İctimai aktivist, blogger, istedadlı şair Ramal Əliyev haqqında yazı və yeni şeirləri

İctimai aktivist, blogger, şair…

İstedadlı şair-publisit, TV ekspert, ictimai aktivist, blogger, sahibkar Ramal Əhədulla oğlu Əliyev 1982-ci il iyulun 4-də Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. İlk təhsilini Həbib Bağırov adına  qəsəbə tam orta məktəbində alıb. 1999-cu ildə Bakı Avrasiya  Universitetinin (o zaman Ali Diplomatiya Kolleci adlanırdı) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 2003-cu ildə oranı uğurla bitirmiş, bakalavr dərəcəsini aldıqdan sonra Odlar Yurdu Universitetinin hüquq fakültəsində magistr təhsilini davam etdirmişdir. 2005-ci ildə akademik məzüniyyət göturərək Dövlət Sərhəd Xidmətinin Sahil Muhafizəsində həqiqi hərbi xidmət keçmişdir. 2007-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə magistratura təhsilini uğurla başa vurduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərində əmək fəaliyyətinə başlamışdır. “Surqutprod” və “Suzan” şirkətlərində müxtəlif vəzifələrdə çalışmış, sonralar özünün şəxsi biznesini qurmuşdur. Xaricdə 5 il uğurlu diaspor fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmağa çalışmışdır.

Azərbaycana qayıdandan sonra öz fərdi biznesini yaratmış, paralel olaraq ictimai işlərdə fəallıq göstərməyə başlamışdır. Tələbəlik illərində ictimai fəal kimi tanınan Ramal Əliyev paralel olaraq idmanın karate növləri ilə ciddi məşğul olmuş və respublika səviyyəsində müxtəlif yarışların əsas mükafatlarına layiq görülmüşdür. Hələ gənc yaşlarında bədii yaradıcılığa meyl göstərib. İstedadlı gənc olaraq  yazdığı lirik şeirlərlə dövri mətbuat səhifələrində vaxtaşırı çap olunmağa başlayıb. Hələ tələbəykən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Xarici əlaqələr şöbəsinin müdüri kimi mədəniyyətlə, ədəbiyyatla, incəsənətlə bağlı çoxsaylı tədbirlərin təşkilində birbaşa iştirak etmisdir. YYSİB-nin təşkilatçılığı ilə 13 dəfə keçirilən Bakı Kitab Bayramlarının əlaqələndiricisi kimi ictimai-mədəni aktivist olaraq hazırda təşkilatın sədr müavinidir.

Hazırda paralel olaraq Vətəndaş Cəmiyyəti Alyansının İdarə Heyətinin üzvü, Kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın Redaksiya Heyətinin məsul əməkdaşı, yenimedia.net və yenimediatv.az sosial-analitik portallarının rəhbərliyində təmsil olunur, “Hesabat” adlı İnternet TV-nin təsisçi və baş redaktordur. VCA və YYSİB kimi təşkilatların sıralarında peşəkarlaşmış ictimai fəal olaraq respublikamızın aparıcı televiziya kanallarında analitik-ekspert kimi ardıcıl olaraq çıxışlar edir, cəmiyyətimizin maariflənməsində, xüsusən də politologiya, geosiyasət, mədəniyyət, mənəviyyat, sosialogiya, ilahiyyat elminin və İslam bilgilərinin gənclərə çatdırılmasında xüsusi xidmətləri vardır. 2020-ci ilin Tovuz savaşı və II Qarabağ müharibəsi zamanı ictimaiyyətin nümayəndəsi olaraq Qarabağa tez-tez səfərlər etmiş, xeyriyyə aksiyaları keçirmiş, müxtəlif fondlara ianələr köçürmüş, hərbiçilərə maddi və mənıvi dəstək göstərmişdir.

Bir sıra təşkilatların mükafatları, diplomları, eləcə də Ədliyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Ramal Əliyevin həyatda devizi budur: “İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

İstedadlı şairin yenicə qələmə aldığı şeirləri oxucuların diqqətinə çatdırırq…

Qəlbim böyük bir qəbristanlıq…

Qəlbim böyük bir qəbristanlıq,
Orda hər cür məzara rast gələrsən…
Basdırıb baş daşlarını əbədi qoyduğum,
Bir zamanlar mənlə yaşayan ölülərə…

Bu könül qəbristanlığında,
Satqınlıqdan ölənlərin,
İftiradan ölənlərin,
Paxılıqdan ölənlərin
Qəbirlərinə də rast gələrsən…

Amma bu ürək qəbristanlığında,
Ən çox başdaşısn qoyduğum qəbrlər,
Xəyanətdən itirdiklərimdir…

Qəlbim böyük bir qəbristanlıqdır,
Ucu görünməyən, sahilsiz bir dəniz kimi…
Orda ən çox xəyanətdən ölənlər yatır…

07.01.2025

***

Son mənzilə yola sal

Ölürəm, can üstəyəm, tez gəl, bir az ləngimə,
Ölüm çöküb sinəmə, izhar olub rəngimə,
Heç olmazsa, son kərə görüşümə səngimə,
Gözlərimi sən bağla, son mənzilə yola sal.

Gözlərinə sürməyi taleyimdən sürt götür,
Qara bəxtim, yaylığın saçlarına ört götür,
Tabutumun əlindən aparmağa tut götür,
Gözlərimi sən bağla, son mənzilə yola sal.

Ölüm çöküb sinəmə son zəhəri verməyə,
Son dəfə gözlərimdə son kədəri görməyə,
Kövrəlib, boğazımda son qəhəri görməyə,
Gözlərimi sən bağla, son mənzilə yola sal.

Ayağımın izi də,qoy dünyadan silinsin,
Dostlar ağlayar mənə, qoy düşmənlər sevinsin,
Əllərim tam soyuyub, tut onları isinsin,
Gözlərimi sən bağla, son mənzilə yola sal.

Anam ağlasın mənə,səndə ağla canıma,
Daha dünyada yoxam, daha məni tanıma
Sənli xatirələri dəfn etməyə yanıma
Gözlərimi sən bağla, son mənzilə yola sal.

17.12.2024

***

Vaxtıdır…

Hardan hara gəldik, uca Allahım,
Qartalın quzğuna dönən vaxtına.
Bu necə dövrandır, necə Allahım,
Abidin azğına dönən vaxtına.

Oğlanlar qaşını aldırıb gedən,
Qızlar öz abırını saldırıb gedən,
Analar saçlarını yoldurub gedən,
Övladın ataya söyən vaxtına.

Kişinin verdiyi sözün dəyişən,
Ağzını, burnunu, üzün dəyişən,
Mənliyin dəyişən, özün dəyişən,
Ərənin zənənə dönən vaxtına.

İnsandan imanı satın almağın,
Şərləyib əlindən atın almağın,
Sümüyün saxlayıb ətin almağın,
Kasıbın çırağı sönən vaxtına.

İtinin anqırıb, eşşəyi hürən,
Böyüyü ağlayıb, uşağı gülən,
Həyatı Allahsız, boşuna sürən,
Mənasız yaşayıb ölən vaxtına.

Yaltağı sahibi yuxarı başın,
Yad olub elə bil qohum-qardaşın,
Sirrini verməyə yoxdur sirdaşın,
Sirriylə insanın ölən vaxtına.

Aslanı tülkünün önündə əsən,
İgidi, ərəni xanımdan küsən,
Xəzrisi dağların üstündən əsən,
Hər şeyin tərsinə gedən vaxtına.

Bakı, 13.01.2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir