Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsi: nələr artırılır, nələr azaldılır…

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin göstəricilərinə dair açıqlama yayıb. Sənəddə gələn ilin dövlət və eləcə də icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib.

Belə ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 38 316 000,0 min manat, 41 367 600,0 min manat isə xərcləri (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 520 952,0 min manat, yerli gəlirləri 795 048,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 567 265,0 min manat, yerli xərcləri 800 335,0 min manat) məbləğində təsdiq ediləcək.

Modern.az-ın məlumatına görə, 2025-ci ildə bəzi sahələrə ayrılan xərclər kəskin azalacaq, bəzi sahələrdə isə ənənəvi olaraq artım baş verəcək. 

Belə ki, büdcədə iqtisadi fəaliyyət xərcləri – 8 milyard 444 milyon manat nəzərdə tutulub. 2024-cü illə müqayisədə iqtisadi fəaliyyət xərclər 1 milyard manatdan çox azaldılıb. 2024-ci ildə bu məqsədlə  9 milyard 903 milyon manat nəzərdə tutulmuşdu.

Ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 247,2 milyon manat ayrılacaq. Xatırladaq ki, 2024-cü ildə ümumi dövlət xidmətləri üzrə xərclər 4 milyard 543 milyon manat nəzərdə tutulmuşdu. 

Müdafiə və milli təhlükəsizlik üzrə xərclər də çoxaldılır. 2025-ci ildə bu məqsədlə büdcədən 8 milyard 396 milyon manat ayrılması nəzərdə tutulur. 2024-cü ildə müdafiə və milli təhlükəsizlik xərcləri 7 milyard 126,3 milyon manat nəzərdə tutulmuşdu. 

Təhsil xərcləri artırılır – 2025-ci ildə bu istiqamətdə 4 milyard 946 milyon manat ayrılacaq. Bu 2024-cü illə müqayisədə 396 milyon manat artıqdır. Qeyd edək ki, 2024-cü ildə təhsil üçün büdcədə 4 milyard 550 milyon manat nəzərdə tutulmuşdu. 

Növbəti il səhiyyə xərcləri də artırılır. Büdcə layihəsinə əsasən 2025-də səhiyyəyə 1 milyard 999 milyon manat ayrılacaq. Bu 2024-cü ildən 133 milyon manat və ya təqribən 7% artıqdır. 2024-cü ildə bu məqsədlə 1 milyard 866 milyon manat ayrılmışdı. 

Sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 811 milyon manat ayrılacaq. Bu 2024-cü illə müqayisədə 420 milyon manat artıqdır. Xatırladaq ki, 2024-cü ildə bu istiqamət üçün 4 milyard 391 milyon manat ayrılmışdı. 

Məhkəmə hakimiyyəti, hüquqmühafizə və prokurorluq üzrə xərclər yenə artırılıb – 2025-ci ildə bu sahədə 3 milyard 205 milyon manat sərf ediləcək.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər sahələrə 635 milyon manat ayrılacaq, bu 2024-cü illə müqayisədə  59 milyon manat və ya təqribən 10% artıqdır. Xatırladaq ki, 2024-cü ildə bu sahənin xərcləri 576 milyon manat olub. 

2025-ci ildə ətraf mühitin mühafizəsi üzrə xərclərə 417 milyon manat və ya 2024-cü illə müqayisədə 40 milyon manat və ya 11% artıqdır. Bu il həmin məqsədlərə 377 milyon manat ayrılıb. 

Gələn il dövlət büdcəsindən kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 171 milyon manat ayrılacaq. Bu 2024-cü illə müqayisədə 31 milyon manat azdır. 2024-cü aqrar sahəyə 1 milyard  203 milyon manat nəzərdə tutulub. 

2025-ci ildə mənzil və kommunal təsərrüfatı üzrə xərclər 364 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə 180 milyon manat azalaraq 1 milyard 573 milyon manata düşüb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir