Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycan gəncləri. Ramal Əliyev yazır
Çağdaş tariximizdə unudulmaz iz buraxmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan müstəqilliyini bərqərar edib gücləndirdikdən sonra yeni nəslin formalaşması, mətinləşməsi, inkişafı, eləcə də ictimai həyatda fəal iştirakının təmin edilməsinə yönəlmiş bir çox mühüm təşəbbüslər irəli sürmüşdür. Onun respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan gəncləri üçün bir sıra proqram və layihələr həyata keçirilib, ictimai-sosial, elmi-mədəni və idman sahələrində, həmçinin, təhsil, məşğulluq, gənclərin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyini formalaşdıran əsas qüvvə hesab edirdi. O, gənclərin təhsili, peşəkar inkişafı və məşğulluq imkanlarının yaxşılaşdırılması üçün bir sıra təşəbbüslər həyata keçirib. Məhz onun təklifi ilə 1997-ci ildə “Azərbaycan Gəncliyi” Dövlət Proqramı təsdiq edildi və bunun sayəsində gənclərin inkişafı üçün hüquqi və sosial baza yaradıldı.
Heydər Əliyev gənclərin təhsilinin yaxşılaşdırılması, onların müvafiq sahələrdə beynəlxalq səviyyədə təcrübə qazanması üçün proqramlar həyata keçirdi. Onun rəhbərliyi ilə gənclərin xarici ölkələrdə təhsil alması üçün dövlət dəstəyi göstərilib, gənclərin təhsil imkanları genişləndirilib. Biz bunu xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Heydər Əliyev Fondunun müxtəlif maarifləndirici proqramlarında gördük.
Böyük tarixi şəxsiyyət kimi Heydər Əliyev gənclərin mədəniyyət, idman və sosial sahələrdə fəal iştirakını da dəstəkləyirdi. Onun dövründə gənclər üçün bir çox mədəni, idman və elmi tədbirlər təşkil edilmiş, gənclərin öz potensiallarını daha da inkişaf etdirmələri üçün müxtəlif imkanlar yaradılmışdır. Gənclərimiz isə öz növbəsində, öz kumirləri saydıqları Heydər Əliyevin ölkənin inkişafındakı fəaliyyəti, siyasi və ictimai təşəbbüslərinin dəstəklənməsində xüsusi mövqe ortaya qoyurdu.
Gənclərin təhsili və məşğulluğu məsələsi Heydər Əliyevin rəhbərliyi dövründə prioritet məsələlərdən biri idi. Dövlət tərəfindən gənclərin məşğulluğu üçün, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində müxtəlif iş yerləri yaradılır, gənclərin əmək fəaliyyətinə cəlb olunması üçün əlverişli imkanlar ortaya qoyulurdu. Bu, həm də gənclərin sosial problemlərinin həllinə kömək edirdi ki, Ulu Öndərin o uzaqgörən siyasəti indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev təkcə dövlət səviyyəsində deyil, özəl sektorda da gənclərə imkan yaratmağa çalışırdı. Onun dövründə ölkə gəncləri iqtisadi inkişafın aparıcı qüvvəsi kimi cəmiyyətin inkişafında mühüm rol oynamağa başladılar. Bu dövrdə gənclər arasında sahibkarlığın inkişafı, sosial təşəbbüslərin gücləndirilməsi və ictimai fəallığın artırılması istiqamətində yüzlərlə layihə həyata keçirilib.
Ümumiyyətlə, Heydər Əliyev yeni nəslin nümayəndələrini Azərbaycan cəmiyyətinin inkişafında mühüm rol oynayan əsas qüvvə kimi görür və buna görə də gənclərlə bağlı bir çox müsbət islahatlar həyata keçirirdi. Bu dövlətçilik islahatları isə Azərbaycan gənclərinin öz potensiallarını reallaşdırmağa, ölkənin inkişafında fəal iştirak etmələrinə şərait yaradıb.
Təməlini Ulu Öndərin qoyduğu dövlət gənclər siyasətinin davamını Prezident, Ali Baş Komandan İlham Əliyev 20 ildən çoxdur ki, böyük uğurla davam etdir. Bu davamlı siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan gəncləri dünyada mədəniyyət, incəsənət, elm, hərb, idman və digər sahələrdə böyük uğurlar əldə etməkdədirlər.
Sözsüz ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin məntiqi davamı 44 günlük II Qarabağ müharibəsində tarixi Zəfərin qazanılmasında, eləcə də Azərbaycan torpaqlarının bütövləşməsində Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş milyonluq gənclərimizin rolu əvəzolunmazdır.
Düşünürəm ki, Ulu Öndər Heydər Əliyevin işıqlı ruhu indi şaddır: axı o belə qəhrəman, vətəninə sadiq Azərbaycan gəncliyini arzulayırdı…

Ramal Əliyev,
YYSİB sədr müavini, ekspert

