Azərbaycan və Bakı susuz qala bilər: su gələcəyi ilə bağlı bədbin proqnozlar
Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni hədəflər müəyyən olunub. Bu istiqamətdə müvafiq işlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”ya əsasən həyata keçiriləcək. Sənədə görə, Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır.
Strategiyaya əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması nəzərdə tutulur.
Yeni hədəflərə görə, Azərbaycanda su tariflərinin diferensiallaşdırılması da planlaşdırılır. Bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması nəzərdə tutulur. Bunun üçün “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması gözlənilir.
Su ehtiyatlarından səmərəli istifadəyə dair yeni hədəflər çərçivəsində Azərbaycanda süni yağış texnologiyası da sınaqdan keçiriləcək. İlkin olaraq bununla bağlı bir pilot layihənin icra olunması nəzərdə tutulur. 2024−2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı bir pilot layihənin icrası təmin ediləcək.
Bəs, görəsən, yeni Strategiyadan gözləntilər nədən ibarətdir? Qarşıya qoyulan hədəflər su resurslarından daha səmərəli istifadə olunmasına imkan yaradacaqmı?
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan su resursları baxımından həssas ölkələr sırasındadır. Ölkənin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. BMT-nin İnkişaf Proqramının proqnozlarına görə, lazımi addımlar atılmazsa, 2050-ci ilədək su resursları daha da azalacaq. Bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Son 30 ildə ölkənin su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər daha 15-20 faizə qədər azalacağı ehtimal edilir.
Su məsələləri üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, sözügedən sənədin təsdiq olunmasının çox ciddi səbəbləri var. Ekspert ölkənin su gələcəyi ilə bağlı bəzi bədbin proqnozların mövcud olduğunu deyib: “Proqnozlara əsasən, Azərbaycan gələcəkdə kəskin su stresi yaşayan ölkəyə çevrilə bilər. İqlim dəyişmələri, əhali sayının artması, ölkənin coğrafi vəziyyətinin uyğun olmaması su ehtiyatlarının azalmasına təsir göstərir. Sözügedən sənəddə sudan səmərəli istifadə edilməsinə dair yeni hədəflər və proqram müəyyən olunub. Su itkilərinin azaldılması, alternativ su mənbələrindən istifadənin artırılması, çaylardan və yeraltı su mənbələrindən götürülən suların mümkün qədər azaldılması, kənd təsərrüfatında sudan istifadəyə imkan verən müasir suvarma üsullarının tətbiqi, torpaq kanalların betonlaşdırılması və suya mümkün qədər qənaət olunması sənədin əsas qayəsini təşkil edir. Biz su idarəçiliyini yeni bir vəziyyətə gətirməliyik. Məhz belə olduğu təqdirdə, bizi gözləyən bədbin proqnozlardan yayına bilərik”.
Coğrafiya elmləri doktoru Səid Səfərov isə sözügedən sənəddə əsas diqqəti dəniz suyunun duzsuzlaşdırılması məsələsinə yönəldərək deyib ki, bu, strateji bir addımdır: “Bakı və Abşeron yarımadasına su kənardan gəlir. Yarımadada Azərbaycan əhalisinin çox hissəsinin yerləşdiyinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Hər hansısa bir konflikt baş verərsə, ciddi bir su problemi yaşaya bilərik. Bakı şəhəri susuz qala bilər. Ona görə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi stratejidir və çox vacibdir. Lakin bu o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyatlardan mütləq ehtiyaca uyğun şəkildə istifadə etməliyik”.
İqtisadçı-ekspert Emin Qəribli vurğulayıb ki, yeni strategiya müasir avadanlıqları, süni yağış kimi texnologiyaları Azərbaycanda sınaqdan keçirməyə imkan yaradacaq: “Gələcəkdə dünyanın bir neçə bölgəsinin kəskin su problemi ilə üzləşəcəyinə dair proqnozlar var. Həmin ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Düşünürəm ki, iqtisadi siyasətimizi məhz bunu nəzərə alaraq həyata keçirməliyik. İsrail kimi ölkələr uzun illərdir bu problemlə yaşayır, hətta kənd təsərrüfatı sahəsində də ixtisaslaşıblar. Burada əsas məsələ problemin həllinə yönəlik addımların düzgünlüyü və resursların ədalətli bölüşdürülməsidir”.
Ekspert su tariflərinin diferensiallaşdırılması məsələsinə də toxunaraq deyib ki, bu istiqamətdə təsnifatlaşdırma mütləqdir. Onun sözlərinə görə, bununla bağlı qərar qəbul edilərkən əhalinin həssas qrupları nəzərə alınacaq: “Strategiyada qeyd olunub ki, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionlar müəyyənləşdiriləcək. Bunun çərçivəsində tariflərin diferensiallaşdırılması və ilkin olaraq pilot layihə kimi tətbiq olunması planlaşdırılır. Əgər pilot layihə effektiv olarsa, onun tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq”.
Həmsöhbətimizin fikrincə, Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, bu, gələcəkdə ölkəmiz üçün əlavə gəlirlər gətirə bilər: “Su çatışmazlığı riski təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur. Bizdə bu problem hələlik kəskin şəkildə özünü göstərmir. Ola bilsin ki, 10-15 il sonra bunu daha dərindən hiss edək. Ona görə də bütün ssenarilərə hazır olmalıyıq. Hökumət çalışır ki, problem dərinləşmədən qarşısını almaq mümkün olsun. Əgər nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, gələcəkdə əldə etdiyi təcrübə və bilikləri ixrac etməklə əlavə gəlir də edə bilər”.
Mənbə: “Kaspi” qəzeti