Azərbaycanda və dünyada boşanma mədəniyyəti necədir? – YYSİB sədri, ailə və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev yazır

Cəmiyyətdə gedən proseslərə dini, hüquqi və etik tərəflərdən baxış

Ailə qurmaq, evlilik insan həyatının ən vacib mərhələlərindən biridir. İslamda evlilik, kişi və qadının bir araya gəlib ailə qurması, uşaqlar dünyaya gətirməsi, cəmiyyətin davam etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, Allahın istədiyi bir düzəndir. Lakin, hər evlilik uğurlu olmur, bəzən müxtəlif səbəblərdən dolayı evliliklər başa çatır və boşanma həyata keçirilir.

İslamda evlilik, ailə qurulması çox qiymətli bir əməl olaraq qəbul edilir. Peyğəmbərimiz (s.a.v) evliliyi təşviq etmiş və bu sahədə müxtəlif hədislərdə əhəmiyyətli mesajlar vermişdir. Lakin, boşanma İslamda mütləq olaraq haram sayılmasa da, Allahın ən xoşlamadığı bir əməl olaraq xarakterizə edilmişdir. Hədislərdə bildirilir ki, Allah boşanmanı sevməz, amma boşanma bəzi hallarda zərurət halına gələndə icazə verilir.
Boşanmaların müxtəlif səbəbləri olur,ailə üzvləri arasında ciddi anlaşılmazlıq, qarşılıqlı hörməti itirmək,ağır sosial durum,xəyanət və digər ağır səbəblər göstərilə bilər.

Boşanmanın hüquqi tərəfi də çox vacibdir. İslamda evlilik müqaviləsi, dini kəbin adı altında, kişi və qadın arasında bağlanır. Lakin, bu müqavilənin hüquqi bir əsası yoxdur. Bununla yanaşı, cəmiyyətimizdə bəzən insanlar dini kəbini bağlamağa önəm versələr də, rəsmi nigahı gözardı edirlər. Bu isə boşanma zamanı hüquqi məsələlərin qarışıqlığına səbəb ola bilər. Rəsmi nikah bağlanmadıqda, tərəflərin mülki hüquqları, miras məsələləri, əmlak bölüşdürülməsi və digər hüquqi məsələlər əngəllər törədir.
Rəsmi nikah, boşanma zamanı hər iki tərəfin hüquqlarını qoruyur və ədalətli mülkiyyət bölüşdürülməsini təmin edir. Bu səbəbdən, gənclər evlənməzdən əvvəl dini kəbinlə yanaşı, rəsmi nikah da bağlamalıdırlar.
Boşanmanın etik tərəfi isə daha mürəkkəb bir məsələdir. Cəmiyyətdə boşanma hallarında, xüsusən də insanlar arasında qarşılıqlı ittihamlar və böhtanlar çox yaygındır. Qadın kişini xəyanət etməkdə, kişi isə qadını narkomaniya və ya digər ciddi günahlarda ittiham edir. Bu, əksər hallarda, boşanmanın etik prinsiplərinə riayət edilməməsindən qaynaqlanır. Boşanma zamanı tərəflər bir-birlərinə subutsuz ittihamlar yönəldərək, hər biri öz mövqeyini gücləndirməyə çalışır. Bu, yalnız ailə üzvləri arasındakı münasibətləri daha da gərginləşdirir və daha böyük sosial problemlərə yol açır.
Boşanma etikası, hər iki tərəfin hörmətinə, dürüstlüyünə və qarşılıqlı anlaşmasına əsaslanmalıdır. Hər iki tərəf münaqişələrini sülh yolu ilə həll etməyə çalışmalı, qarşı tərəfi alçaltmaqdan çəkinməlidir. Etik bir boşanma prosesində, hər iki tərəf bir-birini ləyaqətlə qəbul edər və nəticədə, cəmiyyətə olan təsir ən aza enmiş olar.

Evlilik və boşanma məsələləri həm dini, hüquqi, həm də etik baxımdan çox önəmlidir. İslamda evliliyə böyük əhəmiyyət verilsə də, bəzi hallarda boşanma zəruri olur. Lakin boşanmanın heç bir zaman cəmiyyətin və tərəflərin faydasına olmadığını unutmaq olmaz. Evlilikdən əvvəl dini və rəsmi nikah bağlamaq, boşanma zamanı isə hər iki tərəfin hüquqlarını qorumaq və etik prinsiplərə riayət etmək, sağlam bir cəmiyyətin yaranmasında əhəmiyyətli bir rol oynayır. Bu səbəbdən, cəmiyyətimizdə boşanma məsələlərinə daha ciddi yanaşılmalı, hər iki tərəf arasında ədalət və qarşılıqlı hörmət təmin edilməlidir.

https://sia.az/az/news/social/1247081.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir