43 il əvvəl Azərbaycana gəldi, gördüklərindən şok oldu: sirli işarə…
Tarixin fərqli dövrlərində Yaponiya, Yuta və Azərbaycanda mövcud olmuş qədim yaşayış məskənlərində aşkarlanan petroqliflərin bənzərliyi diqqət çəkib.
Üç ayrı ölkədə fərqli dövrlərdə müxtəlif mədəniyyətlərə sahib qədim insan icması tərəfindən qayalara oyulan petroqliflər bir çox suallar doğurub. Bu qayaüstü oymaların Yaponiyada Fuqoppe Mağarasındakı təsvir təxminən 7000, Yutada Doqquz Mil Kanyonunda 1000-2000 il əvvəl, Azərbaycanın Qobustan yaşayış məskənində isə 10 000 il əvvəl qeydə alındığı bildirilir.
Q!anadlı insana bənzər bu təsvirin mahiyyəti nədir? Aralarında minillər olmasına rəğmən 3 ayrı coğrafiyada mövcud olmuş mif və mədəniyyətlər bir-birlərindən təsirlənə bilərlərmi?
Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, hazırda Azərbaycan ərazisində qayaüstü təsvirlər olan 4 əsas əhəmiyyətli yerlər UNESCO tərəfindən qeydə alınıb:
“1. Böyük Qobustan zonası:
Bu zona Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şıxqaya və Şonqardağ dağlarının ərazilərini əhatə edir;
2. Abşeron yarımadası zonası:
Bura Bendustu düzənliyi və Ağdaş düzü, həmçinin Dübəndi, Türkan, Zirə, Bilgəh, Mərdəkan, Şüvəlan, Ramana qəsəbələri daxildir;
3. Gəmiqaya dağı zonası:
Kiçik Qafqazın ən hündür nöqtəsi – Qapıcıq Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimalda yerləşir (əsas yayılma məntəqələri – Qaranquş, Nəbiyurdu, Camışölən (Naxçıvan) dağlıq otlaq yaylaqları;
4. Kəlbəcər rayonunda Dəlidağın ətəkləri:
Kiçik Qafqazın cənub-şərqyamacları dəniz səviyyəsindən 3000 m-ə qədər hündürlükdə yerləşən Alagöl, Zalxagöl, Qaragölün sahilləri və Pəriçınqıl, Ayıçınqıl, Lülpər, Gəlinqaya, Yazyurdu, Taxta, Sarımsaqdağ sahələri.
Yaponiya, Yuta və Azərbaycanda aşkarlanan naməlum təsvir
Yuxarıda sadaladıqlarımla işğaldan azad edilən ərazilərimizdə aşkar edilən qayaüstü abidələr eyni dəsti-xəttidir. Onların hamısı Azərbaycana və azərbaycanlılara məxsusdur. Oğuz boyundan Qayı boyunun damğası kimi tanıdığımız “IYI” Erkən Tunc dövründən başlayaraq, Avrasiya qitəsindəki qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilib. Bu, “Göy Tanrı” işarəsidir. Günümüzdə bu adət Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi hələ də istifadə olunur. Sözügedən damğanın tarixi Qobustan başda olmaqla digər abidələrin üzərində eramızdan qat-qat əvvəlki dövrlərə gedib çıxır ki, o zaman hələ dünyanın böyük hissəsində millət anlayışı formalaşmamışdı”.
Alimin sözlərinə görə, ilk dəfə 1981-ci ildə Azərbaycana səyahət edən məşhur səyyah Tur Heyerdal burada tarixi abidələrlə yaxından tanış olduqdan sonra maraqlı bir mülahizə irəli sürüb:
“O, dünyada tarixindəki 3 əsas svilizasiyadan birinin Azərbaycan ərazisində mövcud olduğunu qənaətinə gəlib. Bu 3 sivilizasiya məskənləri inkişaf etmiş ərazilərə malik olmaqla yanaşı, sakinlərin mədəni, incəsənət və memarlığı fəaliyyəti ilə seçiliblər. Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşayıblar. Lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya gediblər. Öz fikirlərini konkret faktlar, elmi-tarixi, maddi dəlillər əsasında isbatlayan alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarında da olduğunu söyləyib.
Tur Heyerdal
1981-94-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən səyyah Xəzər sahillərini (sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan) böyük bir sivilizasiyanın beşiyi hesab edib. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlər sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş analoqları ilə üst-üstə düşməsi ilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilib. Ömrünün yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin tədqiqinə həsr etmiş məşhur norveçli alim və səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməyib. Həyatı boyunca dünya sivilizasiyasının başlanğıc nöqtəsini axtaran səyyah 1981-ci ildə burada bir sıra tədqiqat işləri aparmış, abidə haqqında maraqlı fikirlər söyləmişdir. O, qayalar üzərindəki Günəş təsvirli gəmiləri görərkən sonsuz heyranlıqla demişdi: “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, dəqiq tarixi indiyə qədər məlum olmayan mədəniyyət incisidir. Qobustan-Gəmiqaya əlifbası Orhun-Göytürk (Yenisey) damğaları ilə səsləşir və Rusiya, Monqolustan, Çin əsarəti altında olan Türk torpaqlarındakı, Avropadakı türk yazı və abidələri Azərbaycandakı yazı işarələri ilə eyniköklü sistemə aiddir. Türk ölkələrindəki, əsarətdə olan tarixi türk torpaqlarındakı qayaüstü və daş abidələr-kitabələr, yazılar arasında işarə eynilikləri, sistem, süjet və kompozisiya quruluşunun vahidliyi ortaq türk düşüncəsindən, ruhundan irəli gəlir. Sibir çöllüklərində tapıntılar, işarələr ilə Azərbaycan qaya təsvirləri arasında əlaqə, üst-üstə düşən oxşarlıq bir-birlərini tamamlayacaq qədər ruh doğmalığı yaradır.”
Z.Əliyevin sözlərinə görə, ABŞ, Meksika, Kuba, Peru və digər Amerika ölkələrində tapılan qədim daş kitabələr, abidələr, əşyalar və əlyazmalarla Azərbaycan ərazisindən aşkarlananların oxşarlığı bir çox qaranlıq məsələlərə işıq salır:
“Təxminən 2040 il bundan qabaq Roma tarixçisi Hay Sallyusti Kripsin qələmə aldığı “Yuqurta müharibəsi” əsərini, B.Lukinin “Kuba xalq poeziyası, mədəniyyətinin qaynaqları” kitabını, görkəmli Norveçli səyyah – alim Tur Heyerdalın tədqiqatlarını, Amerika hindularının nümayəndəsi Cek Raşinqin Bakıya göndərdiyi məktubu, əsrin əvvəllərində Əlibəy Hüseynzadənin “Həyat” qəzetində dərc olunmuş “Xristof Kolumb, yoxsa türklər” məqaləsini, Danil Andreyevin “Dünyanın mərkəzi” kitabını və s. mənbələri nəzərə alaraq, bu oxşarlıqların təsadüf olmadığına əmin oluruq.
Zaur Əliyev
XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (iskit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu xalı ekspertiza üçün Rusiya elmlər Akademiyasının xüsusi laboratoriyasına göndərilir və nəticə onları təəccübləndirir. Bu xalı 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi. Rus alimlərinin bu qənaətə gəlməsindən sonra Bərdə və Qarabağ ərazisinə xüsusi ekspertlər göndərilir ki, yerli xalça və xalı nümunələri öyrənilsin”.
Tarixçi bildirib ki, uzaq regionlarda Azərbaycanla bağlı bir çox tarixi tapıntılar ortaya çıxarılır:
“Asiya qitəsində arxeoloqların axtarışları zamanı bizim regiondan qat-qat uzaqlarda tapılan elə qiymətli əşyalar və tapıntılar var ki, elm onların Azərbaycanla bağlı olmasını isbat edir. Məsələn, səyyah Tur Heyerdal Çinin Ağ Piramidalar ərazisində tapılan cəsəd barədə yazırdı ki, bu, Azərbaycan ərazisindən ora getmiş insanın geyimi və əşyalarıdır, cəsəd Qobustan ərazisindən Çinin bu yerlərinə qədər gəlib çıxıb. Belə isbatlar arxeologiya elmində çoxluq təşkil edir. Azərbaycanlılar arasında Y-xromosom haploqruplarından ən çox yayılmış haploqruplar J (J1, J2), G (G2) və R (R1) olur. Y-xromosom haploqruplarının N, T, E, H, I, L, O, Q və C olması azərbaycanlılar arasında da göstərilib. R haploqrupunun Avropa yarımkladları azərbaycanlıların qədim əhali ilə bağlılığından xəbər verir.
Azərbaycanlılarda mitoxondrial haploqruplardan H və U haploqruplarına daha çox rast gəlinir. Bu ərazidə yaşayanların ana nəsillərinin əksəriyyəti (82 faizi) Avropa haploqruplarına (H, I, J, K, T, U, V, W, X) bağlıdır.
Qısa olaraq izah edim ki, Çində tapılan mumiyada aşkarlanan haploqrup R qrupuna, yəni azərbaycanlıların genetik kodu ilə eyni çıxıb”.
Zaira Akifqızı
Globalinfo.az