Anardan Firuzə Məmmədliyə doğum günü təbriki. Görkəmli şair və alim yaradıcılığına həsr olunmuş məqalələr. Yeni şeirləri
Anardan Firuzə Məmmədliyə doğum günü təbriki
Hörmətli Firuzə xanım!
Ad gününüz və yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bugünkü ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri, görkəmli şairəsiniz. Vaxtilə tərtib etdiyim “Min beş yüz ilin oğuz şeiri” antolojisində yer alan şeirinizi unutmuram. Başqa gözəl şeirlərinizlə bir sırada bu şeir də sizin vətəndaşlıq qayənizin bariz örnəyidir:
Nə yatmısan bu torpağa baş qoyub,
Qalx, əlinin qabarını ovuşdur.
Bu divara kim bir xırda daş qoyub,
Azadlığın qalasına qovuşub.
Ağlamasın səsindəki inilti,
Ağlamasın üzündəki cəsarət.
Bu dünyada milyon ildi, min ildi
Azadlıq var, qollarında əsarət.
Yurdumuzda “azadlığın” qollarında əsarət olan zamanlarda, çox gənc yaşlarında Firuzə “Vahid Azərbaycan” uğrunda mübarizəyə qatılır və bunun ağır bədəlini ödəməli olur. Amma ömrü boyu bu gənclik ideallarına sadiq qalır. İstər Naxçıvanda Pedaqoji İnstitutun filialında, istər Bakıda həmin institutun dosenti kimi çalışarkən Firuzə xanım gənc nəsillərə azadlıq yolunun maariflənməkdən, savadlanmaqdan keçdiyini təlqin edir. Azadlıq mücahidlərindən nakam taleli Yusif Vəzir Çəmənzəminli haqqında elmi iş yazarkən də, çoxcildliklərində toplanmış lirik şeirlərini, poemalarını yaradarkən də Firuzə Məmmədli ədəbiyyatımıza təmənnasız xidmət edir. Türkiyədə və Azərbaycanda mükafatlara layiq görülmüş Firuzə xanımın əsərləri neçə-neçə dillərə də çevrilmişdir.
Həm fəal ədəbi yaradıcılığının dəyərlərinə görə, həm təvazökar, qayğıkeş davranışına görə, həm Yazıçılar Birliyi Həmkarlar təşkilatının sədri kimi səmərəli fəaliyyətinə görə Firuzə xanım ədəbi ictimaiyyətin böyük rəğbətini qazanmışdır. 2019-cu ildə Firuzə Məmmədli Yazıçılar Birliyinin Nəsimi mükafatına layiq görüldü, amma Firuzə xanımın ən böyük mükafatı onun poeziyasının oxucular tərəfindən sevilməsi və yüksək qiymətləndirilməsidir.
Əziz Firuzə xanım! Arzu edirəm ki, hələ çox-çox illər gözəl şeirlərinizlə, elmi araşdırmanızla, mehriban rəftarınızla hamımızı sevindirəsiniz.
Hörmətlə…
Anar
Firuzə Məmmədli: Şair ömrü – tənhalığın metaforası – Rüstəm KAMAL
Görkəmli şairimiz Firuzə Məmmədlinin yubileyi (bunu mənə əziz dostum Azər Turan xatırlatdı) elə yerdə məni yaxaladı ki, həmin məqamda şairin kitabları əlimin altında deyildi. Yaxşı ki, “Azərbaycan” jurnalının 9-cu sayında (2024) Firuzə xanımın silsilə şeirləri çıxmışdı – dadıma çatdı. Bu kiçik qeydlər həmin mətnlər, bir də yaddaşının küncündə qalmış bir neçə misra əsasında yazılıb.
Şübhəsiz, hər bir şairin ədəbiyyatda yerini Zaman müəyyənləşdirir. Amma mənim içimdə artıq çoxdan Firuzə xanımın bir şair obrazı formalaşıb. Bir-birimizi yaxından tanısaq da, aramızda ciddi elmi mükalimə yaradıcılıq təması, müzakirə-filan olmayıb. Ona görə də bu yazıda Firuzə Məmmədli obrazı subyektiv müşahidələrimə əsaslanır. Bəzən mənə elə gəlib ki, Firuzə xanım zamanədən, ömürdən-gündən, taleyindən şikayətlənəndə, giley-güzar edəndə susaraq söyləyib, sadəcə özünə danışıb yazı (şeirlər) sadəcə bunun dəlil-sübut işarələridir – “dərdin heroqlifləridir”.
Yadlara meyli yoxdu,
Doğmalara həniri.
Daha yol da gözlənir,
Öz ömrünü gəmirir…
Susmağı bacaran şair heç vaxt yersiz pafosa yol verməz. Hətta vətənpərvərlik mövzusunda, çağırış ruhlu şeirlərində belə sakit, həzin intonasiyanı eşidirsən. Azərbaycan poeziyasında qadın şairlərimizin (Məhsəti, Natəvan, Ağabəyim, Aşıq Pəri, M.Dilbazi, N.Rəfibəyli, M.Gülgün…) hər biri dərdini bir cür söyləyib. Yalnız deyim tərzi, intonasiyası ilə deyil, dərdin miqyası ilə fərqləniblər. Və “dərd” sözü F.Məmmədlinin ömür və şeir məkanını elə zəbt edir ki, daha “dərd”in təzadına – “sevinc”ə qətiyyən yer qalmır…
İçində sevinc adda
Qığılcım da yoxdu ta.
Söz adında qalxanı,
Qılıncı da yoxdu ta.
Amma hardasa, ömür döngəsinin sonunda bir ümid şamının da yanacağına inamını itirmir.
Mən aza bilməzdim vaxt itkisində,
Açılar baxtıma qapım yenidən.
Firuzə xanımın ömür fəlsəfəsində və poetik lüğətində “bəxt” sözü işlək sözlərdən biridir. “Bəxt” sözü özündə “zaman”, “ömür”, “dəyər”, “sevinc”, “uğur” mənalarını ehtiva edə bilir.
Yazılan bəxt deyil, vaxta ölçüdür,
Yazılır-pozulur məndən uzaqda.
Yaxud:
Göynəyir ömrünün qubarı daha,
Bəxtinin göyündən enənin yoxmu?
Ya da:
Bəxt məni görməyə meyl etmir, meynim?
Dərdimi bölməyə meyl etmir, neynim?
Məni qadın şairlərin ata obrazına münasibəti həmişə maraqlandırır (bu, ayrıca araşdırma mövzusu da ola bilər). Klassik şairlərdə (Natəvan, Kəminə, Heyran xanım…) bu obrazın olmamasının ədəbi-estetik səbəbləri məlumdur. M.Dilbazidə ana obrazı daha üstündür. M.Gülgünün poetik xatirələrində ata obrazına inanmışam.
Firuzə Məmmədlinin bir gözəl şeiri var, atasının papağı haqqında. Papaq, sadəcə, etnoqrafik detal deyil. “Ata papağı” ömür hekayətinin baş personajı, mənəvi təkamülünün simvoludur.
Çəkildiyim küncdə
mən oturmuşdum,
bir də atamın papağı.
Mən yerdə oturmuşdum,
papaq döşəkçənin üstündə.
İstəyirdim, durub qaçam.
bağda tut çırpırdılar.
Həyətdə doşab bişirmək üçün
qazanlar asılmışdı
İstəyirdim, durum qaçam, –
papaq gözünü ağardırdı. …
Onda məni
atamın papağı
qoruyurdu.
sonra mən
atamın papağını
qorudum.
Firuzə xanımın şeirlərini “diri” saxlayan “metaforik damarıdır”. Cəsarətlə deyə bilərəm: Firuzə Məmmədli qadın şairlər arasında güclü metaforik hissiyyata malik azsaylı şairlərimizdən biridir. Metafora varsa, üslub da var. Onun metaforik həssaslığı mifoloji təfəkküründən gəlir. 85 yaşında yazdığı şeirlərində də metafora onun düşüncə tipi, poetik duyumunun “qrammatikası” kimi təzahür edir: “Yenə öz dərdimin izinə çıxdım”;
Yaxud:
Hər xatirə döngədə
Diz çökür ki, ağlasın…
O, sanki sevincin mahiyyətini özündə deyil, başqasında arayıb dərk edir. Onda “güzgü effekti” işləyir. Başqasının sevincində öz sevincini təsəvvür edir və yaşayır.
Təbəssüm gücünə, sevgi gücünə,
Tutaram özümü dost sevincinə.
Firuzə xanım öz ömrünü zaman hadisəsi kimi deyil, məkan kimi dərk edir. Ömür dost-düşmənin, yaxın-doğmaların, dərdin və sevincin, sözün məskunlaşdığı metaforik bir məkan kimi qavranılır. Doğma kəndin taleyi haqqında metaforik ümumiləşdirməyə diqqət yetirin. Təəssüf ki, yadımda bir bəndi qalıb:
Günəş tarlasında al günün altda
Yanırdı barmağı əl boyda kəndin.
Cəhənnəm saçırdı sünbül sığalı,
Xırmanı ac idi vəl boyda kəndin.
Şairin tənhalığı nəinki bütöv şeirini, hətta misralarının havasını, rüzgarını dəyişir – bunu onun şüuraltı məkan obrazlarından da görmək olar – “künc” obrazında. Ünlü fransız filosofu Q.Başlyar yazırdı ki, künc tənhalığın obrazıdır. Şeirlərindən örnəklər: “Küncdə qalıb təknə – tabaq kiflənib”; “Künc bucağı – əl havası”. Son şeirində də künc obrazı tənhalığını bizə işarə verir:
Düşüb bir gecənin rahat küncünə,
Qalxaram səhəri dadım yenidən.
Və biz də dua edirik: Firuzə xanım, yeni-yeni sabahlar üzünüzə açılsın!
Azərbaycan poeziyasının Firuzəsi – Vaqif YUSİFLİ
Çatdım sözün sahilinə,
Baxıb gördüm, dəryadı söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım sözün.
Nə sirr var, açdı, tökdü,
Mənə saldı mehrini də.
Əziz tutdu, mənə qızdı
İmzasını, möhrünü də.
Saydım, seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.
“Söz” adlı bu şeirin müəllifi “Azərbaycan poeziyasının Firuzəsi” adlandırdığım Firuzə Məmmədlidir. İlk şeiri – “Ay həkim” 1963-cü ildə doğulduğu Xaçmaz rayonunun “Dostluq” qəzetində dərc edilib. Və 63 ildir ki, Firuzə Məmmədlinin şeirləri neçə nəsil Azərbaycan oxucuları ilə dostluq edir, onların sevincinə şərik, kədərinə ortaq olur. Onun poeziyası müasir Azərbaycan ədəbiyyatının heç vaxt solmayan, daim yaşıl qalan budaqlarından biridir. Xalq yazıçısı Anar yazır: “Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərimizdəndir: bir az kövrəkdi, bir az həzindi, yeri gələndə bir az da sərtdi… Sözə həssaslıqla və məsuliyyətlə yanaşması, dilinin sadəliyi, gündəlik həyatın ən adi və ən müxtəlif faktlarında, hətta dərddə, ölümdə şeiriyyət tapmaq cəhdi də Firuzə Məmmədli imzasını imzalar içində fərqləndirir”.
Mərhum ədəbiyyatşünas Şamil Salmanov isə yazırdı: “Min, min beş yüz illik poeziyamızın mövcudluğu dövründə 3-4 şairə tapmaq olar ki, onların yazdıqları kişi nəhənglərinin yazdıqlarından heç də geri qalmayıb. … Uzun illər məktəbdə bizə iki şairə tanıtmışdılar: Nigar Rəfibəyli və Mirvarid Dilbazi. İndi şeirə çox istedadlı qadın şairlər gəlib. Onlardan biri də mən deyərdim, klassiki Firuzə Məmmədlidir”.
Filologiya elmləri doktoru Akif Hüseynli görün nə deyib: “Bir anlığa poeziyamızı Füzulisiz təsəvvür edin. Mümkün deyil. Çünki Füzuli poeziyamızın sütunu, bünövrəsidir. Mən Firuzə xanımı Füzuli ilə müqayisə etmirəm. Söhbət həqiqi poeziyaya aid olmaqdan gedir. Füzulu bulağının hələ də qaynamasından gedir. Şeir var, onu ürəklə oxuyursan, şeir də var ki, gözlə oxuyursan. Firuzə xanımın şeirləri ürəklə oxuduğum şeirlərdir”.
Firuzə Məmmədli… Müasir Azərbaycan poeziyasının aparıcı nümayəndələrindən biri. Şeirlərində gözəlliyin, həyat həqiqətlərinin, Vətən məhəbbətinin, incə və zərif duyğuların tərənnümçüsü. Təkcə şair kimi deyil, nasir və dilçi-alim kimi də tanınan, ədəbi gəncliyin dostu, yol göstərəni; fəal ictimaiyyətçi. Uzun illər təhsil aldığı Azərbaycan Pedaqoji Universitetinin müəllimi olmuş.
Firuzə xanımın istedadı çoxcəhətlidir, universaldır. Əvvəla, o, bir insan kimi, bir qadın kimi istedadlıdır, intellektual səviyyəsinə görə seçilir. İkincisi, Firuzə xanımın bu insanlıq istedadı onun məşğul olduğu sahələrin hər birində sənət istedadı şəklində təcəssüm olunur. Şair Firuzə Məmmədli, nasir Firuzə Məmmədli və dilçi-ədəbiyyatşünas Firuzə Məmmədliləri birləşdirən bütün cəhətlərin ortaq mərkəzi İnsan Firuzə Məmmədlidir. Ancaq mən Firuzə Məmmədli haqqında düşünəndə o insanlığın ən çox təcəssüm olunduğu Şair Firuzə Məmmədlini xatırlayıram.
Bu qeydlərimi qələmə alanda mən Firuzə xanımın çapdan çıxan əsərlərinin neçə cildini qarşıma qoydum. Amma söhbətimə o cildlərdən başlamaq istəmədim. Şairin “Sənin ömrün” və “Yetkinlik” adlı iki kitabını qarşıma qoydum. Bunlar səksəninci illərdə işıq üzü görüb. Həmin illərdə Firuzə xanım öz yaşıdları arasında seçilirdi. Amma səksəninci illərin Firuzəsi poeziyada cavan nəsillə orta nəslin birgə nümayəndəsi idi, 1982-ci ildə çapdan çıxan kitabında Firuzə xanım hələ cavan nəslin nümayəndəsi sayılırdı, “Yetkinlik” kitabında isə o, artıq orta nəslin nümayəndəsi idi. Amma hər iki kitabda F.Məmmədlinin poetik yaşı dəyişməmişdi. Onun şeirlərindən nikbinlik aşıb-daşırdı və bu, elə nikbinlik idi ki, səni də optimist olmağa, dünyada ancaq işığın ardına yüyürməyə çağırırdı.
Bu bağçanın mehi sərin,
şehi durudu.
Əyildim bir gülün dərim –
əlim qurudu.
Bu bağçanın gülü qönçə,
tülü zərifdi.
Örpəyini səhər öncə
bura səribdi.
Bu bağçanın barı şirin,
narı məzədi.
Elə gəzdin – qədəmlərin
bağı bəzədi.
Bu bağçanın gülü incə,
dili şirindi.
Dönüb baxdım – gül içində
yerin göründü.

Bu şeir Firuzənin 70-80-ci illərdə yazdığı ən gözəl şeirlərdən deyil, amma onun ruhunu ifadə edən şeirlərdən idi. O ruh yanaşdığı hər şeydə bir işıq, bir gözəllik arayırdı. Elə düşünməyin ki, Firuzə xanım sovet dövrünün romantikasından təsirlənirdi və “dəstədən geridə qalmamaq üçün” işıqlı şeirlər yazırdı. Belə deyil. Bunun səbəbi Firuzə xanımın öz içindəki işığın – poetik işığın rəngindəydi, o rəng dünyanın gözəlliyini özündə əks etdirirdi. Bir başqa misal:
Bu gözəlin sevinc tutub gözünü,
Gül açıbdır yanağında gülüşü.
Yer bu qızın ayağından üzülüb,
Bu qız göyün sinəsində sürüşür.
Qollarından qanad açıb bu gözəl,
Hara süzür, hara uçur istəyir.
Çöhrəyə bax, Ayla, Günlə çəkişər,
Saçlara bax, Ayı, Günü gizləyir.
O buludlar topa-topa yundumu? –
Bu qız uçur – buludları daraya.
Alça gülü kəpənəyə döndümü? –
Uçub getdi oba-oba haraya.
Yazın günü çaşıb qaldı qaranquş,
Göyərçinlər heyrətindən ağardı:
Uçuşa bax! Elə bircə bu qalmış,
Heç olmasa, bizdən qanad alardı.
Bu şeirdəki nikbinlik, gözəlliyə, ülviliyə çağırış bir yana… onun bir şeir kimi gözəlliyinə nə söz… Mən zəriflərin poeziyasında çox zaman qəmin, kədərin ayaq tutub yeridiyini görmüşəm, göz yaşlarının səbəbli-səbəbsiz sel olub çaya axdığını izləmişəm, amma sevincin poeziyasını demək olar ki, hiss eləməmişəm. Firuzə xanımın o illərdəki şeirlərində dünya insanın üzünə gülümsəyir, gözəllik bütün cilvələriylə qarşında canlanır, sən bu səadətdən az qala başını itirirsən. Əgər o illərdə Firuzə xanım ancaq sevincdən yazsaydı, deyərdik ki, bu necə şairdi, ancaq işıqdan yazır, bəs həyatın, gerçəkliyin başqa rəngləri yoxmu? İnsan ancaq işığa bələnə bilməz, insan ancaq uça bilməz, qanadlana bilməz, axı, kədər də var, qüssə də var, qəm də var. Və mən həmin illərin şeirlərində işığın başqa rənglərini də gördüm, tutqun rəngini, öləziyən rəngini. Mən qəlbin kədərdən alışıb-yandığını da gördüm. Deməli, poeziya da insan ürəyinə bənzəyir və daha doğrusu, poeziya elə ürəkdir, baharı da var, qışı da… Amma ümidsizliyin içində də bir ümid çağlayır, qəmdə də gizli bir sevincə çağırış varmış…
O mən idim – zirvə yolu daşlı-tikanlı,
O mən idim – gələcəyi qarda, boranda.
Mən idimsə, aşacaqdım onu təkəlli,
Mən idimsə, ötəcəkdim onu bir anda.
Tale özü öz hökmünü möhürləmişdi,
Yolum üstdə sərtlikləri çapmalı idim.
Bu yol məni cadulamış, sehrləmişdi,
bir baş ola,
yüz daş ola –
çırmalı idim.
Hər gecəmdə bir dünyalıq işığım vardı,
Fikirlərim, xəyallarım arzuya çapar.
Qismətimə dördayaqlı yonca çıxardı,
O mən idim, kor-koranə ümidə çapan.
Heç bir şair bu dünyada tək deyil, çünki mühit var, cəmiyyət var. Amma hər bir şair tənhadır. Mən heç bir zaman Firuzə Məmmədlini tək görməmişəm, amma şeirlərində onun tənhalığını hiss etmişəm. Əslində onun şeirlərini tənhalıq poeziyası da adlandırmaq olar. Xüsusilə, səksəninci illərin sonlarından başlayaraq bu tənhalıq onun şeirlərində boy atdı, ucaldı. Amma Əli Kərim demişkən, “tənhalıq boşluq deyil, əgər gözləyənin varsa”, onu işıqla, gözəlliklə doldura bilərsən. Firuzə xanımın şeirləri işıqlı tənhalığın poeziyasıdır. Elə Azərbaycan da doxsanıncı illərin əvvəllərində öz dərdləriynən, başına gələn müsibətlərnən tənha qalmışdı. Vaxtilə Azərbaycan işıq içindəydi, Firuzə xanımın şeirləri də işıqda üzürdü, indi bu işıqlar sönmüş kimiydi, indi Azərbaycan da böyük, gur işığa möhtac idi və Firuzə xanım şeirlərinin birində yazmışdı:
Üzümdə-gözümdə kölgələr dönük,
Torpaqda, havada bölgülər dönük.
Uluslar, obalar, ələr dönük,
Bu işıq hayandan sızır, görəsən?
Doğrudan da, 90-cı illərdən başlayaraq F.Məmmədlinin şeirlərində minor motivlər çoxalır. Şair həm öz dərdini, həm də Azərbaycanın, Qarabağın, soydaşlarının dərdini qələmə alır. Elə bil ki, bir dərd o biri dərdin içindədi. Xalq şairi Fikrət Qocanın bu fikirlərinə şərik olmamaq mümkündümü?
“Əsl şairlərin içində bir didərgin yaşayır. Özünün cənnət deyib vəsf etdiyi dünyada da o didərgindir, cəhənnəm deyib lənətlədiyi dünyada da didərgindi. Cəmiyyətdə, dostlarının arasında da ögeydir, tənhadır. Öz doğma evində, ailəsinin, övladlarının arasında da tənhadı, qəribdi, ögeydi.
Yox! Yox! Yaxşı şairlər tək deyil, onların da yaxın qohumları var; o da şairlər və şairanə oxuculardır. Qədirbilən, şairanə oxucuların hesabına Nizami, Füzuli yaşayır. Böyük şairlər belə qohumlarının hesabına əsrlərdən-əsrlərə yaşayır, ucalır. Sağlığında tənhaların, qəriblərin zaman keçdikcə doğmaları, qohumları tapılır, şairlər və tənhalar mərtəbəsində. Firuzə Məmmədli də bu mərtəbədə yaşayır, şairlər və tənhalar mərtəbəsində”.
Bax, bütün bu söylədiklərim Firuzə Məmmədlinin şair səciyyəsini təqdim etmək üçündü. İşıq, tənhalıq, gözəllik və kədər dünyası – bu dörd söz zənnimcə, Firuzə Məmmədlinin şair dünyasının əbədi sakinləridir.
Firuzə Məmmədli oxucunu düşüncələr aləminə səsləyən şairdir. Təbii ki, bu düşüncələr çılpaq və quru sillogizmlərlə müşayiət olunmur, emosional çalarlara bürünür. Onun 2024-cü ildə “Azərbaycan” jurnalında çap etdirdiyi şeirlərini oxudum və bu şeirlərin hər birində fikirlərin duyğularla necə qovuşduğunun şahidi oldum.
Firuzə xanım Azərbaycan şeirinin ənənədən gələn gözəlliyini, heç zaman öləziməyən işığını söndürməyə qoymayan şairlərdəndi. Onun üçün şeirin hansı vəzndə yazılması şərt deyil, necə yazılması, hansı poetik maneralarla fikrini oxucuya çatdırması əsasdır. Mən onu doğma Azərbaycan heca şeirinin ən yaxşı ifaçılarından biri sayıram. Xüsusilə, 90-cı illərdən üzü bu yana o, Azərbaycan qoşmasının, gəraylısının ən gözəl nümunələrini yaradan şairlərdən biri kimi diqqəti cəlb edir. Özü də bu qoşma və gəraylılarda XXI əsrin bədii təfəkkürü duyulmaqdadır. Yəni şair, xalq şeirinin formasını, poetexnik elementlərini olduğu kimi saxlayır, ancaq qoşması, gəraylısı “köhnə havalarda təzə avaz” kimi səslənir. Diqqət edin:
Gündə bir sözə əriyir,
Gündə bir daşa bu qələm.
Salıb məni dərdə-sərə,
Dönüb qarğışa bu qələm.
Nə gün gördü, nə gün verdi,
Məndən qırpdı, məndən dərdi.
Elə yudu, elə sərdi,
Gəlmədi xoşa bu qələm.
Sözdü mizan-tərəzisi,
Xeyirxahı, qərəzlisi.
Haqdan gəlibdi yazısı,
Bəladır başa bu qələm.
Gəraylıdır, amma bu günün gəraylısıdır…
“Bu gün” dedim, mən Firuzə xanımı həmişə bu günün şairi hesab etmişəm. Müasir düşüncəyə malik və müasir həqiqətlərdən söz açan şair. Ancaq bu günün həqiqətlərindən söz açan hər şairi müasir adlandırmaq olmaz. Müasirlik həm də fikrin, hissin, duyğunun müasir şeir mədəniyyətilə qaynayıb-qovuşması deməkdir. Bax, bu şeirdə olduğu kimi:
Hamımızın əzabı var, dərdi var,
Hamımızı cırmaqlayır dərdivar.
Gözləyirik, arada bir pərdə var,
Kim dartacaq, kim salacaq, bilmirik.
Çiyinlərdən baş ucalar, bəs hanı?
Ağıllılar, başıcalar bəs hanı?
Haqq yolunda aşıqçalar bəs hanı?
Bu zurnanı kim çalacaq, bilmirik.
Yaramıza duz tökənlər, hardasız?
Barmaq ilə göz tökənlər, hardasız?
“Biznesmenlər”, “zadəganlar”, hardasız?
Bu millətə kim qalacaq, bilmirik.
Mən əlbəttə, bu yazıda Firuzə xanımın şeir dilinin gözəlliyindən də söz aça bilərdim. Amma açmıram, çünki onun poeziyasından misal gətirdiyim nümunələr yetərincə bu şairin poetik dilinin özəlliklərini nümayiş etdirə bilər.
Firuzə Məmmədli orijinal, kimsəyə bənzəməyən şairdir. O, ənənəvi obrazlara müraciət edəndə özünün düşündüklərini qələmə alır. Məsələn, dünya obrazına müraciət edəndə… Dünya hər bir şair üçün yaşadığı, nəfəs aldığı, mövcud olduğu intəhasız, hüdudsuz, gəlimli, gedimli, son ucu ölümlü məkandır. Təbii ki, klassik poeziyadan üzü bəri dünya obrazının öz məlum modelləri var. Bu modelləri yan-yana düzsək, ümumi şəkildə Dünya şair üçün Allahdan sonra üz tutmalı, dərd bölüşməli, bəzən gözəllik kredosu, bəzən də qınaq, tənə obyekti kimi seçilir. Hansı şair dünyaya şeir həsr etməyib? Dünya, görən, hansı şairin həyat, ömür, tale, sevgi, bəxt haqqında düşüncələrinə stimul olmayıb? Budur, Firuzə Məmmədlinin poetik anlamındakı dünya:
Ölçülər, mizanlar pozulub gedir,
Namuslar hərraca düzülüb gedir.
Uranı, almazı, qızılı gedir,
Nə yaman qarışıb başı dünyanın?!
Çəkib ətəyini, susur ədalət,
İnsafdan, mürvətdən qaçır ədalət.
Ay küncdə-bucaqda yesir ədalət,
Dolub daşmaqdadır döşü dünyanın.
…Bir gün ağladandı, bir gün güldürən,
Pəncərədən qaçır qapıdan girən.
Mizan-tərəziyə nə çəkir görən,
Gözünə döndüyüm kişi dünyanın?!
Firuzə xanım əsl ədəbiyyat adamıdır və mən bunu sözgəlişi demirəm. Əsl ədəbiyyat adamı olmaq o deməkdir ki, ədəbiyyatla, Sözlə nəfəs alasan. Şeir yazmaq istedadın bir parlaq yönümüdürsə, söz demək, sənət haqqında fikir yürütmək özü də ayrı bir istedaddır. Baxın:
“Həmişə bu fikirdə olmuşam ki, şair, söz adamı bağlı olduğu sənətin zənginləşməsinə, kamilləşməsinə, poetik səviyyə etibarilə daha yüksək zirvədə durmasına xidmət etməlidir. Yalnız belə şəxsiyyətlərin sənətdə yeri görünür və yalnız belə şəxsiyyətlər tarixin yaddaşına həkk olunub… Poeziya – şairin öz duyğuları ilə gizli görüşüdür. Əgər şair günün maddi ehtiyacları içərisində itib-batıbsa?
Poeziya – içimizdəki sakitliyin üsyanıdır. Əgər üsyan içərimizdən püskürüb bizi bürüyübsə və içimizdəki sakitlik daim narahatlıq və təlatümlə əvəz olunubsa?!
Poeziya – ruhumuzun fəryadıdır. İnanmıram ki, bu ümumi təlatümdən yayınan şeir olsun”.
Yalnız Sözə vurğun, Sözün ağası və hakimi olan şair bu cür düşünə bilər.
Mən Firuzə xanımın “Ömrün axarı” kitabında toplanan nəsr əsərlərini də oxudum. Deyim ki, bunlar heç də “şairin nəsri” deyil, elə nəsr kimi doğulan yazılardır. Firuzə xanımı nəsr yazmağa vadar edən nə idi, deyə bilmərəm. Görünür, şeirdə ifadə edə bilmədiklərini nəsrdə ifadə edib. Mən deyərdim ki, o, bu yolda axtarışlarını davam etdirsin. “Sular sonası” kimi maraqlı miniatür povestlər yazsın, “Əbil”, “Oğurluq”, “Məhəbbət” kimi düşündürücü hekayələr qələmə alsın. Çünki nəsrə məxsus özəllikləri onun yazılarında da görürəm. Amma mənim üçün, bütün Azərbaycan oxucuları üçün şair Firuzə Məmmədli obrazı daha əzizdir, doğmadır.
Bir gün heç birimiz olmayacağıq. Nə Firuzə xanım, nə mən, nə bizim dostlarımız, həmkarlarımız (Seyid Əzim Şirvani demişkən: “Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir?”) … Amma Söz qalacaq. Əlli ildən, bəlkə yüz ildən sonra, bəlkə də min ildən sonra inanıram ki, Firuzə Məmmədlinin bu misralarını oxuyacaqlar:
Mən də o gözəl dünyanın
Gözəl yükünə girmişəm.
Baxıb görmüşəm özüməm,
Adam kürkünə girmişəm.
Çıxmışam adam içindən,
Biri olmuşam üçündən.
Qalıb bir fikir köçündən,
Sözə sürgünə girmişəm.
Və lap yüz il sonra da Firuzə xanımın bu sevgi şeirini oxuyacaqlar:
Gəl ömrümə, gözəl sevgi,
Gəl ki, yanıb külün olum.
Gözəlliyin mənə gəlsin,
Gəl, gözəl sevgilin olum.
Dünyaya yürüşüm sevgi,
Ömürlə görüşüm sevgi,
Ayağına düşüm, sevgi,
Ürəklərə yolun olum.
Poeziya yaddaş kimi – Elnarə AKİMOVA
Müstəqillik dövrü poeziyası daxilən hansı yeniliklərə, yeni düşüncə, yeni üslub və məna çalarlarına imza atdı? Yəni bu dəyişikliklərə, fərqli düşüncə kontekstinin parametrlərinə əsaslanıb poeziyamızın tam yeni düşüncəyə sahibləndiyini deyə bilərikmi? Bu kontekstdə fikirlərimizi izah etməyə çalışaq. 1990-cı illər poeziyasında bəzi şeirləri oxuyanda hiss edirsən ki, dəyişən sadəcə, sovet dövrünün imperativləri olub, əmək qəhrəmanlarının, gülün, bülbülün təsvirinə, aşiq-məşuq münasibətlərinin sərgilənməsinə formal olaraq son qoyulub. Yəni cəmiyyətdəki ictimai-siyasi proseslərə fəal müdaxilə yolu tutmaqla deyil, əvəzində, eyni patetik formada cılız vətənpərvərlik hisslərini təsvir etməklə, gözlərimizi və qulaqlarımızı yağır edən təbiət təsvirlərini, şablon sevgi etiraflarını sərgiləməyi böyük məqsədə çevirməklə. Halbuki ənənəvi ritmi və intonasiyanı özündə daşıyan köhnə şeir müəllifləri oldu ki, onların şeirlərinin təravəti əzəli poetik gücünü və siqlətini qoruyub saxladı. Firuzə Məmmədlinin müstəqillik dövrü yaradıcılığı bu qənaəti təsdiqləyir. 1990-cı illərin bioqrafik ölçüləri onun poetik qəhrəmanlarının birbaşa “mən”ində ifadə olunur. Oxuduqca, istər-istəməz Məmməd Arazın misralarını xatırlayırsan:
“Desələr, şeirimin avazı köhnə,
Od kimi, su kimi köhnəyəm, bala”.
1990-cı illərdən bəri şeirimizdə güclənən modernist başlanğıclar, bir-birini əvəzləyən forma axtarışları, ideya-bədii müxtəliflik nəticəsində milli poeziyamız çoxyönlü təbəddülata uğradı. Bütün yenilik cəhdlərinin qarşısına Firuzə Məmmədli milli poeziyanın gələnəklərinə sadıq qalaraq – heca şeirinin ən gözəl nümunələrini yaradaraq çıxdı. Bu yalnız ona görə baş vermədi ki, yeniliklərə yetməyə potensialı yox idi, əksinə, onun 2000-ci illərdən başlayaraq yazdığı sərbəst şeirlərdə də eyni estetik mündəricə ehtiva olunur, şair düşüncə kontekstini başqa vəzndə də ifadə etməyə nail olurdu. Dəyişən forma idi, şeirdəki ruh, kolorit onillərin o tayından süzülüb gəlirdi. Firuzə Məmmədlinin şeirlərində müasir təfəkkür xalq şeirindən, folklorundan gələn ovqatla, hava ilə qaynayıb-qarışır, milli poeziyaya məxsus üslub, daşlaşmış linqvo-poetik sintaksis, lirik-fəlsəfi düşüncənin hakim olduğu məqamlarda belə yan keçilməyən yaşam kredosu – ilkinliyə bağlılıq şair fərdiyyətinin sübutu kimi mənalanırdı. Amma bu fərdiyyət öz havasına “kökləndiyi” məqamlarda – milli şeirin min il yol gələn bədii təcrübəsini yaşatmaq, onu qorumaq, bu təcrübəyə inanaraq onun sıradan çıxmasına yol verməmək mühafizəkarlığında daha bariz üzə çıxırdı. Çünki şeir duyumu olan bir çox şairlər kimi, Firuzə Məmmədli də anlayırdı ki, hansı formada meydana çıxmasından asılı olmayaraq həqiqi şeir öz oxucusu ilə dil tapacaq, ona qovuşmağı bacaracaqdır. N.Hikmət demiş, “Şeiri istər qışqıraraq, istər bağıraraq yaz, istər pıçıltıyla yaz, istər xalq şeiri üslubunda yaz, istər hissələrə bölüb yaz, istərsə də qədim əruzda yaz, nə fərqi, təki ortalığa əsl sənət əsəri adlana biləcək bir poeziya gətir”.
Çəkildi bu suların
Üzündən göy təbəssüm.
Dəniz səni sevirmiş,
Qoy dənizə tələsim.
Sərilim qanad-qanad
Göy suların səthinə.
Sular məni oxşasın
Elə sənin xətrinə.
Əllərini ver mənə,
Saçlarım şanə gəzir.
Səni oxşamaq üçün
Sular bəhanə gəzir.
Firuzə Məmmədlinin poeziyasında dərin düşüncələrə dalıb mücərrəd mənzərə yaratmaq, fəlsəfi mühakimələrə getməyə ehtiyac yoxdur. Onun yaradıcılığı hər cür mücərrədlikdən uzaq, sadə deyim tərzinə, düşüncə ədasına köklənən poeziyadır. Bu poeziyanın fərqliliyi də ondadır; heç bir quramaçılığa uymadan şeir yazmaq, qəlbinə hakim olmuş duyğuları əzib korlamadan mətnə köçürmək. 1970-80-ci illərin poeziyasında maraqlı eksperimentləri, poetik axtarışları ilə seçilən Firuzə Məmmədli müstəqillik illərində poetik-bədii fikrin inkişafında da fəal iştirak etdi. Həyata, cəmiyyət hadisələrinə, insani münasibətlərə yeni, fərqli baxış sistemi yaradan, onları olduğu kimi, birbaşa təsvirə çəkməklə deyil, içindən, duyğular aləmindən keçirdiyi kimi ifadə etməyə çalışan şairin şeirlərində yeni poetik konstruksiyalar qurulur, ənənənin zəminində yetişərək fərqli olmağa çalışmaq meyli və bu yeniliyi formadan məzmun qatına yeritmək səriştəsi hiss olunurdu.
“Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi sözdü.
Mənə düşən iki sözdü,
Birin dedim, biri qaldı”,
– yazan şairə Firuzə Məmmədlinin “Dərd üzünü gizləyir” və “İki damla dəniz” kitabları onun müstəqillik illəri yaradıcılığının prioritet istiqamətlərini uğurla sərgiləyir. Birinci kitabda şairənin heca, ikincidə isə, sərbəst vəzndə yazdığı şeirlər yer alıb. Firuzə Məmmədlinin sərbəst vəzndə yazdığı şeirlər də poetik cəhətdən uğurlu alınır, demək olar ki, müəllifin hecada istila elədiyi yeri sərbəstdə qazanmaq imkanı real görünür:
Yenə baxışlarınmavi göyləri
endirdi içimin qaranlığına;
cücərdi qəlbimdəki ümidlərim.
İçərimin künc-bucağı işıqlandı.
Qaldırdım dizlərimi yerdən.
Ümidlərim pıçıldadı:”Dünya gözəldir!”
1990-cı illərdən başlayaraq, vətən mövzulu şeirlərdə yanaşmaların istiqaməti dəyişir, vətən sevdalı, kök, mənşə bağlarına sadiq, tarixə və yaddaşa etibarlı bir sənət nümunəsi olaraq yaranan şeir nümunələri təsəvvürün sınırlarını aşıb sabaha, gələcəyə doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri nişan verirdi. Firuzə Məmmədlinin şeirlərində insanın, fərdin mənəvi varlığını yaddaşla bağlayan qatlara, dəyərlərə şair marağı öndə durur, onlar insanı yalnız təbiətin deyil, həm də və daha çox tarixin bir parçası kimi təsvir etməklə önəmli görünüblər. Firuzə Məmmədlinin şeirlərində hər zaman yurdla, torpaqla bağlı poetik ifadə uğurlu əksini tapıb. Bu şeirlərdəki sızıltı, ağrı, nisgil yalnız doğma kəndlə, doğulub boya-başa çatdığı el-oba həsrəti ilə bitməyib. Bu ağrının ilkin ünvanı Qarabağ olub! Bu şeirlərin fərqi nədə olub? Onlarda Qarabağla bağlı öyrəşdiyimiz minor motivlər – ah-zar, inilti, acizlik, rahatca bardaş qurub onu kiminsə bizə verəcəyini gözləmək mövqeyi nəzərə çarpmayıb. Üsyan, çağırış, qisas yanğısı öndə qərarlaşıb, “Haqqım Qarabağ!” deyərək döyüşə səsləyib şair:
Ağrıdan, əzabdan yordum özümü,
Sındırdım özümü, qırdım özümü.
Mən çox arsızlığa vurdum özümü,
İndi qisas, deyib kükrəyim daha
,Bitsin, əsir ömrü sürməyim daha. Bu poeziyada Qarabağ dərdi, erməni məsələsi, düşmən obrazını bədii sözün təcəssümünə çevirmək meyilləri daim işlək olub. Həm də təkrar çalarlara yol vermədən, yeni söz demək, problemə fərqli rakurslardan yanaşma cəhdləri nəzərə alınmaqla gerçəkləşdirib bu işi Firuzə Məmmədli. Ötən illər ərzində bizim poeziyada Qarabağ dərdinə, müharibə acılarına münasibət iki kontekstdə özünü göstərib. Gənc nəslə bu mövzuya münasibətdə bir ruh düşkünlüyü, pessimist əhval-ruhiyyə hakim olub. Orta və yaşlı nəsildə isə mübarizə əzmi, coşqu daha mühafizəkarlıqla qorunub, problemin həlli prosesində yaranmış gərginlikdə inamların sarsılmasına mümkün qədər müqavimət göstəriblər. “Düşmənə nifrətdə səbri çox olduq”, – yazan Firuzə Məmmədlinin şeirlərində bir bezginlik olub: haqqımızın tapdanmasına, dünyanın susduğu, göz yumduğu ədalətsizliklərə çağırış olub; bizim olanı geri almağa, meydanlara atılmağa. Bu poeziyada Qarabağ prosesləri fonunda dünya işləklərinə, siyasət oyunlarına, ictimai, mənəvi tənəzzül məqamlarına həssas, şikayətçi olan şair mövqeyi erməniyə münasibətdə eyni dərəcədə aqressiv və barışmaz görünüb:
Mərkəzdə ortaqsan “Tərəkəmə”mə,
“Vağzalı”m üstündə gəlinin köçür.
Haçansa minmisən mənim gəmimə,
Qəbrimdə yatmısan, ölənin üçün.
44 günlük müharibədən sonra qazandığımız Zəfərlə Firuzə Məmmədlinin şeirlərinin məzmunu da başqa şəkil aldı. Milli ruhun yeni hadisəsini mübarək bir poetik ovqatla mətnləşdirdi şair:
Baxıb dünyanın ovqatına,
saralmış yarpaqlar da
saplağındanasıla qalıb, –
gözü payızın yolunda.
Payıznəfəsini içinə çəkib
uğurlu bir yağış gözləyir
buludların gözündən.
Buludlar Qarabağ səmasının gözündə
azadlığın nəşəsindənməst olub. Tarixlə poeziyanın missiyası eyni niyyətdə həmişə birləşiblər: yaddaşın oyaq qalmasına münasibətdə. Çünki tarix kimi poeziya da meyardır. Yaddaşa, həqiqətə qoyulan abidədir. Bu abidənin qorunması işində Firuzə Məmmədlinin rolu müstəsnadır və tarixin yaxınından da, uzağından da baxanda sözün özü qədər mənəvi ucalıqda görünür.
Deyən, anam yaşım, balam yaşımsan. – Firuzə Məmmədlinin şeirləri
***
Tanıyırmı bu ağaclar
Keçən kimdi yanından?
Bu tumurcuq ümidlərin
Nələr yatır canında?!
Yağış da ara vermir ki,
Bir hor çətirdən çıxaq.
Bulud dolu canımızı
Çevirib arxa sıxaq.
Bir-birini izləməkdə
Avtobuslar, taksilər.
Qırmızı işıq da yanmır,
Bu vurhavur əksilə.
Yol kənarı… Piyadalar…
Gözlə ki, ha, gözlədir.
Səbrimizin işıqforu
Yaşılını gözlədir.
***
Bəli, küy deyiləm, kələk deyiləm,
Ərkim özümdədir, fələk deyiləm.
Lap kin-küdurətəm, mələk deyiləm,
Kimsədən söz çəkmir, söz gəzdirmirəm.
Axarım-baxarım hələ ki, kordu,
Ta yol gözləmək də gözümü yordu.
Xan ol, ya sultan ol… axırı gordu,
Odur ki, sirlərə göz gəzdirmirəm.
Şöhrət dilənmirəm, şan dilənmirəm,
Can verib, yerimə can dilənmirəm.
Halalca haqqımdı, mən dilənmirəm,
Yük deyil… Çiynimdə naz gəzdirmirəm.
2024
Ürəyim
Ürəyim pis-pis döyünür,
İçində min hiss döyünür.
Gah kədər, gah hirs döyünür,
Elə diltəng edir məni.
Aça bilmirəm sirrini,
Unudub, tapmır yerini.
Hərdən sarsağın birini
Yada salıb didir məni.
Bir də gördün, saxta vurur, –
Solda durub, sağda vurur.
Deyirsən bəs, taxta vurur…
Sökür sətir-sətir məni.
Bitəmmir gözləməyi də,
Tükənmir “döz” deməyi də.
Bir ömürlük əməyi də
Deyir, haqqa yetir məni.
Sənək deyil, suda sına,
Mən sınamsa, o da sına.
Günə həsrət odasına
Niyə edib çətir məni?!
Nə günü, nə güzarı var,
İçində qəm bazarı var.
Bilmirəm, nə azarı var,
Deyir, öldür, itir məni.
2024
Yalan yaşımsan
Gözümdən işığı, dilimdən sözü,
Ömrümdən illəri alan yaşımsan.
Neynim ki, canımı, heyimi üzüb,
Fikrimdə, zikrimdə talan yaşımsan?!
Səndə nələr gördüm, özün bilirsən,
Çəkdiyim nə varsa, dözüm bilirsən.
Dünyanın hər sirrin, sözün bilirsən,
Deyən, anam yaşım, balam yaşımsan.
Qaldım saya-saya daş ümidləri,
Sərsəm ümidləri, çaş ümidləri.
Əvvəldən biləydim, kaş ümidlərin
Elə sonucuna qalan yaşımsan.
Ölüb-dirilsək də biz bu yolboyu,
Neçə il yaşadıq sənlə qolboyun.
Çox da qürurlanma – Tanrı bol qoyub,
Sən də dünya kimi yalan yaşımsan.
2024
***
Bütün şirinlər turş dadır,
Aş bişirirlər, borş dadır.
Baharı belə qış dadır,
Bu necə dünyadı, fələk?!
Yol azıb düşmüşəm bura,
Dərd aşıb düşmüşəm bura.
Mən çaşıb düşmüşəm bura,
Bu necə dünyadı, fələk?!
Özgə bədəndəyəm daha,
Gündə bir dindəyəm daha,
Bir, gör nə gündəyəm daha,
Bu necə dünyadı, fələk?!
Ağlamağa göz yaşı yox,
Oynatmağa göz-qaşı yox.
Düşünməyə öz başı yox,
Bu necə dünyadı, fələk?!
2024
Yaddaşım
Yaddaşım məni aldadır,
Daş deyib yadlara atır.
Gah heç nədən ara qatır,
Gah yaddan çıxır yaddaşım.
Bilmir nədir uzaq-yaxın,
Ta andı-fəndi – bu yaxam.
Mən belə yaddaşla yoxam,
Canımı sıxır yaddaşım.
Nəyi hara qoydum, bilmir,
Hənək bilmir, oyun bilmir.
Elin yasın, toyun bilmir,
Dəyəmi yıxır yaddaşım.
Taqət deyil ayağıma,
Çiyin vermir dayağıma.
Görmədiyim oyağıma,
Gördüyüm yuxu yaddaşım.
2024
İtirmə
Ayağına daş dəyibsə, çək geri,
Zaman səni təkləyibsə, dik yeri.
Büdrədinsə, yıxıldınsa, öp yeri,
Ümidini, inamını itirmə.
Ha çalışdıq, dedilər ki, kələkdi,
Gözəl günlər ömür adda ələkdi.
Ələyən də, yoğuran da fələkdi,
Özü bilər, gümanını itirmə.
Nə gördük ki, nə götürək dünyadan,
“Ax”la, “uf”la köks ötürək dünyada.
Bir az daha ömür sürək dünyada,
Olan-qalan zamanını itirmə.
2024
Təzəydik
Bacım Əzifənin əziz xatirəsinə
O zaman hər şeyin rəngi ağ idi,
O zaman hər yanda al bayraq idi,
Atamız, anamız onda sağ idi,
Onda dünya təzə, ömür təzəydi.
Qayğılar yer-yerdən qanad açırdı,
Hər gün buğda boyu ucalaşırdıq.
Dünyamız sevgiylə qucaqlaşırdı,
Sabaha ümidin yönü təzəydi.
Biz də bir çiçəkdik gül bağımızda,
Demə, naz-buz imiş şıltağımız da.
Vardı pirimiz də, çıldağımız da,
Onda ruhumuzun dini təzəydi.
Varı da, yoxu da onda xoş idi,
Ümidlər, arzular uçan quş idi.
İstəklər, əməllər bəxtə tuş idi,
Ömrün vaxtı təzə, günü təzəydi.
Anamız dünyadan birinci getdi,
Atamız soyuqluq görüncə getdi.
Getdi, qəlbində söz qılıncı getdi,
Kimdənsə incikdi, kini təzəydi.
Güldən ətir çəkdik, tikandan silah,
Hərdən neylədiksə, sayıldı günah.
Neynək, yaşasaq da “Allaha pənah”,
Yenicə doğulmuş kimi təzəydik.
2024
Hardasan?
Salam, dünyalarca əziz olanım,
Salam, istəyimlə əkiz olanım.
Ay dərdli dünyama mərkəz olanım,
Salam, yenə salam, salam, hardasan?
Töküb qaş-qabağın kin ayrılığı,
Qayıt, üzübəri dön ayrılığı.
Çöküb həsrətimə gün ayrılığı,
Səsini eşidək, balam, hardasan?
Hanı çıraqdakı o cin, tapınım?
O sənli günlərə dönüm, tapınım.
Yetişsin muştuluq günü qapımın,
Olsun ayrılığın yalan, hardasan?
Susuram səsimdə, ünümdə elə,
Neynim, günahım var önündə elə.
Ay mənim ayımda, günümdə elə
Elə özüm olub qalan, hardasan?
Mənəm o beşgünlük yaşamı qalan,
Sünbülü sovrulub həşəmi qalan.
O getdiyin günə döşənib qalan
Bir tənha, bir qərib yolam, hardasan?
Qaytar üzüyola gedişlərini,
Gəl, ucalt ömrümün enişlərini.
Mən elə o qəlbigenişlər kimi
Ardınca uzanan qolam, hardasan?
Kiminləsən?
Mən necə quş olum uçum yanına?
Mən necə bilim ki, sən kiminləsən?
Çəkir içərimdən hücum yanına,
Çıxır vücudumdan can, kiminləsən?
Qırım bu yolların damarın, gəlim,
Həsrətin üzünə qabarım, gəlim.
Ölsəm, varlığımı aparım, gəlim,
Cənazəm önündə yan, kiminləsən?
Qoluna girəsi qola dönüm, qoy,
Arxanca gələsi yola dönüm, qoy,
Əlində bir ləçək gülə dönüm, qoy,
Məni bir dəqiqə an, kiminləsən?
Ayrılıq önündə donub sən olum,
Güzgüyə baxarsam, dönüb sən olum.
Yox e…
Kaş elə özüm də sönüb sən olum,
Gəzim bu sevgidən gen, kiminləsən?
Nədəndi?
Bu sükutu ayrılığa yozaqmı? –
Aramızda söz danışmır, nədəndi?
Barı, bircə təbəssümü yasaqmı?
Dodaq susur, göz danışmır, nədəndi?
Niyə aşmır bir yol günah səddini?
Keçəmmədi o ikicə addımı.
Bilmək olmur, doğmadımı, yaddımı,
Əllərimiz düz danışmır, nədəndi?
Bir baxışdan allanardı, yanardı,
Lalə kimi güllənərdi, yanardı.
Səssiz, sözsüz dillənərdi, yanardı,
İndi dinmir, üz danışmır, nədəndi?
Ağrımadı solub gedən günlərə,
Addım-addım yolu gedən günlərə.
Allah, yaşa dolub gedən günlərə
Üsyan olan qız danışmır, nədəndi?
Açılammır o duyğular, örtülü,
İndi daha ədalar da ütülü.
Pərtlik üzdə pörşələnib, pörtülüb,
Ağıl mısıb, hiss danışmır, nədəndi?
Bu sükutu ayrılığa yozaqmı? –
Aramızda söz danışmır, nədəndi?
Barı, bircə təbəssümü yasaqmı?
Dodaq susur, göz danışmır, nədəndi?
Gəl ömrümə
Gəl ömrümə, gözəl sevgi,
Gəl ki, yanıb külün olum.
Gözəlliyin mənə gəlsin,
Gəl, gözəl sevgilin olum.
Yolunda can qıymadılar,
Səni məntək duymadılar,
Yolkəsənlər qoymadılar
Gülşənində gülün olum.
Gözəl sevgi, gəl ömrümə,
Ol bir nağıl il ömrümə,
Gün-gün, ay-ay dol ömrümə,
Yar boynunda qolun olum.
Dünyaya yürüşüm sevgi,
Ömürlə görüşüm sevgi,
Ayağına düşüm, sevgi,
Ürəklərə yolun olum.
Minlərdən birinəm sənin,
Ömürlük sirrinəm sənin.
Ən gözəl dirinəm sənin,
Ən gözəl də ölün olum.
Qəlbimdə daş olmaqdansa,
Gözümdə yaş olsan, – gözəl.
Bu sevgidən ölsəm, – gözəl.
Gəl ömrümə, gözəl sevgi.
Fırladır bizi
Hər şey yavaş-yavaş keçib gedəcək,
Ayların, illərin köçü gedəcək,
Biri gələcəksə, üçü gedəcək,
Dünya öz başına fırladır bizi.
Bir əlində odsa, birində sudur,
Dünya lap əvvəldən haqqın dostudur.
Beşikdən-məzara bir yol üstədir,
Tutub, öz xoşuna fırladır bizi.
Kimi – şər yolunda, şeytan izində,
Kimi – namazının əli – dizində.
Mömini, kafiri birdi gözündə,
Elə boş-boşuna fırladır bizi.
Bəşər axardadı, cahan axarda,
Dünya yaranışdan – haman axarda.
Biz də yol üstdəyik, zaman axarda,
Keçirib dişinə, fırladır bizi.
Haqq da öz yerini gəlib tutacaq,
Sədləri, bəndləri dəlib tutacaq.
Əlimizdən Tanrının əli tutacaq,
Yatmışıq döşünə, fırladır bizi.
***
Bəxt yükündə kiçilsəm də,
Söz yükündə iri qaldım.
Ölənlərlə ölüb getdim,
Qalanlarla diri qaldım.
Düşdüm üzübəri gəldim,
Dərd dolu illəri gəldim.
Nə bir bənd irəli gəldim,
Nə bir misra geri qaldım.
Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi sözdü.
Mənə düşən iki sözdü,
Birin dedim, biri qaldı.
Söz
Çapdım sözün sahilinə,
Baxıb gördüm, dəryadı söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım sözün.
Uzaqda yox, alnımdaydı,
Açar oldum söz qəlbinə.
Xoş üzümlə, sərt üzümlə
Məni saldı öz qəlbinə.
Nə sirri var, açdı, tökdü,
Mənə saldı mehrini də.
Əziz tutdu, mənə qızdı
İmzasını, möhrünü də.
Saydım, seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.
Söz hasardı, söz divardı,
Dünyanın iç qapısıdı.
Açmadınsa, düz divardı,
Açdınsa, keç, qapısıdı.
Bu yay da
Dayazlaşdı dərinlər,
Ümidləri aşan yox.
Mənimsə bir nəsnəyə
Ağrıyası başım yox.
Bu yay da ötdü, keçdi,
Qayğılar havayı.
Nə gördük, nə götürdük
İstisindən savayı?!
Bu yay bağçaların da
Yaşılı dəm verirdi.
Cırcırama səsində
Nəğmələr can verirdi.
Yolların hövülündə
Asfalt buxarlanırdı.
Quşlar arxlar boyunca
Yaydan yaxalanırdı.
Dəbdəydi sərinliyi
Yaylaqların, dağların:
Əyləncə mərkəzləri…
İstirahət bağları…
Nabran, Marxal, Pirqulu,
Qızbənövşə, Şahdağı…
Varına qol açmışdı
Şənlik, sevinc, çal-çağır.
Amma yaman istiydi,
Vay halına kasıbın:
Aparırdı fikrində
Gələn qışın hesabın:
“Bu yay gördüyüm isti
Qalan yaşıma bəsdir.
Payızımı ötürsəm,
Bütün qışıma bəsdir”.
***
Yenə ilim təzələnir,
Qışın üç ayı başlanır.
Bilmək olmaz, bəlkə elə
Ömrün köç ayı başlanır.
Ümid-ümid sözə varıb,
Yaxşı-yaman gözə varıb,
Bəlkə elə yüzə varıb,
“Yüzü keç” ayı başlanır.
Məktub
Ayrılığın gözü də
Tutulub, dəlmək olmur.
Elə yaxındasan ki,
Yanına gəlmək olmur,
Həsrətinin əlindən
Durub dincəlmək olmur.
Yoxluğun – diş ağrısı,
Varlığın – baş ağrısı.
Dilə gəlib sızlayır
Qəlbimin daş ağrısı,
Səni unutsun deyə,
O daşa diz çökmüşəm,
Keçən ömrə-günə –
Yaddaşa diz çökmüşəm.
Budur günüm-güzarım.
Yaşadığım dünyanın
Biz adda küncü yoxsa,
O küncün mücrüsündə
Sən adda inci yoxsa,
Qismətin mənə düşən
Çınqı sevinci yoxdur.
Nazın, buzun, qəmzənin
Ardınca daş atmışam.
Qəlbimi dilə tutub,
Birtəhər aldatmışam.
Ömür bir addımsa da,
Sənə doğru atmışam.
Əllərimdən üzümə
Əzab şırımı düşüb,
Ürəyimin içindən
Nəsə qırılıb düşüb.
Ta səbrimin əlində
Dözümüm yumruqlanıb,
Cırnadır gecə-gündüz
Özümü yumruqlarım.
Boyumdan, qamətimdən
Daşlanan sədayam ta,
Bütün ayrılıqlara
Sülhəm, əlvidayam ta.
Yollar qulağa durub
Bir duyum hənirinə.
Susma, de, hardan keçir, –
Baş qoyum hənirinə.
Mənbə: “Ədəbiyyat qəzeti”

