Naxçıvan Milli Teatrının istedadları. Jalə Cəfərova yazır
TEATRIN TOZUNU BİR DƏFƏ UDAN ADAM BAŞQA HAVAYLA NƏFƏS ALA BİLMİR…
Teatr – gözyaşları ilə gülüşün ortaq məkanı, sənətçilər məktəbidir . Teatr elə bir tribunadır ki, ordan köhnəlmiş, yaxud saxta əxlaq normalarının çürüklüyünü açmaq olar…
Teatrı sevdiyim kimi bu sənətin fədailəriylə ünsüyyətdə olmaqdan da böyük zövq alıram. Onları, sadəcə, dinləmirəm, dinlədikcə, çox, həm də çox şey öyrənirəm.
Bu dəfə Naxçıvana qısa səfərə gəldiyim üçün heç bir tamaşaya baxa bilməsəm də, bir-birindən dəyərli, gənc peşəkar aktyorlarla bir çox vacib məqamlardan söhbət açdıq, iki saatın necə gəlib keçdiyini hiss etmətdik.
Səhər Naxçıvan Milli Teatra gedib teatrın baş rejissoru, “Müstəqil Şah-Mat” Teatrın bədii rəhbəri Mirqabil Əkbərovla görüşdüm. Hazırda teatrın işlərinin çox olmasına baxmayaraq, vaxt ayırıb bu yaxınlarda İsveçdə yaşayan həmyerlimiz Eluca xanım Atalının “Odunçunun nağılı’” folklor nümunəsi əsasında hazırlanmış (rejissor Ləman Vəliyeva) tamaşasının necə uğurla baş tutmasından, eləcə də COP29 çərçivəsində tamaşanın Bakıda göstəriləcəyi barədə məlumat verdi. Əlbəttə çox sevindim.
Axşama doğru irəliləyən saatlarda bir masa ətrafında üç parlayan işıqla – sənət fədailəriylə söhbət məni xeyli duyğulandırdı: ən gözəl olan o idi ki, mənim başqa bir görüşüm olmasına baxmayaraq, həmsöhbətlərdən ayrılmaq istəmirdim.
Buyurun tanış olun: Səyyad Məmmədov – Naxçıvan Milli Dram teatrın dram aktyoru , ‘”Yeni Era” Uşaq və Gənclər Teatrının yaradıcı rəhbəri.
Səyyad bəylə keçən il tanış olmuşduq. Dünyaşöhrətli rəssam İbrahim Safinin 125 illik yubileyi münasibətiylə hazırladığım təqdimatda az bir zaman çərçivəsində rəssamın səhnədəki obrazı (eləcə də başqa personajlar) elə mükəmməl hazırlanmışdı ki, nə o vaxt nə də indi o möhtəşəmliyi ifadə etməyə söz tapa bilmirəm. Səyyad bəy dünyaya göz açdığı gündən eşitdiyi həzin laylaların səsini ömrünü bu gün də sənətdən, teatrdan ayırmayan Zəminə xanımın ana səsiylə dinləyib.
Zəminə Məmmədova saprona səs telinə aid sənətkardır. İllər sonra aydın olub ki Səyyad bu səsin sehrinə elə aludə olub ki, gəl, gorəsən. Bir də baxıb ki, artıq əziz anası ilə çiyin-çiyinə eyni sənət məbədində insanların ruhunun düzgün, zəngin formalaşmasına xidmət edən sənətkara çevrilib. Səyyad bəyin həyat yoldaşı Həcər xanım Məmmədova Naxçıvanda ilk qadın rejissorumuzdur. Bu hələ hamısı deyil. Səkinə xanım da (Səyyad bəyin bacısı) ömrünü teatra bağlayan gənc istedadlı aktrisalarımızdandır…
Sizi bilmirəm, mən incəsənətlə nəfəs alan, sənətin özünəməxsus çətin, keşməkeşli yollarında büdrəsələr də, şəstlə ayağa qalxıb öz yaşıl işığıyla addımlayan bu insalara, sadəcə, qibtə etdim.
Ələsgər Quliyev: Milli Dram Teatrın dram aktyoru. Yolunuz Naxçıvana düşsə, mütləq, bu işıqlı insanla tanış olun. Ələsgər bəy də sənətkar ailəsində dünyaya göz açıb və vurğunu olduğu bu sənətə gəlməsinə qəti etiraz ediblər. Bir müddət tam fərqli bir sahədə – hərbiçi kimi çalışsa da, səhnə sənətinə olan sevgisi 2015-ci ildən onu qırılmaz tellərlə artıq munis sevgisinə – teatra bağlayıb.
Ələsgər bəy sevib-seçdiyi bu sənət haqqında söylədiyi fikrindən sonra daha sual verməyə lüzum qalmadı. ‘’Jalə xanım, gözəl bir deyim var. Teatrın tozunu bir dəfə udan adam başqa havayla nəfəs ala bilmir: (gülümsəyərək) eynən mənim kimi…‘’
Vəfa Qurbanzadə: ‘’Üç ildir Milli Dram Teatrındayam, haradasa 20-yə yaxın rolum olub, ancaq ən çox ifa etdiyim rollarım universitetdə olub,‘’ – desə də, söhbət əsnasında insan qarşısında sanki illərin peşəkar sənətkarıyla qarşılaşdığını zənn edirsən.
Vəfa xanım mənə çox həssas və kövrək xanım təsiriylə yanaşı teatrın yazılmamış, bəzən insanı ruhdan sala biləcək qədər amansız qanunlarına yetərincə sinə gərməyi bacaran, sözünün kəsərini, qədərini bilən xanım-xatın təsiri bağışladı.
Yolun açıq olsun, ay sənət fədaisi…
Mən də ta uşaqlıqdan teatra olan sevgimin hardan və necə qaynaqlandığını danışdım. Teatrdakı repertuarlardan tutmuş, bəzi sənətkarların mənəmlik iddiasının həm teatr, həm də kollektiv üçün acı nəticələrinə qədər müxtəlif məsələlər haqqında düşüncələrimizi paylaşdıq.
Hər üç gənc, eyni zamanda, peşəkar sənətçinin oxsar movqeyinə gülümsəyərək, həm də acı-acı gülümsəyərək, bir neçə misal çəkdik, söhbətimizi yekunlaşdırdıq.
P.S. Teatrın simvolunun iki üzü var: bu, səhnədə olan aktyorlara isarədir. Bir tərəfi ağlayır, o biri tərəfi gülür. Çox təəssüf ki, bizim həyatda bizim bəzi aktyorlarımız var ki, onlar səhnəylə kerçək həyatı səhv salırlar. Əslində isə həyatda əsl sənətkarın bir üzü olmalıdır, çünki insanda hər şeydən öncə xarakteri önəmlidir…
Jalə Cəfərova
Naxçıvan – Bakı. 07.11.2024