Bir tarixi fotonun izi ilə. ,air-araşdırmaçı Xatirə Xatunun kulturoloji araşdırması. I hissə

Hər bir insan həyatında iz buraxır. Kimi böyük işləri ilə, kimi isə kiçik, lakin dərin xatirələri ilə yadda qalır.İnsanlar bəzən düşünürlər ki, yadda qalmaq üçün böyük uğurlar qazanmaq lazımdır. Amma bu heç də belə deyil: insanın yadda qalması üçün ürəklərə toxunması, özünə orda yer eləməsi yetərlidir .Və məhz bu cür insanlar çoxları üçün əsl məktəb ola bilər. adətən, sakit, təvazökar həyat tərzi sürsələrdə, onların hər günü hikmət və mənəviyyat dolu olur. Bu insanlar heç bir təmtəraq göstərmədən, sadəcə insanlıq nümunəsi kimi payına düşən ömrü yaşayıb gedir…

Onlar başqalarına fədakarlıq etməyi öyrədir. Onların hər bir sözü və hərəkəti xeyirxahlıq toxumu kimi cücərir. Bəlkə də indi onlardan kimsə qonşu uşaqlarına nağıl danışır, həyətində çiçək yetişdirir, hardansa azıb gələn pişik balalarını yemləyir… Amma bu sadə əməllərdə çox dərin mənalar gizlidir. Və başa düşürsən ki, həyatda həqiqətən qiymətli olan şeylər pulla, ya da mənsəblə ölçülmür, həqiqi zənginlik insanın daxilindədir. Biz bu insanları unutmamalıyıq, çünki onların həyat hekayəsi bizim üçün bir yola çevrilir.

Bu yazıda sizi onlardan biri ilə – Lənkəranın Kiçik Bazar məhəlləsindən olan Məhbubə xanımın həyat yolu ilə tanış edəcəyik. Kiçik Bazar Lənkəranın özünə məxsus adətləri, dəyərləri və tabuları olan qədim bir məhəlləsidir. Zəhmətkeş, dürüst , baməzə insanları və onların haqqında indi də dillərdə dolaşan hekayətləri ilə bu qədim və tarixi məhəllə həmişə bir addım öndə olub. Bu gün haqqında sizə danışmaq istədiyim Məhbubə xanım da 1910-cu ildə bu məhəllədə fəhlə Rza kişinin çoxuşaqlı ailəsində dünyaya gəlib, onun kasıb komasında böyüyüb boya -başa çatıb. Təhsil almasa da açıq gözlü, aydın fikirli biri kimi yetişib .Gənclik çağına dolanda sevdiyi Əhmədə qoşulub qaçıb.Bu izdivacın da maraqlı bir tarixçəsi var. Qoşulub qaçma hadisəsindən bir gün qabaq Əhməd Məhbubənin qardaşı Məmmədrzaya: “Bacını qaçıracam”,- deyə yarızarafat-yarıgerçək eşitdirib. Bunu ciddi qəbul etməyən qardaş da elə o tərzdə: “O sənin başın üçün deyil,-deyə cavab verib. Aşıq gənc özünə inamlı şəkildə “görərsən”, – deyərək ayrılıb. Bir gün sonra isə Əhmədin Məhbubəni qaçırması xəbəri bütün Kiçik Bazara yayılıb. Bunu həzm edə bilməyən Məmmədrza bacısını və yeznəsini uzun müddət danışdırmayıb. Sevdiyi Əhmədlə izdivacdan 3 qızı bir oğlu dünyaya gəlib.İndi onların heç biri həyatda yoxdu.

Məhbubə xanımın gəlini, 2005-ci ildə dünyasının dəyişən Əlisa dayının həyat yoldaşı Məşədi Zeynəb xanımla söhbətləşirik. Ağırbaşlı, müdrik bir ağbirçək olan Zeynəb xanım qaynanası haqqında bunları deyir: -1973-cü ildə Biləsuvardan Lənkərana gəlin gəlmişəm. Əlbəttə ki, adət-ənənə, mətbəx və sair bu kimi fərqlərlə qarşılaşdım. Qaynanam Məhbubə xanımla çox qısa müddət -cəmi iki il bir yerdə yaşadıq. Bir dəfə də olsun xətrimə dəymədi, aramızda söz-söhbət olmadı. Mən onu həmişə böyük kimi bilmişəm, o da böyük kimi həmişə mənə yol göstərib , nəyi necə etməyi öyrədib.Nəvələrini çox sevərdi. Elə həmişə deyərdi ki, sizə qurban olum…Bunları deyib gözləri yol çəkir Zeynəb ananın… Təxmin edirəm nəyi, nələri xatırlayır. Bura gəlməzdən əvvəl Məhbubə xanımın başına gələnlərlə az-çox tanış idim. Kiçik Bazarın yaşlı nəslindən kimi dindirsən, onun haqqında çox maraqlı şeylər danışar. Elə cavanlar da böyüklərdən eşitdiklərini yadda saxlayıblar. Onlardan biri – Əlisa dayının, Məşədi Zeynəb xanımın oğlu, babası Əhmədin adını daşıyan Kərbəlayi Əhmədlə söhbətdə bunun şahidi oldum. -Nənəm çox baməzə, açıq sözlü, cəsarətli biri idi. Həddən artıq da zarafatcıl idi və deyim ki belə şeylər o vaxt hər qadında olmazdı. Vəziyyətdən anında çıxmağı, qarşısındakına görə danışmağı çox gözəl bacarırdı.Uşaq idim, danışırdılar ki, bir dəfə xəstələnib, Bakıda xəstəxanada yatırmış. Amma orda da zarafatından qalmırmış. Palatadakılar onun zarafatlarından qəh-qəhə çəkib gülürmüş. Hətta o qədər ki, səsi- sorağı gedib qonşu palatalara çatıbmış. Qonşu palatada da kim yatsa yaxşıdı? Xalq artisti Nəsibə Zeynalova! Məşhur gülüş ustası bu şən, əhvallı xanımı tanımaq istəyib və tanıyıb da. Bir xeyli söhbətdən, qarşılıqlı zarafatlaşmadan sonra Nəsibə Zeynalova Məhbubə xanıma bunları deyib : “Sən əgər aktrisa olsaydın , Azərbaycanın nömrə bir gülüş ustası olardın, mən məmnuniyyətlə bu yeri sənə verərdim”.

Əlbəttə ki, bu, böyük dəyər idi. Amma Məhbubə xanım aktrisa olmağı heç vaxt ağlının ucundan belə keçirməmişdi. Lənkəranda “Qızlar detdomu” adı ilə tanınan uşaq evində dayə işləmişdi. Burda məskunlaşan qızlara ana, nənə qayğısı ilə yanaşar, üzərinə düşən vəzifə borcundan da əlavə olaraq onlara biş-düş, paltar yumaq (o vaxt hər evdə paltaryuyan maşın kimi rahat məişət texnikası olmadığından camaşırlar əl ilə yuyulardı. – red X.X), ev işləri öyrədərmiş.

Təəssüf ki , o vaxt uşaq evində tərbiyə alan qızlardan heç kimə əlim çatmadı, kim bilir, onlarda necə maraqlı xatirələr vardı… Xatirələr demişkən, elə bu yazının yazılmasına səbəb də sorağı Sankt-Peterburqda yerləşən, dünyaca məşhur Ermitaj muzeyindən gələn bir şəkil oldu. Orta yaşlı, boynu-boğazı, üstü qır-qızıllı, hər biri bir sənət əsəri bahalı zinət əşyaları göz oxşayan bu kübar görünüşlü,əsalətli baxışlı , zadəgan ədalı azərbaycanlı xanımın fotosu Ermitajı ziyarət edənlırin diqqətin çəkməklə qalmadı, sosial şəbəkələrə də yayıldı.Hər kəs onun kimliyi ilə maraqlandı.

Elə biz də …Və burdan yola çıxdıq… Və biləndə ki, bu fotodakı heç də kübar, zəngin xanımlarına xas olan ədalı-nazlı biri deyil, qız detdomunda ( qoy yerli camaatın təbirincə deyim) dayə işləyən sadə, zəhmətkeş, fədakar Məhbubə xanımdı, foto daha çox maraq oyatdı. Uşaq evinə təsadüfən gələn bir fotoqraf Məhbubə xanımın fakturasının əsl azərbaycanlı xanım obrazına çox uyğun gəldiyinin fərqinə varıb. Şəklini çəkmək üçün xanımı Bakıya dəvət ediblər və bu işdə nəslin ağsaqqalı, ziyalısı, Əhməd kişinin əmisi oğlu Yədulla müəllim qabağa düşüb. Məhbubə xanımın üst-başındakı zinət əşyaları isə özünün olmasa da, hamısı xalis qızıldan və əsasən Talış mahalına məxsus zərgərlik nümunələridir. Yəni Məhbubə xanım əslində XIX əsr Azərbaycan qadını obrazını yaratsa da, üstündəki zinət əşyalarının böyük əksəriyyəti talış zərgərlik nümunələridir. Bir az da bu zinət əşyalarından danışaq.

1. Dörddüymə adlanan Talış sırğası Talış bölgəsinə məxsus ənənəvi zərgərlik məmulatlarından biridir. Bu sırğalar, adətən, xüsusi günlərdə və toy mərasimlərində taxılırdı. Dörddüymə sırğası Talış xalqının zərgərlik ənənələrinin parlaq nümunəsidir və Azərbaycanın mədəni irsi baxımından böyük dəyərə malikdir.

