Əksər gənclər niyə xaricə üz tutur? – YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov

Hazırkı dövrdə dünyanın və texnologiyanın yüksək templə inkişaf etməsi gənclərin həyatına da təsir göstərir.


Qeyri rəsmi statistikaya görə son 10 il ərzində 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək xaricə üz tutub. Onların arasında gənclər böyük üstünlük təşkil edib.

Maraqlıdır, bu qədər gəncin xaricə üz tutmasının səbəbi nədir?

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov xalqların növbəti yerdəyişməsinə və buna səbəb olan faktorlara diqqət çəkib:

“Biz qlobal dünyada yaşayırıq və xalqların artıq növbəti yer dəyişməsi prosesi başlayıb. Burada bir çox faktorlar var. Birinci ekoloji, ikinci sosial, üçüncü siyasi, dördüncü müharibələr, beşinci iqtisadi, altıncı isə dünyanın bir çox inkişaf etmiş ölkələrinin imkanlarından yararlanmaq istəyidir. Bütün bunlar Azərbaycana da aiddir. Bizdə siyasi cəhətdən mühacirətə gedənlərin sayı demək olar ki, azdır. Lakin bizdə daha çox intelektual, yəni beyin axını baş verir. Çünki Azərbaycan iqtisadi baxımdan dünyanın aparıcı ölkələrinə baxanda kiçik bir ölkədir. Burada əhalinin 60-70%- i cavanlardan ibarət olduğuna görə hər kəs özünə, bitirdiyi ali məktəbdəki ixtisasa aid iş tapa bilmir. Belə bir vaxtda Azərbaycanda gənc işçi qüvvələrin və beyinlərin axınının növbəti mərhələsi başlayıb.
Əvvələr də bu proses olub.
SSRİ dağılandan sonra müstəqilliyin ilkin illərində Rusiyaya daha sonra Türkiyəyə, MDB ölkələrinə böyük işçi qüvvəsi getdi. Onların həmin ölkələrin həm iqtisadiyyatını yüksəklətməkdə həm də demoqrafik problemlərin həllində köməkləri dəydi. Türkiyəyə bizim daha çox intelektuallar: 40 minə yaxın professor, müəllim heyyəti getdi. Türkiyə onun xeyirini artıq 30 ildən sonra gördü. Dünyanın aparıcı ölkələrindən birinə çevrildi. Türkiyənin elə bir sahəsi yoxdur ki, orada azərbaycanlılar öz bilik və bacarıqlarını ortaya qoymasınlar. Bu və ya digər dərəcədə Türkiyənin iqtisadiyyatını dünya iqtisadiyyatı səviyyəsinə qaldırmasınlar.
Hər iki bazar böyük bazardır. Ona görə də azərbaycanlılar ora getməsi normal sayılmalıdır. Rusiya və Türkiyədən sonrakı 3- cü mərhələ bu bir az yumuşaq mühacirət idi. Bəzi insanlar Azərbaycanda özünü görə, tanıya bilmirdilər. Bəziləri siyasi baxışlarına görə, bəziləri isə kütləvi şəkildə işsizliyə görə Azərbaycanı tərk etməyə və yaxud öz bilik və bacarıqlarını xaricdə iri dövlətlərin bazarlarında reallaşdırmaq üçün dünyanın müxtəlif ölkələrinə üz tutdular. Bizimkilərin üz tutduqları məkan olaraq burada Şərq, Ərəb, Qərb, Avropa ölkələri var”.

Aydın Xan Əbilov Azərbaycanda oxuyan və təhsil sistemində problemlərə görə xaricə üz tutub ali təhsil dalınca gedən gənclərimizin xüsusilə cavan oğlanlarımızın daha çox yeni iş yerlərini yaratmaq, yeni iş yerlərində öz bacarıqlarını ortaya qoymaq üçün ya oxuduqları ölkədə qalırdıqılarını, ya da buradan köçüb getdiklərini bildirib:

“Buna normal baxmaq lazımdır. Çünki qlobal geosiyasi və geoiqtisadi dünyada yaşayırıq. Xalqların, toplumların, fərdlərin inteqrasiyası ilə yanaşı həm də bir ölkədən digər ölkəyə getməsi də normal qarşılanmalıdır.
Türklər vaxtı ilə Almaniyaya, ərəblər vaxtı ilə Fransaya, iranlılar Amerikaya, Kanadaya gediblər. İndi həmin prosesə azərbaycanlılar da qoşulublar. Bu bir müddət davam edəcək. Sonra bu proses zəifləyəcək. Çünki Azərbaycanın özündə də demoqrafik problemlər var. Bilirsiniz ki, uzun müddət bizdə doğum sayı ölüm sayını üstələyib. İndi isə doğum get- getə azalır. Ailələrdə bir- iki uşaqdan artıq uşaq olmur. Onların da böyük əksəriyyəti sağlamlığında problem olan əlil övladlardır.
İqtisadiyyatın güclü inkişaf etdiyi, Qarabağı bərpa edən, Qərb- Şərqi birləşdirməyə iddialı olan məkan olaraq bizə bir neçə vaxt sonra işçi qüvvəsi lazım gələcək. Bu işçi qüvvəsinə daha çox intelektual, zehni sahədə lazım olacaq. Çünki daha böyük bir həmlə dünyanı öz ağuşuna alır. Bu da süni intelekt, süni zəka, avtomatlaşma, robotlaşmadır. İnformasiya texnologiyalarının dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da həyatın bütün sahələrinə yetərincə təsiri çox güclüdür.
Artıq fiziksəl olaraq insan qüvvəsinə ehtiyac yoxdur. Mexaniki və avtomatlaşdırılan maşınlardan istifadə etmək hətta kənd təsərrüfatında belə traktor və digər əkin- biçin maşınlarından istifadə etmək, emal zavodlarının robotlaşması bizim ölkədə də işçi qüvvəsinə ehtiyacın azalmasına səbəb olur. Bu, Amerikada da, Rusiyada da belədir. Onlarda demoqrafik problemlər, əhalinin qocalması var. Pensiyonerlərin çoxalması, gənc işçi qüvvələrinin azlığı və bu kimi problemlərin olduğuna görə bizim insanlar ora gedirlər. Amma yaxın gələcəkdə çox bizdə də xidmət sahələri, turizm sahəsi və bir çox iqtisadi modellər qurulandan sonra özümüzə də işçi qüvvələri lazım olacaqdır”.

Ekspert Azərbaycanın Qərb- Şərq arasında nəqliyyat qovşağında yerləşdiyini, Qarabağda çox böyük yenidən qurma işlərinin aparıldığını, Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizinin açılmasından sonra iqtisadi kommunikasiya və loqistika sahəsində böyük işçi qüvvələrinə ehtiyacımızın olacağını da qeyd edib:

“Hələlik ali təhsilli gənclər fikirləşirləri ki, Azərbaycan onlar üçün məhdud iqtisadi zonadır. Buna görə də onlar xaricə üz tuturlar. Bu normaldır. Həm də nəzərə almaq lazımdır ki, bizdə uzun müddət qız uşaqları abort olunduğuna görə illər olub ki, 140 oğlan uşağına rəğmən 100 qız uşağı dünyaya gəlib. Bu da sosial böhrana gətirib çıxarıb. 30- 40% Cavanlarımızın evlənə bilməməsi, Azərbaycanda qız tapa bilməməsi ona gətirib çıxarıb ki, onlar təhsil aldıqları yerlərdə özlərinə tay tapdıqları xanımlarla evlənirlər. Onlar orada işləyirlər, ailə qururlar, iş yerləri yaradırlar. İstənilən halda ölkə prezidenti də dəfələrlə bunu vurğulayıb ki, əgər həmin insanlar dövlət xətti ilə ya da öz hesabına gedib xaricdə oxuyurlar ya da yaşayırlarsa deməli onlara o imkanlar yaradılıb. Biz də Azərbaycanda elə imkanlar yaratmalıyıq ki, həmin şəxslər: tələbələr, gənclər, ixtisaslı mütəxəssislər Azərbaycana qayıtsınlar və yaxud burada işləsinlər. İstənilən halda orada yaşasalar da indi böyük bir problem yoxdur. Lakin həmin insanlar Azərbaycana qayıdaraq buranın kiçik bir icmasını daha sonra isə diasporasını təşkil edəcəklər. Lazım gələndə biz onların gücündən, qüvvəsindən də istifadə edə bilərik.
Biz elə bir şərait, elə bir iş yerləri qurmalıyıq ki, xidmət sahələrini, qeyri adi iş yerlərini, kreativ biznes sahələrini inkişaf etdirməliyik ki, bizim insanlar xüsusəndə gənclərimiz xaricə üz tutmasınlar əksinə Azərbaycanda qalıb işləsinlər və bizim ölkəmizin hər tərəfli inkişafına kömək etsinlər”.

Banuçiçək Kalbalıyeva

https://informator.az/news_11827.html  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir