Xarici dildə təhsil insanı milli mənlikdən uzaq salırmı? – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan təhlil və açıqlamalar
Uşaqların xarici dildə təhsil alması onların milli mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin tərbiyəsinə mənfi təsir göstərirmi? Uşaqların xarici dildə təhsil alması ilə milli mədəniyyətin qorunması arasında balans saxlaya bilmək üçün hansı üsullardan yararlanmaq olar? Yəni xarici dildə təhsil alan uşaqların milli mədəniyyətə yadırğamaması üçün nə etmək gərəkdir – istər təhsil ocağında, istəsə də ailədə?
Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, uzun müddətdir bu məsələ ilə əlaqədar həm Azərbaycan cəmiyyətində, həm digər xalqların, millətlərin arasında çox böyük mübahisələr gedir: “Orta əsrlərdə əsasən ərəb, fars dillərində yazmış filosoflarımız, ədiblərimiz, Xaqani, Nizami, Füzuli, Nəsimi, Xətai, sonralar ədəbiyyatımızın formalaşmasında mühüm rol oynamış rusdilli müəlliflər – Aleksandr Puşkin, Fyodor Dostoyevski, Lev Tolstoy, İvan Turgenev olmasaydı, bizim milli mədəniyyətimiz, söz sənətimiz lazımi qədər inkişaf edərdimi? Yaxud o xalqların mədəniyyətləri, ədəbiyyatları, elmi düşüncəsi inkişaf edərdimi? Bu bir qədər mübahisəli məsələdir. Dünya ədəbiyyatında, mədəniyyətində və elm tarixində iki, hətta üç dilli mütəfəkkirlərin sayı həddindən artıq çoxdur. Yəni etnik cəhətdən bir xalqın nümayəndəsidir, amma tamam başqa xalqın dilində yazıb yaradır. Məsələn, İohann Volfqanq Höte, Frans Kafka yəhudidir, amma alman dilində yazıblar. Bunun kimi çox misal gətirə bilərik”.
Aydın Xan Əbilov hesab edir ki, biz tarixi faktı nəzərə almalıyıq: “Orta əsrlərdə elm dili ərəb dili, poeziya dili fars dili idi. Daha əvvəlki dövrdə isə elm dili yunan dili olub. Ona görə başqa, xüsusilə kiçik xalqların nümayəndələri də iri əsərlərini dünyanın aparıcı dillərində yazıblar. Ancaq zaman çox sürətlə dəyişib və xeyli xalqın öz dilində elmi, təhsili, söz sənəti yaranıb”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.
https://medianews.az/2025/03/24/xarici-dilde-tehsil-insani-milli-menlikden-uzaq-salirmi-tehlil