“Əvvəlcə qayıdanlara iş yerləri və şərait yaradın, sonra isə Qarabağda evi olub, Bakıdakını əldən verməyənlər məsuliyyətə cəlb edə bilərsiz” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov
Bəzi keçmiş məcburi köçkünlərin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilib. Bildirilib ki, bəziləri bu evlərdən yaşayış üçün deyil, gəlir mənbəyi kimi istifadə edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tərəfindən verilən mənzilin başqasına kirayə verilməsi hallarına vaxtilə Bakıda da rast gəlinib.
“Əvvəllər buna nəzarət edən sahə nümayəndələri olurdu və belə hal aşkarlandıqda qarşısı alınırdı. İndi isə azad edilən ərazilərdə buna nəzarət etmək hələlik mümkün deyil. Bizim komitə olaraq işimiz insanların öz ata-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir. İlkin mərhələdə Bakıda yaşayış durumu çox pis olanların qayıdışı təmin olunur. Onların Bakıda digər mənzillərə sahib olmadıqları tərəfimizdən dəqiqlədirilib”, – cavabda bildirilib.
Qeyd edilib ki, Bakı və Bakı ətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.
Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi istisna deyil.
Referans.az -a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov danışıb:
“”Qaçqınkom”un Qarabağda hər hansı icraedici və nəzarətedici funksyası demək olar ki, yoxdur. Ən azı bildiyimiz qədər, konstitutsiyada bu quruma hər hansı elə səlahiyyət veriləyib. Səlahiyyət birbaşa dövlət başçısınındır. Əslində biz məyyən mərhələdə gözləyirdik ki, bu mövzuda ictimai narazılıq olacaq. İstər dövlət qurumları, istər ictimaiyyət, istərsə də keçmiş məcburi köçkünlər tərəfindən bu narazılıq həqəqətən var. Əhalinin Qarabağa köçürülməsi böyük məsuliyyət daşıyır.
Kemiş məcburi köçkünlərimizə verilən evlərin sonrakı istifadəsi ilə bağlı normativ aktlar demək olar ki, yoxdur. Əgər hər hansı şəxs orada öz evini turizm kimi istifadə edib, iş yeri yaradıbsa, kirayə verirsə, bu onun haqqıdır. Necə ki, Lənkəranlılar, Qubalılar bunu edir. Laçınlı, Kəlbəcərli, Şuşalı da bunu edə bilər. Niyə də etməsin?! Əgər o dövlətin məcburi köçkün kimi vermiş olduğu mənzili geri qaytarıbsa, hazırda yaxınlarının evində yaşayırsa, Bakıda iş yeri varsa, ailə üzvləri burada məskunlaşıbsa, oğlunun və ya qızının yanında yaşamaq imkanı varsa, heç kim bu hüququ onların əlindən ala bilməz. Bu vətəndaşın konstitutsion hüququdur, biz bu hüquqi poza bilmərik”.
Müsahib qeyd edir ki, əgər keçmiş məcburi köçkünlərin həm Qarabağda evi varsa, həm də Bakıdakı sənədi olmayan evlərə girib, oranı zəbt ediblərsə, indiyədək oradan çıxmaq istəmirlərsə, və ya onlara verilmiş sosial evləri əldən buraxmaq istəmirlərsə, bu zaman “Qaçqınkom” və digər dövlət qurumları həmin sakinlərlə profilaktik tədbirlər həyata keçirə bilər. Alınmırsa, inzibati, lazım gəlsə həmin insanları cinayət məsuliyyətinə cəlb edə bilərlər.
“İstənilən halda vətəndaşlarımızı narazı salmamalıyıq. Qarabağa köçmüş vətəndaşlarımıza imkan yaratmalıyıq ki, onlar orada həm işləsinlər, həm ailələrini dolandırsınlar, həm də Qarabağın dirçəldilməsinə öz töhvələrini versinlər. Əgər Qarabağda kiməsə ev verilibsə, evin yanında həyət varsa, həyətdə digər ev tikib kiməsə kirayə verə də bilər. Bu Azərbaycanda daxili turizmin, kənd turizminin inkişafına xüsusi xidmət verər. Bunu onlara kim qadağan edə bilər ki?!”, – deyə ekspert sözlərinə əlavə edib.
Şəlalə Babayeva

