Cəlilabadda ədəbiyyat – kitab, düşüncə bayramı: YYSİB Hacı Qəni Camalzadə yaradıcılığını təbliğ edir
Yanvarın 28-də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin, eləcə də Cəlilabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə, Rayonun Heydər Əliyev Mərkəzində YYSİB Ekspertlər Şurasınin üzvü, çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, l Qarabağa müharibəsi veteranı, tarixi romanlar, çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadənin yaradıcılığına həsr olunmuş ədəbi tədbir keçirildi.

Bakıdan gələn qonaqlarla görüşdə yazıçının 15 cilldən ibarət “Seçilmiş əsərləri’nin ilk 6 cildinin təqdimat mərasimi də baş tutdu.
Səmimi şəraitdə keçən görüşdə başda şəhid ailələri olmaqla, tanınmış yazıçı və şairlərdən YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, folklorşünas-alim Bilal Alarlı, Ədalət Salman, Gülbala Teymur, Şahin Həmidli, Ruhiyyə Abbaszadə maraqlı çıxışları etdilər.
Rayon ziyalıları və oxucuların da qatıldığı tədbir istedadlı kitabxanaçı Müşahidə xanım Nərimanovanın aparıcılığı ilə yaddaşlara həkk olundu.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsisçisi/sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elekteon Kitabxana portalının təsisçisi/baş redaktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov öz geniş çıxışında romanları xaricdə çap olunan, 15 kitab müəllifi Hacı Qəni Camalzadənin yaradıcılığını yüksək qiymətləndirdi, onun məziyyətlərindən danışdı.

Sonra yazıçı haqqında sənədli film nümayiş olundu.
Tədbir iştirakçıları, yazıçıya xoş arzularını bildirərək həyat və yaradıcılığında uğurlar arzuladılar.
Xatırladaq ki, Hacı Qəni Camalzadənin əsərləri Azərbaycanda tanınmaqla yanaşı, bir çox xarici dillərdə tərcümə olunaraq, Amerika və digər ölkələrdə dərc olunmuşdur.
Geniş müzakirə formasında keçən tədbirin iştirakçıları Hacı Qəni Camalzadəni həm öz adımdan, həm qələm dostlarım adından bir daha təbrik edir, ona daha uca-uca ədəbi zirvələri fəth etməyi arzuladilar, məclisin sonunda xatirə fotoları çəkildi.

#YYSİB

