Sənət əsərlərimizdə yer adları çəkənlər niyə linç edilir və yazıçı nə etsin? YYSİB sədri Aydın Xan Əbilovun ictimai polemikadakı mövqeyi
Son vaxtlar təqdim olunan sənət əsərlərində, filmlərdə hər hansı bir yaşayış yerinin adını mənfi əhvalat konteksində çəkmək olmur. Dərhal hücumlar başlayır və nəticədə həmin yerlər mətndən, yaxud da filmdən çıxarılır. Yer adı çəkmək üçün əhvalat mütləq müsbət xarakterli olmalıdırmı?
Bu yaxınlarda Buzovnada hansısa bir filmin çəkilişləri gedirdi. Buzovna sakinləri mesaj vermişdi ki, filmdə kənd qadınları mənfi rolda canlansa, yaxud da təhqir olunsa, məhkəməyə müraciət olunacaq. Bu, sosial şəbəkədə böyük müzakirələrə yol açdı. Yaxşı, bu deyir, mənim kəndimin, rayonumun adını çəkmə, o biri başqa yerin adını çəkmə. Bəs yazıçı, rejissor neynəsin?
Məqsədimiz Buzovna məsələsini aydınlaşdırmaq deyil, ümumiyyətlə, sənətdə bu yasaqların, bu linçləmələrin səbəbinin araşdırılmasıdır.
YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bunu böyük problem hesab edir:
“Bu, nəinki indinin özündə, maarifçilik hərəkatının başladığı 2-3 əsr bundan əvvəl Azərbaycanda başlayıb. Vaxtı ilə Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinə görə, qarabağlılar, xüsusən də ağcəbədillilər bu günə kimi onunla düşmən kəsilib. Yaxud “Lənkəran xanının vəziri” əsərinə görə, Lənkəran və Cənub bölgəsinin nümayəndələri Mirzə Fətəlini tənqid edirlər. Xüsusən də ağdamlılar muğamı, qazaxlılar sazı, şurvanlılar saz ansabılını, gədəbəylilər kartofu, lənkəranlılar ləvəngini, Bakı-Abşeron meyxananı özünkü sayır və onunla bağlı hər hansı tənqid, hətta tərifli fikir səslənəndə, yaxud da başqa bölgələrdən olan insanlar da bu dəyərlərimiz haqqında sahiblik iddiası ilə çıxış edən kimi, bu bölgələrin insanları başlayırlar səs-küy yaratmağa. İctimai qınaq və təhdid başlayır. Bunu televiziya verilişlərində də hiss edirik. Rəsmi və qeyri-rəsmi telekanallardakı verilişlərdə bölgələrin adını çəkmək sanki qadağan olunub. Nəyə görə? Şəki lətifəsi, yaxud Lənkəran nənələr ansambılından danışılanda bu, yalnız onlara aiddir? Biz bunu sovet dövründə, xüsusən çar Rusiyasında “parçala hökm sür” siyasətinin bir nəticəsi kimi qəbul edirdik. İndi incəsənət və sənət əsərlərində, eyni zamanda ictimai hümanitar düşüncəsində, televiziya çıxışlarında bölgələrlə bağlı ad çəkib nəsə deyən kimi sosial şəbəkə izləyiciləri onun yazanın üstünə hücum çəkir. Bu, güman ki, həm də cəmiyyətimizin hələ də maariflənmədiyi, estetik-fəlsəfi, o cümlədən də elmi düşüncənin, hümanitar fikirin zəif inkişaf etdiyi, təhsilin səviyyəsinin aşağı olduğuna bariz nümunədir. 44 gün ərzində 20% torpaqlarını geri qaytarıb, hətta tarixi zərurət olsaydı, Qərbi Azərbaycanı da geri qaytara biləcək bir toplumun özünü belə kiçiltməsini bir kulturoloq olaraq anlaya bilmirəm. Məsələn, münsiflər heyətinə daxil edilməyən, mərhum sənətkar Canəli Əkbərov Qarabağ muğam qruplaşmasına qarşı etirazını bildirən kimi qarabağlılar onun üstünə düşdü. Bu gün də muğamla bağlı bir söz deyiləndə qarabağlılar “muğam bizimdir, muğam yalnız Qarabağdadır, o avazı almaq üçün mütləq qarabağlı olmalısan” deyə adamın üstünə düşürlər. Yaxud da Borçalı, Tovuz, Qazax zonalarının aşıq sənətinin nümayəndələri ilə Şirvan aşıq sənətinin davamçıları arasında bir “müharibə” gedir. Bir naxçıvanlı meyxana deyən kimi bakılılar onun üstünə düşür. Bu utancgətirici bir haldır. İndiki gənclər buna getməməlidir, yazıçılarımız, rejissorlarmız, hətta rəssamlarımız belə bu natamamlıq kompleksindən cana gəlib. Qarşıdurma yaxşıdır, amma bunu yerliçiliyə, bölgəçiliyə çevirmək olmaz. Damarında Azərbaycan qanı olan, Qarabağda vuruşmuş xalqın nümayəndəsi bütün bunları özününkü hesab etməlidir. Hansısa bir tənqidi fikir səslənəndə həmin sənətin böhranı haqqında fikirləşmək lazımdır”.
Bahar Rustəmli

