“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi”: YYSİB-nin layihəsi Lənkəranda təqdim olundu

Dekabrın 16-da Lənkəran rayonunda, Aşağı Nüvədi qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsinin tanıtımı, eləcə də üçaylıq məhsuldar fəaliyyətlərin nəticəsi olaraq çap edilmiş toplunun, yayıma hazırlanmış elektron nəşrlərin, eləcə də eyniadlı sənədli video-filmin təqdimat mərasimi baş tutdu.

Tədbir Dövlət Himninin canlı səslənməsi ilə başladı, daha sonra Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsi, eyni zamanda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Görüşü Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbinin direktoru Nisə Camalova açaraq Bakıdan gələn qonaqları salamladı, layihə haqqında məlumat vermək üçün sözü YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verdi.

 Layihə rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxışının əvvəlində bildirdi ki, oktyabrın 1-dən dekabrın sonuna qədər  yeni nəslin neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilməsinə başlanılan aktual layihənin çoxistiqamətli fəaliyyət formaları ilə yeni nəslə kreativ ictimai-mədəni, ideoloji-informativ dəstək verməklə, gənclər arasında milli-mənəvi dəyərləri fərqli formalarda təbliğ etmək nəzərdə tutulub.

Layihənin əsas məqsədi 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələri üçün yaradılması nəzərdə tutulan modern ideoloji-beyin modelini formalaşdırmaq, təcrübə olaraq gələcəkdə bütün respublika, eləcə də 60 milyonluq Azərbaycanlılara ünvanlanmış kulturoloji-mənəvi təşəbbüslər formatı kimi hazırlamaqdır.

Görkəmli dövlət xadimi, peşəkar siyasətçi, üzün müddət Azərbaycana rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin dəyərli həyat və məhsuldar faəliyyəti, çağdaş tariximizdəki dövlətçilik missiyası 60 milyonluq soydaşmız, eləcə də yeni nəsil nümayəndələri, gənclərimiz üçün əsl ideoloji-mənəvi sərvətdir. Son illər İnternet – sosial media və şəbəkə, müxtəlif vizual-virtual platformalardan aşırı dərəcədə yad ideoloji-mədəni, dini-mənəvi təsirlərə məruz qalan gənclərimizin təlim və tərbiyəsində, ölkəmiz, xalqımız üçün gərəkli şəxsiyyət olaraq formalaşmasında Ulu Öndərin bizə miras qoyduğu tarixi əhəmiyyətli unikal irsinin, Vətənsevərliyin, Azərbaycançılığın rolu əvəzsizdir. Gənclərimizin, xüsusən də idmançıların və məktəblilərin yad təsirlərdən qorumaq üçün əsl milli düşüncə, inam, öyrətmə mənbəyi kimi Ulu Öndərin zəngin və dəyərli irsinindən yararlanmaq çox vacibdir.

İnternet – qlobal informasiya dövründə bəzi boşluqları doldurmaq üçün ideoloji zəmin yaratmaq, soydaşlarımızın doğma dəyərlərə qayıdışın təməl prinsiplərini hazırlamaqla yanaşı, bu istiqamətdə İqlobal informasiya məkanında çoxsaylı saytlar, məlumatlar, kontentlər, audi-vizual və virtual məhsulların yerləşdirilməsinə böyük ehtiyac duyulur. Bu aktual istiqamətdə isə bizim bir sarsılmaz dayağımız var: o da məzarı and yerimiz, ruhu milli varlığımıza çevrilmiş, bütün şüurlu ömrünü millətimizin birləşməsinə, bütövləşməsinə, formalaşmasına, inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin ölməz irsi, çıxışları, xatirəsi, yadigar qoyduğu modern respublikamız, Azərbaycançılıq ideologiyası, qələbələrə imza atan fəlsəfi-dövlətçilik məktəbidir. İKT və İnternet zamanında vizual-virtual məhsulların geniş kütlələrə, eləcə də beynəlxalq ictimaiyyətə (avtomat tərcümə proqramları, süni intellekt, yeni İK alətləri, formatları vasitəsilə) daha tez təsirini nəzərə almaqla bu mövzuda kontentlərin – elektron kitabxana, e-nəşrlər, onlayn TV, yeni media formatları ilə bu sahədəki boşluqları doldurmaq mümkündür.

İnternet, KİV, TV, sosial şəbəkələr və yeni İKT alətləri, eyni zamanda xaricdən “ixrac edilən” ziyanlı ideoloji-mənəvi həmlələrə qarşı Ümummilli Lider Heydər Əliyevin ölməz siyasi-dövlətçilik irsi, kulturoloji dəyər kəsb edən Azərbaycançılıq, Vətənsevərlik ideyalarını, məhsuldar həyat və tarixi fəaliyyətini bir humanitar-kreativ, ruhani-əxlaqi estetik-düşüncə vasitəsinə, təsir tendensiyasına çevirməklə yeni nəslin milli ruhda böyüməsinə yardımçı olmaq mümkündür. Bu baxımdan da gənc nəslin ideoloji-mənəvi kumiri hansısa xarici lider, yaxud filosof, yazıçı deyil, məhz bütün süurlu həyatını Azərbaycanın müstəqilliyinə, inkişafına, gələcəyinə yönəltmiş Ulu Öndər Heydər Əliyev kimi dahi olmalıdır. Layihənin də əsas məqsədi bu istiqamətdə fərqli, alternativ modelin hazırlanması, təşəbbüsün yayılmasını təmin etmək üçün ideya-beyin mərkəzlərinin yaradılmasına nail olmaqdır.

Heydər Əliyevlə bağlı gənclər üçün kitabın kağız və rəqəmsal variantı hazırlanıb, bu istiqamətdə e-nəşrlərin və vizual məhsulların İnternet və sosial şəbəkələrüstü dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin əsas istiqamətlərindən biri də kulturoloji-ideoloji, kreativ-intellektual texnologiyaların – milli-mənəvi dəyər kəsb edən, tarixi-mədəni, mənəvi-ruhi əhəmiyyət daşıyan, yeni İKT alətlərindən yararlanmaqla, innovativ-kreativ təbliğat kampaniyasının gerçəkləşdirmək üçün müxtəlif fəaliyyətləri reallaşdırmaq planlaşdırılır.

Fəaliyyətlərin məntiqi nəticəsi olaraq modul tipli düçüncə mərkəzi yaradılması nəzərdə tutulur ki, bu da çevik, real imkanlar ortaya qoyacaq. Ulu Öndərin ölməz irsinin tarixi proseslərin məntiqi nəticəsi kimi qabardılacaq, milli-mədəni dəyər qazanmış ictimai-mədəni, sosial-siyasi, humanitar-estetik sərvət olaraq İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılacaq.

Lənkəranda yerləşən iki orta məktəbdə “Gənclər üçün “Heydər Əliyev” innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual formatlı Mərkəz yaradılması üzərində də iş getdiyini bildirən A.X.Əbilov məktəb kitabxanaları üçün üçün müxtəlif mövzulu yeni kitablardan ibarət hər biri 100 nüsxəlik mini-kitabxana bağışlanır, sosial şəbəkələrdə layihənin və modelin ayrıca səhifəsi hazırlanıb, ardıcıl zənginləşdirilir. Elektron kitabxanada ayrıca alt-bölüm hazırlanıb, orada yeni e-nəşrlər yayımlanır. Heydər Əliyev və gənclər mövzusuna həsr olunmuş 10 e-kitab hazırlanaraq yeni nəslin istifadəsinə verilib. İnternetdə və sosial şəbəkələrdə bu rəqəmsal nəşrlərin virtual sərgisi təşkil olunub. Müxtəlif saytlarda, sosial şəbəkələrdə, video-platformalarda, e-kitabxanada mütəmadi olaraq materiallar yerləşdirilir, virtual sərgi müzakirə və debatlar keçirilir.

Sonra söz alan YYSİB sədrinin müavini Ramal Əliyev, təşkilatın cənub bölgəsinin rəhbəri Məhəmməd Məmmədov, Lənkəran rayon şöbəsinin sədri Nizami Şıxcanov və başqaları çıxışlarında bildirdilər ki, bu aktual layihənin Bakı şəhəri, eləcə də modelin ilkin olaraq yaradılması nəzərdə tutulan Lənkəran rayonundakı yeni nəsil nümayəndələrini,  İnternet – sosial şəbəkələr vasitəsi ilə  soydaşlarımız yaşayan dünya ölkələrindəki gəncləri əhatələməklə, milli-mənəvi, ideoloji işlərin aparılmasını yüksək dəyərləndirdilər. Çıxışçılar vurğuladılar ki, İnternet, yeni media, e-kitabxana, sosial şəbəkələr üzərindən respublikanın bütün əraziləri, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli fəaliyyətlərlə yeni nəsil nümayəndələrini vahid bir ideoloji platformada birləşdirmək mümkündür.

Daha sonra məktəbə  kitablar hədiyyə edildi, video-film nümayiş olundu. Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevin aforizmlərindən nümunələri oxudular, xatirə fotoları çəkildi.

Hidayət – Ayxan Əbilli,

YYSİB sədr müavini, İctimaiyyətlə Əlaqələr,  

Analitik-İnformasiya Bölümü rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir