adam olmaq, zəhmətlə və məqsədlə irəliləməkdir. Məzlumların yanında olmaq, insanların qayğılarını başa düşmək və onlara dəstək olmaqdır. Böyük adamlar, dağları aşdıqdan sonra daha da yüksək zirvələrə qalxmağa davam edirlər. Yıxıldıqda güc tapıb qalxmaq, məyus olduqda yenidən güc toplayıb yoluna davam etmək böyük adamın işidir.
Böyük adam olmaq üçün, oğlum, hər zaman başqaları üçün yaşamağı bacarmaq lazımdır. Unutma ki, bu, yalnız böyük adamların işidir.
Böyük ol, oğlum!

