“Qız uşaqlarına münasibət istədiyimiz kimi deyil” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan təklif
Azərbaycan doğulan uşaqların cinsi nisbətinin pozulmasına görə dünyada ilk pillələrdə yer tutan ölkələrdəndir. Mövcud vəziyyətlə bağlı aparılan araşdırmalar göstərir ki, belə vəziyyətin davam etməsi gələcəkdə xoşagəlməz nəticələrə səbəb ola bilər.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturolog Aydın Xan Əbilov “Yeni Azərbaycan”- a açıqlamasında bildirir ki, sovet dövründə oğlan uşaqlarını daha çox arzulayırdılar. O, bildirib ki,
ölkəmizdə qadınlara, qız uşaqlarına xüsusi münasibət həmişə olub və bu münasibətlə bağlı hər zaman mental dəyərlərdən olan müsbət cəhətlərini qabartmış, mənfi tərəflərini isə tənqid etmişik: “Qeyd edək ki, sovet dövründə oğlan uşaqlarını daha çox arzulayırdılar. Və bu düşüncə ilə qız uşaqlara hamiləlikləri tələf edirdilər. Bu, daha çox kənd yerlərində işçi qüvvəsinə olan ehtiyacdan irəli gəlirdi. Qadınlar ağır işlər görə bilmədiyi üçün, bu işlərə daha çox kişilər cəlb olunurdu. Azərbaycanda elə bölgələrimiz var ki, oğlan uşaqları qız uşaqlarına nisbətən 30/40 faiz çox idi, qız uşaqların isə dünyaya gəlməsinin qarşısı alınırdı. Görülən tədbirlər, ictimai tənqid, beynəlxalq qurumların Azərbaycana verdiyi tövsiyələrdən sonra bu problem nisbətən öz həllini tapdı. Yenə də düşüncə tərzində qız uşaqlara münasibət istədiyimiz kimi deyil”.
Mütəxəssisin sözlərinə görə, xüsusilə kənd yerlərində qız uşaqlarına qarşı tətbiq olunan qadağalarla daha çox rastlaşırıq: “Get-gedə onların böyük əksəriyyəti maariflənərək öz haqlarını müdafiə edə bilirlər”.
Havar Şəfiyeva

