Məhsuldar yazıçı Dərya Qılıc (Nailə Qılıcova) yeni kitabları: ənənəvi nəşrlər, audiokitablar və yeni elektron nəşr
İstedadlı yazıçı-publisist, tanınmış ziyalı Dərya Qılıc (Qılıcova Nailə Bahadır qızı) fəal bədii yaradıcılıqla məşğul olur, eyni zamanda ədəbi-sənət eksperimentləri ilə oxuyucularını, izləyicilərini maraqlandırmağı bacarır. Yazıçının indiyə qədər nəşr olunmuş bədii nəsr əsərlərindən – romanlar, povestlər, hekayələrdən ibarət 10 kitabı ilə yanaşı çoxsaylı səsli – audiokitabı ədəbiyyatsevərlərin müzakirəsinə verilib.

Bu günlərdə isə yazıçının yaradıcılıq uğurlarına biri də əlavə olunub. Belə ki, onun “Qəmli səadət” kitabı elektron nəşr formasında hazırlanaraq yeni nəsil sənətsevərlərin ixtiyarına buraxılıb. Nəşr ölkəmizin tanınmış elektron-ədəbiyyat resursu – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalı tərəfindən rəqəmsallaşdırılaraq yayımlanır.
Xatıradaq ki, Dərya Qılıc (Nailə Bahadır qızı Qılıcova ) 1958-ci il dekabrın 31-də Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub. AYB-nin və AJB-nin üzvüdür. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, “Cinayət və məhəbbət“, “Kəhrəba bıçaq”, “Povest və hekayələr “, “Uşaq hekayələri” kitablarının müəllifidir. Müəllifin indiyə qədər dörd romanı audiokitab formatında işıq üzü görüb.
Elektron kitabla bu keçid vasitəsi ilə tanış ola bilərsiz:
https://kitabxana.net/book.php?id=5208
Yazıçı Nailə Qılıcova yeni kitablarını təqdim etdi (2021)
“Azərkitab” kitab mərkəzində (2021-ci ildə ) tanınmış yazıçı-publisit, ziyalı xanım Dərya Qılıcın (Qılıcova Nailə Bahadır qızı) yeni kitablarının təqdimat mərasimi olub.

Mərasimdə yazıçılar, ziyalılar, ictimaiyyət nümayəndələri həmçinin jurnalistlər iştirak ediblər. Qeyd olunub ki, Dərya Qılıc bu gün oxucularının ixtiyarına 10 yeni kitabla gəlib. Müəllif öz kitablarında uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən sujetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır.
Bildirilib ki, bu gün təqdim olunan kitablardan biri də “Tale yolları” adlı kitabdır. Kitabda Xocalı şəhərinin işğalından bəhs edilir. Müəllif Azərbaycan xalqının qan yaddaşında heç vaxt silinməyəcək, bu qətilyanı soyqırımı ürək yanğısı ilə qələmə almışdır. Kitab işğalçı, acıgöz, qəddar, ermənilərin iki gəncin tale yoluna saldığı qara ləkədən söz açır. Daha sonra çıxış edən natiqlər yazıçının həyat fəaliyyətinə toxunublar, müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər.
Sonda Dərya Qılıc tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Azərbaycan həqiqətlərinin geniş oxucu kütləsinə çatdırılmasında, gənc nəslin milli təfəkkürünün formalaşmasında bundan sonra da əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı. Qeyd edək ki, Dərya Qılıc (Qılıcova Nailə Bahadır qızı) 1958-ci ilin dekabrın 31-də Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub.1985-ci ildən A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində müəllimə işləyib. AYB-nin üzvüdür. “Qızıl Qələm” Media Mükfatı laureatıdır.




