“Övladını intihara sürükləyən valideynlərə üzümü tutub deyirəm ki,…” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov kəskin tənqid

“Azərbaycanda ali məktəb, universitet virusu var ki, hər il onlarla canı bizdən alır”.

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bu canlar Azərbaycanın intellektual, sağlam, mənəvi, ruhi cəhətdən yetişmiş yeniyetmə, gəncləridir: “İllərdir ki, valideynlər tərəfindən təzyiqə, psixoloji basqıya məruz qalan bu gənclər “mütləq universitetə daxil olmalısan” əmrinə tabe olmaq istəməsələr belə qohumların yanında ata-ananın hörməti aşağı düşməsin deyə müxtəlif universitetlərə imtahan verirlər. Hələ 10 minlərlə yeniyetmə oğlan və qızın psixoloji, mənəvi təzyiqlərə məruz qaldığını bir tərəfə qoyuram, hamısı gələcəyin potensial dəliləri, nevroz, əsəb xəstəliyinə tutulmuş, psixoloji problemləri olan cəmiyyət deməkdir.

Bəzi universitetlər 4-6 il, Tibb Universiteti 12 ilə qədər təhsil tələb edir. Dünyanın bir çox ölkələrində gənclər universitetin verdiyi bilgiləri 3-6 aylıq kurs vasitəsilə öyrənə bilirlər, özlərinə iş tapa bilirlər. Azərbaycanda bu metod sanki yaramır. Azərbaycanda mütləq 11 il orta məktəb oxumalısan, 2-3 il bağça, 1 il məktəbəqədər, bakalavr, magistratura, abituriyent olarkən 5-10 müəllim yanına gedib hazırlaşmalısan, daha sonra isə Akademiya, universitetlərdə doktoranturanı oxumaq üçün yenə də dörd il lazımdır. İnsan ömrünün bir hissəsi, xüsusilə də ən gözəl çiçəkləndiyi dövr uşaqlıq illərindən 25-26 yaşa qədərdir. Ondan sonra adam ölümə doğru gedir. Biz bu dövrü əksər gənclərimizə zəhər edirik. Sanki intellektual bacarıqlı mütəxəssis, peşəkar sahə adamı yox, məhz psixopat yetişdirmək üçün təzyiqlər göstəririk. Hər halda böyük əksəriyyət belədir. Bunun da nəticələrini son illər 80% boşanmalar, bir-birini qətlə yetirən ailə üzvləri, ölkədən qaçan gənclər və sair ağır statistik faktlarla görürük.

Nə üçün Azərbaycan valideyni düşünür ki, hər hansı gənc universitetin iki vərəqdən ibarət diplomunu almaqla xoşbəxt olacaq? Axı 100 minlərlə diplomlu işsiz, başqa sahədə çalışan gənclərimiz gözümüzün qabağındadır. Evsiz, işsiz, buna görə də ailə qura bilməyən qız və oğlanlardan ibarət Azərbaycan cəmiyyətinə malikik.Реклама

Son illər dünya ölkələri arasında birincilik əldə edirdik, intiharların az olması ilə öyünürdük, amma indi əksinədir. İndi intiharların sayı artır, məişət zəminində basqı, təzyiqlər və şiddətin sayı getdikcə artır. Eyni zamanda boşanmaların da sayı artır. Bütün bunlar kompleks halda cəmiyyəti düşündürməlidir”.

“Valideynlərə üzümü tutub deyirəm ki, sizin 1 və 2 uşağınız var. Bir hissəsi Qarabağda şəhid oldu, Allah rəhmət eləsin. Bir hissəsi qazi oldu, müharibənin dəhşətlərini görüb psixoloji sarsıntılar keçirən böyük qrup gənclərimiz var ki, biz hələ onlarla məşğul olmuruq. Boşanmış gənclərimiz də var. Niyə valideynlər övladlarını buna sürükləyirlər? Hansı diplom, sənəd insanı xoşbəxt edib? İnsana bir tikə çörək, bir dam altında yaşamağın verdiyi xoşbəxtliyi heç bir var-dövlət vermir. Sanki bizim universitetlər Nobel mükafatı alan tələbələr yetişdirir ki, hər kəs uşağını şiddətə məruz qoyub və mütləq universitetə daxil olmasını istəyir. Bu günlərdə Biləcəridə bir ata oğlundan polisə şikayət edib ki, oğlu universitetə daxil ola bilməyib. Bu hansı təfəkkürdür? Gənclərimizi öz maraqlarına buraxaq. Görək, nə edə bilirlər? Onsuz da, onları hansısa ixtisasa sürükləyirik, onu sevmirlər, sonunda da iş tapa bilmirlər. Polşada, Rusiyada, Türkiyədə, Dubayda hamballıq edirlər, yaxud da, ən zirəkləri yenidən oxuyur yeni nəticələr, bacarıqlarla dünyanı heyrətləndirir. Biz xaricdə olan əksər Azərbaycan gənclərində bu nəticəni görürük. Ya da, öz içlərinə qapanırlar, evlənmək istəmirlər, evlənəndən 6 ay sonra boşanırlar, aliment, problemlər, məhkəmə davaları düşür. Bütün bunlar olmasın deyə biz diplom xəstəliyindən, virusundan əl çəkməliyik. Uşaqlarınıza reaksiya göstərməyin, onlar özləri bilirlər ki, necə seçim edəcəklər. 16 yaşından etibarən uşaqlarınızı böyük həyata hazırlayın, onları artıq əzizləməyin, nə istəyirlər almayın, universitetə qəbul olmağa görə maşın almayın, bahalı telefonla dərsə göndərməyin. Onları daha çox öz sahələri üzrə peşə bilgilərini əldə etmək üçün yönəldin. Onda bu diplom xəstəliyi bizim cəmiyyətimizdə də başqa ölkələrdə də olduğu kimi yan keçəcək və insanlar həyatlarını istədikləri kimi qura biləcəklər. Siz başınıza gələnləri, Sovet təfəkküründən qaçıb niyə öz övladlarınızın başına gətirirsiniz? Məgər onlar həyata bir neçə dəfə gəlirlər? Bir dəfə yaşayırlarsa, imkan verin, xoşbəxt yaşasınlar.

Baxmayaraq ki, universitet təhsil verməkdən çox sosial, mədəni ocaqdır. Gənclər burada bir-birini tanıyır, hətta gələcək ailəsini burada quranlar da olur. Bu yöndə universitetlərin çox olmasının tərəfdarı olsaq da, digər tərəfdən valideynlərin təzyiqi və diplom şiddəti nəticəsində intihar edən gənclərimizi görəndə adam diploma da “yox” demək istəyir, ali savada da” – deyə o, əlavə edib.

Söylu Ağazadə

https://sia.az/az/news/education/1185732.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir