“Quranı ərəbcə oxuyuruq, amma toylarda Avropa musiqisi olanda qıcıqlanırıq” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov
Son dövrlər Azərbaycan toylarınada əcnəbi musiqilərə, rəqslərə yeməklərə, üstünlük verirlər. Milli adət-ənənələrin və yeməklərin arxa plana keçməsi bir çoxları tərəfində xoş qarşılanmır.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıcı-kulturoloq Aydın Xan Əbilov Modern.az-a açıqlamasında deyir ki, müxtəlif xalqların yaratmış olduğu mədəniyyət nümunələrinin digərləri tərəfindən götürülərək istifadə edilməsi normal qarşılanır:
“Xüsusən də pop musiqisində, kino sənətində bunu görürük. Amma nədənsə məşhurlar və toylar səviyyəsində baş verdikdə böyük etirazlara səbəb olur. Bu və digər dərəcədə bu hadisələr baş verir. Ərəb, fars, yunan mahnıları türk toylarında və məişət mərasimlərində geniş istifadə olunur. O cümlədən də Yunanıstan və digər xalqlarda da Azərbaycan və Türkiyə musiqisinin istifadə edildiyini müşahidə edirik. Azərbaycan toylarında bu və ya digər xalqların mahnılarının istifadə edilməsi normal qarşılanır. Amma hər şeyin əndazəsində, ölçüsündə olması arzuolunandır. Bəzən bütün məclis boyu əcnəbi mahnılardan istifadə edilən toylar da olur. Bunlar güman ki, qarışıq toylardır, toy sahibinin həmin millətə mənsub olduğunu göstərir. Amma ümumi götürdükdə milli toylarımızda belə əcnəbi toylarından istifadə etmək olar. Necə olur ki, biz operaya, baletə baxa bilirik amma toyda xarici musiqiyə qulaq asanda yaxud rəqs edəndə o dəqiqə qısqanclıq yaranır. Azərbaycan mahnıları ruslar, türklər, hətta ermənilər tərəfindən istifadə olunmurmu? Təbii ki, olunur. Anadoluda olan Azərbaycan türkləri toylarının çoxunda məhz Azərbaycan mahnılarından istifadə edirlər. Amma təbii ki, əndazədən çıxmaq olmaz.
Onun sözlərinə görə, əvvəl mübarizə aparılırdı ki, vağzalı qalan yerdə digər xalqların musiqisi ilə bəy və gəlinin məclisə gəlməsi düzgün deyil:
“İndi də bu məsələ üzərində dururuq. Digər xalqın rəqsini oynamaq və bunu sosial şəbəkədə paylaşmaq məsələsinə gəldikdə isə, insanları bunu etməməyə məcbur etmək olmaz. Onların özlərinin pul qoyduğu şənliklərində istədikləri mahnıdan istifadə edə bilər. Sözsüz ki, bu qanunvericilik, etik normalar çərçivəsində olmalıdır. Azərbaycanda dini toylarda ərəb, fars musiqisindən istifadə olunur, yas məclislərimizdə Quran ərəb dilində oxunur. Buna etiraz edilmir, amma toylarımızda hansısa yunan, türk, yaxud Avropa musiqisindən istifadə ediləndə biz qıcıqlanırıq. Bu nə dərəcədə düzgündür. Mübahisə edəndə gənclər bunu bizim önümüzə qoyurlar. Azərbaycan COP-29-u, Formula-1 və digər beynəlxalq yarışları keçirən bir ölkədir. Burada bütün sivilizasiyaların izləri var.
Kulturoloq bildirib ki, vaxtilə bizimlə ünsiyyətdə olan xalqların adət-ənənələri bizə, bizim də möhtəşəm adət ənənələrimiz, mətbəx mədəniyyətimiz digər xalqlara ötürülüb:
“Hər halda təbiətdə yaşayan məxluqlar deyilik ki, birinin yeyə bildiyi yeməyi digəri yeyə bilməsin. Biz insanıq, bəşəriyyətin yaratmış olduğu yemək nümunələrini hər bir millət, toplum istifadə edə bilər. Bizim yeməklərimiz mədəni həddən artıq yükləyən, iqtisadi cəhətdən toy sahibinin üzərinə yük qoyan nemətlərdir. Hökmən deyil ki, kabablar, saalatlar, içkilərlə yanaşı plov, dondurma və tort verilməlidir. İnsanın mədəsi bu qədər şeyi həzm edə bilməz. Ona görə də sadələşdirilmiş və Avropa mətbəxindən istifadə edilən toylara öyrəşməliyik. Elə ölkələr var ki, ümumiyyətlə yemək verilmir. Çalışmalıyıq ki, sadə, minimalist xərclərlə toyu böyük məclisə çevirək. Biz bunu dəstəkləyirik. Toylarda yeməklərin çeşidinin az olmasını, toy sahiblərinin yağlı ətlərdən, mayonezli salatlardan imtina etməsini normal qarşılamalıyıq. Toylarımızın menyu, səs, musiqi ilə bağlı problemləri ictimai-mədəni müzakirələrdən sonra toy edənləri islahatlara dəvət etməliyik. Birdən-birə nəyisə qadağan etməklə bu məsələlər düzələn deyil. Azərbaycan toylarında menyu əvvəlcədən bildirilmir. Xarici tədbirlərə gedəndə menyu əvvəlcədən verilir ki, istəyən başqa yeməyi sifariş verə bilsin. Azərbaycanda bu mədəniyyət yoxdur, bu formalaşdırılmalıdır. Toy edilən zaman ən azından onlayn şəkildə məlumat verilməlidir. Hətta yaxşı olar ki, insanlar yemək seçimlərinə görə masalarda əyləşsinlər. Məsələn vegeterianlar birlikdə, ancaq şirniyyat yemək istəyənlər birlikdə, digərləri isə öz masalarında əyləşə bilərlər”.