Cəmiyyət düzəlməsə, onlar da düzəlməyəcək! – YYSİB sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov kimləri və hansı TV-ləri hədəf aldı?

Azərbaycanda televiziya verilişləri tez-tez tənqid olunur və müxtəlif dairələrin qınağına məruz qalır. Tamaşaçılar efirlərdəki məzmunun səviyyəsizliyindən, maarifləndirici və ciddi proqramların azlığından şikayət edirlər.

Bəs günah kimdədir – televiziyalarda, yoxsa cəmiyyətdə? Bir tərəfdən, telekanallar daha çox reytinq qazanmaq üçün kütlənin tələbinə uyğun məzmun hazırlayır, digər tərəfdən isə cəmiyyətin maarifləndirici proqramlara marağı olduqca azdır. Cəmiyyətin mədəni səviyyəsi yüksəlmədikcə, televiziyalardan yüksək keyfiyyətli məzmun tələb etmək nə qədər məntiqlidir?

Bununla bağlı Yenisabah.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov bir sıra vacib detallara toxunub:

“21-ci əsrdə dünyanın axarına qoşulan texnologiyalardan biri də radio və televiziya idi. Mətbuatdan sonra geniş kütlələrə informasiyanı daşımaq onları maarifləndirmək, eyni zamanda əyləndirmək, müxtəlif ictimai-siyasi, sosial, məişət problemlərini müzakirə etmək məhz televiziyaların öhdəsinə düşüb. Hansı cəmiyyətdə televiziyanın bu missiyasını anladılar, orada sürətli inkişaf başladı. Amerika, Avropa, keçmiş SSRİ ölkələrində televiziyalarda göstərilən materialların səviyyəsi, göstərilən materialların keyfiyyəti, demokratik dəyərlərə önəm verilməsi, estetik normalara əməl edilməsini analiz etsək görəcəyik ki, efirdəki proqramların həmin ölkələrin bir cəmiyyət kimi formalaşmasında çox böyük rolu var. Təəssüflər olsun ki, Azərbaycanda istər sovet dövründə, istərsə də indiki vaxtda biz bu təsiri çox az görürük. Ölkəmizdə  bu sahə biznes strukturuna çevrilib. Əslində dünyada da belədir. Amma dünya ölkələrində ictimai televiziya, dövlət televiziyası, özəl televiziyalar, eyni zamanda  kommersiya xarakterli telekanallar və sarı, əyləncə dünyasını əhatə edən telekanalların sayı həddən artıq çoxdur. Onlar bir-birindən ayrılıblar, tamaşaçı auditoriyaları fərqlidir.  Bir çox kanallar qapalı, pulludur. Hər kəs baxıb ondan yararlana bilmir. Bizdə isə elə bil ki, hamısı bir-birinə qarışıb. Sarı verilişlər, ciddi efirlər, xəbərlər proqramı, maarifləndirici verilişlər hamısı bütün kanalların efir gündəmində yer alır. İctimai tələbat nədirsə, televiziyalar da ona əməl edir, özlərindən “Amerika açmağı” xoşlamırlar. Vaxtilə Rusiya, Avropa, xüsusilə də Amerika teleməhsullarının efirlərimizə gətirilməsinin qəti əleyhinə idik. Baxmayaraq ki, onlar rəqabət mühiti baxımından vacib idi. Bizimkilər də öyrənməyə başlayırdı. Lakin artıq hər bir telekanalın işçi heyəti, texnikası var və hər biri efir mədəniyyətinə malikdir”. 

Ekspert qeyd edib ki, Azərbaycan televiziyasında tamaşaçı tələbini və telekanal mədəniyyətini nəzərə almaqla çox ciddi verilişlər tələb edirik:

“Mədəniyyət kanalımızda yayımlanan verilişlər var ki, ya onların keyfiyyəti yerində deyil, ya da cəmiyyətin səviyyəsi o qədər yüksək deyil ki, onlara kütləvi baxış yoxdur. Hər kəs şikayətlənir ki, efirlərdə səviyyəsizlik nümayiş olunur. Biz ki Ermənistan, Rusiya, Əfqanıstan yox, məhz Azərbaycan cəmiyyəti və burada baş verən hadisələr haqqında verilişlər hazırlayırıq. Əgər ictimai tələbat bu verilişlər üzrədirsə, sözsüz ki, televiziyalar da həmin materialları ön plana çıxarırlar. Həmin verilişlər reytinq qazanır və o kanallara reklamçılar reklam verirlər. Cəmiyyət düzəlməzsə, telekanallarda tənqid edilən cəhətlər də düzəlməyəcək”. 

Aytac Şahin

https://yenisabah.az/cemiyyet-duzelmese-onlar-da-duzelmeyecek

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir