“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” layihəsi və fəaliyyət məhsulları Lənkəran şəhərində təqdim edildi

Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbində, dekabrın 17-də Azərbaycan Respublikasının Gənclər Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi verilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı üçaylıq eko-layihəsinin tanıtım/təqdimat tədbiri keçirildi.

Şəhər ictimaiyyət nümayəndələrinin, pedaqoq və məktəblilərin iştirakı ilə keçirilən, YYSİB-nin məhsuldar fəaliyyətlərinin nəticəsi olaraq çap edilmiş Kreativ-innovativ “Qırmızı Kitab” adlı ekoloji yazılardan ibarət toplunun, yayıma hazırlanmış elektron nəşrlərin, eləcə də “Zamanı yaşıllaşdıraq” geniş sosial videoçarxın təqdimat ekoloji neo-maarifləndirici aksiya, eləcə də eko-müzakirə formasında təşkil olunmuşdu.

Məclis Azərbaycanın Dövlət Himninin canlı səslənməsi ilə başlanıldı, sonra Ulu Öndər Heydər Əliyevin, dövlətimizin müstəqilliyi uğrunda canından keçən şəxslərin işıqlı xatirəsi, eyni zamanda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tanıtım tədbirini giriş sözü ilə açan Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbinin direktoru İlkin Yaqubov paytaxtdan gələn qonaqları, ictimaiyyət nümayəndələrini, məktəbliləri salamlayaraq, ekologiyayaya qayğının vacibliyini vurğuladı.

Ekoloji layihə haqqında geniş məlumatları vermək üçün söz YYSİB sədri, ictimai xadim yazıçı-kulturoloq Aydın Xan Əbilova verildi. Layihə rəhbəri Aydın Xan Əbilov geniş çıxışını Azərbaycan Respublikasının Gənclər Fonduna təşkilata və fəaliyyət proqramına verdiyi dəstəyə görə minnətdarlığını çatdırdı. O bildirdi ki, bu ilin oktyabr-dekabr ayları ərzində yeni nəslin ekoloji neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilən aktual layihənin çoxşaxəli fəaliyyəti ilə gənclərə ictimai-mədəni, ekoloji-informativ bilgiləndirməklə fərqli formalarda təbliğ etdiklərini bildirdi.

Layihəsinin əsas məqsədi 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələrinin diqqətini təbiətin qorunması, ekologiyaya qayğının artırılması olduğunu vurğulayan çıxışçının bildirdiyinə görə, üç ay müddətində gənclər, eləcə də geniş ictimaiyyət arasında ətraf mühitə sayğı və qayğının təbliğatı aparılıb. Prezident İlham Əliyevin elan etdiyi “2024-cü il: Yaşıl dünya naminə Həmrəylik İli”, həmçinin noyabr ayında ölkəmizdə keçirilən nüfuzlu COP29 beynəlxalq tədbirə ictimai-mədəni, ideoloji-informativ dəstək verilib. Gənclər arasında ətraf mühitin qorunmasının aktuallığı təbliği, ekologiyanın mühafizəsinin populyarlaşdırlıması, çağdaş dövrümüzün eko-problemlərinin ictimailəşdirilməsi layihənin əsas məqsədlərində idi.

Nəşr olunan “Kreativ-innovativ “Qırmızı Kitab” adlı ekoloji yazılardan ibarət toplunun əhəmiyyətini xüsusi vurğulayan A.X.Əbilov layihə heyəti olaraq gənclərin, eko-kreativlərin iştirakı ilə ədəbiyyat və sənət diliylə, eləcə də bloqqer, youtuber, tiktoker kimi yeni nəsil yaradıcı şəxslərin hazırladıqları, müxtəlif sosial şəbəkə janrları formatları ilə ölkəmizdə neo-maarifçilik hərəkatının formalaşmasına təkan verməyə çalışılıb. Gənclər arasında ədəbi-ekoloji “Qırmızı Kitab”, eko-sosial video-çarx və real ekoloji aksiya, virtual eko-kampaniyalar reallaşdırılıb, Lənkəranda real ekoloji aksiyalar, Xəzər sahilini zibillərdən təmizləmək üçün təşəbbüsləri reallaşdırmaqla, habelə onların təqdimatlarının təşkili ilə geniş ictimaiyyət arasında ölkəmizin, eləcə də planetimizin gələcəyinə cavabdehliyi vurğulamaq, bu stiqamətdə məsuliyyəti özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə maraq oyatmağı çalışılıb.

Natiq onu da xatırlatdı ki, qlobal çağırışlara uyğun gənclərin ətraf mühitin qorunmasına cavabdehliyi, təbiətin, planetin ekoloji gələcəyi uğrunda aktiv mübarizə aparmaq, zibillərin idarə edilməsi, məişət tullantılarının təkrar emalı, meşə və su hövzələrinin mühafizəsi, heyvanların, ağac və bitkilərin nəslinin tükənməsinin qarşısı alınması kimi məsələləri aktuallaşdırmaq istəyirlər. Bu istiqamətdə hər kəs öz məsuliyyəti dərk etməli, gələcəyimiz, ərzaq təhlükəsizliyimiz üçün okean, dəniz, göl, çay və içməli su hövzələrinin, havanın, torpağın, bir sözlə yaşıl planetimizin təmizliyinə çalışmalıdır. Son illər sürətlə şoranlaşan torpaqların eroziyasının qarşısı alınmasının aktuallığı, alternativ – günəş, külək enerjisi, bio-yanacaq, elektrik nəqliyyat vasitələrinə keçidin vacibliyi geniş əhali kütləsinin diqqətinə çatdırılmalıdır. Sağlamlıq üçün vacib olan fiziki hərəkətlərin insanlara xeyri, bir sözlə, eko-çağırışlara cavab verən metodlarla yeni formatlı neo-maarifçiliy dəstəkləmək günümüzün əsas çağırışıdır. Layihənin, eləcə də fəaliyyətlər KİV və yeni mediada tanıtımı eko-maarifçiliyin genişləndirilməsinə, yeni nəsil kreativlərin fəallaşmasına səbəb olacağını düşündüklərini söyləyən A.X.Əbilov  YYSİB-nin Azərbaycan Respublikasının Gənclər Fondu vasitəsilə həyata keçirdiyi bu yeni kreativ eko-layihə də estetik-kulturoloji vasitələrlə ekoloji neo-maarifləndirməni genişləndirəcəyinə, ətraf mühitin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edəcəyinə inamının böyük olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Təqdimatda söz alan Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə sektorun məsul əməkdaşı, təhsil eksperti Cəmil Axundzadə, tarixçi alim, araşdırmaçı, Lənkəran Tarix-Diyarşünaslıq müzeyinin direktoru, LDU-nun dosenti Leyla Məcidova, YYSİB sədrinin müavini Ramal Əliyev, təşkilatın cənub bölgəsinin nümayəndələri və başqaları bildirdilər ki, bu aktual ekoloji layihənin Lənkəran rayonundakı yeni nəsil nümayəndələrini, İnternet – sosial şəbəkələr vasitəsi ilə  ölkə gənclərini əhatələməklə, ekoloji maarifləndirmə işlərin aparılmasının vacibliyini göstərir.

Bütün çıxışçılar vurğuladılar ki, İnternet, yeni media, e-kitabxana, sosial şəbəkələr üzərindən respublikanın bütün əraziləri, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli fəaliyyətlərlə yeni nəsil nümayəndələrini vahid bir eko-platformada birləşdirmək vacibdir.

Tədbirdə ekoloji sosial çarx, elektron nəşrlər, çap olunan eko-toplu, sosial şəbəkədəki eyniadlı səhifə haqqında geniş məlumatlar verildi, məktəbə və iştiraçılara kitablar hədiyyə edildi,  xatirə fotoları çəkildi.

Hidayət – Ayxan Əbilli,

YYSİB sədr müavini, İctimaiyyətlə Əlaqələr, 

Analitik-İnformasiya Bölümü rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir