Mədəniyyətin və etik – davranış normalarının yol hərəkətindəki hadisələrə təsirləri. YYSİB sədr müavini, sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev yazır
Mədəniyyət və etika anlayışı insana xas olan əsas keyfiyyətlərdən biridir. Hər bir insanın cəmiyyətdə fitri və inancdan doğan fərdi davranış qaydaları vardır. Bu qaydalar, insanların həyatına, xüsusilə də yol hərəkətindəki davranışlarına təsir göstərir. Bir insanın mədəni və ya mədəniyyətsiz olduğu, onun cəmiyyətdəki davranışları ilə ölçülür. Mədəniyyət, insanın özünü necə təqdim etməsi, başqalarına qarşı necə münasibət göstərməsi ilə birbaşa əlaqəlidir. Mədəniyyətli bir insan, cəmiyyətə olan hörmətini, etikasını və davranış qaydalarını yerinə yetirərək özünü göstərir.
Yol hərəkətində isə, mədəniyyət və etik davranışlar daha da əhəmiyyətli rol oynayır. Sürücülərin sükan arxasında necə davranmaları, cəmiyyətdəki mədəniyyətin göstəricisi olur. Mədəniyyətsiz və səbrsiz sürücülər, yol hərəkəti qaydalarını bilərəkdən pozurlar, digər sürücüləri təhqir edir, yol nişanələrinə və siqnallarına diqqət etmirlər. Bu cür davranışlar təkcə yol təhlükəsizliyini təhdid etmir, həm də cəmiyyətin ümumi mənəvi səviyyəsini aşağı salır.
Son zamanlar müşahidə olunan aqressiv sürücülük davranışları, bir sıra faktorların təsiri ilə əlaqəlidir. Bu səbəblərdən biri də inflyasiya və sosial gərginlikdir. İnsanlar tez-tez stresli vəziyyətlərdə olur, çünki onların iqtisadi və sosial vəziyyəti çətinləşib. Bununla yanaşı, çox gec yatıb tez oyanan insanlar, günün müxtəlif saatlarında sosial şəbəkələrdə qarşılaşdıqları gərgin xəbərlərdən təsirlənirlər. Bu cür vəziyyətlər onların emosional vəziyyətini pisləşdirir və sükan arxasında aqressivləşmələrinə səbəb olur.
Bundan əlavə, sosial şəbəkələrdə yayılan negativ xəbərlər, insanların özünü daha çox təzyiq altında hiss etməsinə yol açır. Mütəmadi olaraq konfliktli və gərgin xəbərlərlə üzləşən insanlar, bu vəziyyəti həyatlarının digər sahələrinə, o cümlədən yol hərəkətinə də gətirirlər. Əgər insanlar həyatın digər sahələrindəki problemlərini idarə edə bilmirlərsə, bu, onların sükan arxasında daha aqressiv və səbirsiz olmalarına səbəb olur.
Son olaraq, mədəniyyət və etik davranışların artması, həm fərdi həm də cəmiyyətin rifahı üçün vacibdir. Yol hərəkətindəki davranışlarımızın cəmiyyətdəki mədəniyyət səviyyəmizi əks etdirdiyini unutmamalıyıq. Hər bir sürücü öz davranışına diqqət etməli və yol hərəkəti qaydalarına əməl etməlidir ki, həm özünün, həm də başqalarının təhlükəsizliyi təmin olunsun. Mədəniyyətli sürücülər, sadəcə özlərini deyil, bütün cəmiyyəti düşünərək hərəkət edirlər.

