“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” layihəsi Lənkəranda uğurlu təqdimatı
Dekabrın 17-də Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı növbəti üçaylıq eko-layihəsinin tanıtım və təqdimat mərasimi baş tutdu. İctimaiyyət nümayəndələrinin, pedaqoq və məktəblilərin iştirakı ilə keçirilən, YYSİB-nin məhsuldar fəaliyyətlərinin nəticəsi olaraq çap edilmiş “Kreativ-innovativ “Qırmızı Kitab” adlı ekoloji yazılardan ibarət toplunun, yayıma hazırlanmış elektron nəşrlərin, eləcə də “Zamanı yaşıllaşdıraq” geniş sosial videoçarxın təqdimat ekoloji neo-maarifləndirici aksiya, eləcə də eko-müzakirə formasında təşkil olunmuşdu.

Məclis Azərbaycanın Dövlət Himninin canlı səslənməsi ilə başlanıldı, sonra Ulu Öndər Heydər Əliyevin, dövlətimizin müstəqilliyi uğrunda canından keçən şəxslərin işıqlı xatirəsi, eyni zamanda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbinin direktoru Nisə Camalova açaraq Bakıdan gələn qonaqları salamladı, ekologiyayaya qayğının vacibliyini vurğuladı, layihə haqqında məlumat vermək üçün sözü YYSİB sədri, ictimai xadim yazıçı-kulturoloq Aydın Xan Əbilova verdi.

Layihə rəhbəri Aydın Xan Əbilov çıxışının əvvəlində Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkür edərək, bu ilin oktyabr-dekabr ayları ərzində yeni nəslin ekoloji neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilən aktual layihənin çoxşaxəli fəaliyyəti ilə gənclərə ictimai-mədəni, ekoloji-informativ bilgiləndirməklə fərqli formalarda təbliğ etdiklərini bildirdi.

Layihəsinin əsas məqsədi 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələrinin diqqətini təbiətin qorunması, ekologiyaya qayğının artırılması olduğunu vurğulayan çıxışçının bildirdiyinə görə, üç ay müddətində gənclər, eləcə də geniş ictimaiyyət arasında ətraf mühitə sayğı və qayğının təbliğatı aparılıb. Prezident İlham Əliyevin elan etdiyi “2024-cü il: Yaşıl dünya naminə Həmrəylik İli”, həmçinin noyabr ayında ölkəmizdə keçirilən nüfuzlu COP29 beynəlxalq tədbirə ictimai-mədəni, ideoloji-informativ dəstək verilib. Gənclər arasında ətraf mühitin qorunmasının aktuallığı təbliği, ekologiyanın mühafizəsinin populyarlaşdırlıması, çağdaş dövrümüzün eko-problemlərinin ictimailəşdirilməsi layihənin əsas məqsədlərindəndir.
Layihə heyəti gənclərin, eko-kreativlərin iştirakı ilə ədəbiyyat və sənət diliylə, eləcə də bloqqer, youtuber, tiktoker kimi yeni nəsil yaradıcı şəxslərin hazırladıqları, müxtəlif sosial şəbəkə janrları formatları ilə ölkəmizdə neo-maarifçilik hərəkatının formalaşmasına təkan verməyə çalışılıb. Gənclər arasında ədəbi-ekoloji “Qırmızı Kitab”, eko-sosial video-çarx və real ekoloji aksiya, virtual eko-kampaniyalar reallaşdırılıb, Lənkəranda real ekoloji aksiyalar, Xəzər sahilini zibillərdən təmizləmək üçün təşəbbüsləri reallaşdırmaqla, habelə onların təqdimatlarının təşkili ilə geniş ictimaiyyət arasında ölkəmizin, eləcə də planetimizin gələcəyinə cavabdehliyi vurğulamaq, bu stiqamətdə məsuliyyəti özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə maraq oyatmağı çalışılıb.

Çıxışçı onu da xatırlatdı ki, qlobal çağırışlara uyğun gənclərin ətraf mühitin qorunmasına cavabdehliyi, təbiətin, planetin ekoloji gələcəyi uğrunda aktiv mübarizə aparmaq, zibillərin idarə edilməsi, məişət tullantılarının təkrar emalı, meşə və su hövzələrinin mühafizəsi, heyvanların, ağac və bitkilərin nəslinin tükənməsinin qarşısı alınması kimi məsələləri aktuallaşdırmaq istəyirlər. Bu istiqamətdə hər kəs öz məsuliyyəti dərk etməli, gələcəyimiz, ərzaq təhlükəsizliyimiz üçün okean, dəniz, göl, çay və içməli su hövzələrinin, havanın, torpağın, bir sözlə yaşıl planetimizin təmizliyinə çalışmalıdır. Son illər sürətlə şoranlaşan torpaqların eroziyasının qarşısı alınmasının aktuallığı, alternativ – günəş, külək enerjisi, bio-yanacaq, elektrik nəqliyyat vasitələrinə keçidin vacibliyi geniş əhali kütləsinin diqqətinə çatdırılmalıdır. Sağlamlıq üçün vacib olan fiziki hərəkətlərin insanlara xeyri, bir sözlə, eko-çağırışlara cavab verən metodlarla yeni formatlı neo-maarifçiliy dəstəkləmək günümüzün əsas çağırışıdır. Layihənin, eləcə də fəaliyyətlər KİV və yeni mediada tanıtımı eko-maarifçiliyin genişləndirilməsinə, yeni nəsil kreativlərin fəallaşmasına səbəb olacağını düşündüklərini söyləyən A.X.Əbilov YYSİB-nin Azərbaycan Respublikasının Gənclər Fondu vasitəsilə həyata keçirdiyi bu yeni kreativ eko-layihə də estetik-kulturoloji vasitələrlə ekoloji neo-maarifləndirməni genişləndirəcəyinə, ətraf mühitin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edəcəyinə inamının böyük olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra söz alan YYSİB sədrinin müavini Ramal Əliyev, təşkilatın cənub bölgəsinin rəhbəri Məhəmməd Məmmədov, Lənkəran rayon şöbəsinin sədri Nizami Şıxcanov və başqaları çıxışlarında bildirdilər ki, bu aktual layihənin Bakı şəhəri, eləcə də Lənkəran rayonundakı yeni nəsil nümayəndələrini, İnternet – sosial şəbəkələr vasitəsi ilə ölkəmizdəki gəncləri əhatələməklə, ekoloji maarifləndirmə işlərin aparılmasını sürətləndirəcək. Çıxışçılar vurğuladılar ki, İnternet, yeni media, e-kitabxana, sosial şəbəkələr üzərindən respublikanın bütün əraziləri, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli fəaliyyətlərlə yeni nəsil nümayəndələrini vahid bir eko-platformada birləşdirmək vacibdir.
Daha sonra sosial çarx, elektron nəşrlər və nəşr olunan eko-toplu haqqında geniş məlumatlar verildi, məktəbə və iştiraçılara kitablar hədiyyə edildi, fotoları çəkildi.

Sonra tədbir iştiraçılarının bir qismi ilə tullantıların təmizlənmə aksiyası keçirildi, məktəb həyətindəki yaşıllıqların ümumi durumu ilə bağlı müşahidələr aparıldı.
Hidayət – Ayxan Əbilli,
YYSİB sədr müavini, İctimaiyyətlə Əlaqələr,
Analitik-İnformasiya Bölümü rəhbəri