2. Quranqabı- demək olar ki, bütün imkanlı talış xanımlarının olub. Nənəmin və onun da bacılarının olub deyə , ordan bilirəm. Quranqabı Azərbaycanın Talış bölgəsinə və ümumiyyətlə Qafqazın müsəlman icmalarına xas olan unikal zərgərlik nümunəsidir.Quranqabı sahibini mənəvi və fiziki təhlükələrdən qorumaq üçün taxılırdı. Bu, həm də Allahın qorumasını simvolizə edir.Toy və digər mərasimlərdə, Quranqabı xüsusilə diqqətçəkən aksessuar olaraq istifadə olunurdu.Talış bölgəsində bu boyunbağı bərəkət və ailə harmoniyasını təmin etmək üçün bir talisman rolunu da oynayırdı.

3.Ürəkdaxıl boyunbağı Talış bölgəsinin zərgərlik sənətində xüsusi yer tutan, dərin mənəvi məna daşıyan ənənəvi bir aksesuardır. Bu boyunbağı həm zərgərlik məmulatı, həm də qoruyucu simvol kimi istifadə olunurdu. Boyunbağının mərkəzində (daxıl) olurdu ki, bura dua, Quran ayələri və s. mənəvi əhəmiyyətli şeylər yerləşdirilirdi ki, bunlar da mənəvi sığınacaq kimi qəbul olunurdu .Ürək forması sevgi, bağlılıq , ailə birliyi simvolu idi.Üzərində firuzə, əqiq və ya yaqut istifadə olunurdu və çiçək motivləri, dini simvollar və ya həndəsi ornamentlərlə zənginləşdirilirdi. Ürəkdaxıl sahibini mənəvi və fiziki təhlükələrdən qorumaq məqsədi ilə , daha çox toy və digər mühüm mərasimlərdə taxılırdı. Ürəkdaxıl boyunbağı Azərbaycan xalqının incə zövqünü, dini və mədəni ənənələrə bağlılığını əks etdirir.

4. Şəbəkə boyunbağı Azərbaycanın zərgərlik ənənələrinin incəlik və yüksək sənətkarlıq nümunəsidir. Bu boyunbaqılar qadınların milli geyim dəstini tamamlayaraq həm estetik, həm də simvolik baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ənənəvi zərgərlik sənətində xüsusi yer tutan və mürəkkəb dizaynı ilə seçilən bir bəzəkdir. Zərgərlik ustalarının yüksək peşəkarlığını tələb edən bu boyunbağı, həm gündəlik istifadədə, həm də xüsusi mərasimlərdə qadınların zərifliyini vurğulayan unikal aksesuardır.Boyunbağı qadın zərifliyinin və incəliyinin ifadəsi hesab olunur. Şəbəkə boyunbağı gəlin bəzəyinin ayrılmaz hissəsi idi.

5.Həsiri qolbaq Talış zərgərlik sənətinin ənənəvi və unikal nümunələrindən biridir. Bu qolbaq incə əl işinin nəticəsidir və sahibinin incə zövqünü və yerli ənənələrə bağlılığını ifadə edirdi.Toxuma texnikası birliyi və gücü simvolizə edirdi, çünki hər bir detal bütövlük yaratmaq üçün bir-birinə bağlıdır.Həsiri qolbaqlar gündəlik istifadə üçün rahat idi, lakin eyni zamanda bayram və mərasimlərdə də göz oxşayan aksesuar kimi taxılırdı.

6.Silsilə alın bəzəyi Talış və Azərbaycanın digər bölgələrində qadınların ənənəvi zərgərlik aksessuarlarından biri olub qədim zərgərlik sənətinin incə nümunəsidir. Bu bəzək qadınların alın hissəsinə taxılır və xüsusi zərifliyi ilə diqqət çəkir. Toy mərasimləri, bayramlar və digər xüsusi günlərdə geniş istifadə olunurdu. Əsasən qızıldan hazırlanır, firuzə, əqiq, yaqut və digər qiymətli daşlar, incə naxışlarla bəzədilirdi. Silsilə qadın gözəlliyini vurğulamaq , onun zərifliyini ifadə etmək və bədnəzərdən qorumaq üçün nəzərdə tutulmuşdu.

7.Ayulduz boyunbağı Azərbaycan və Talış zərgərlik sənətinin simvolik nümunələrindən biridir. Bu boyunbağı, üzərində aypara və ulduz simvollarını birləşdirən dizaynı ilə diqqət çəkir və əsasən milli və dini inancları təcəssüm etdirir.Bu simvollar Azərbaycan və İslam mədəniyyətində mühüm yer tutur. Aypara İslamın rəmzi, ulduz isə işıq və ümidin simvoludur.

P.S. Ardı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir