Yenilənmiş “Qərb şəbəkəsi”nin üzvləri və təxribat planının detalları. Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub
Yenilənmiş “Qərb şəbəkəsi”nin üzvləri və təxribat planını
Qərb mərkəzlərinin COP29 və Milli Məclis seçkiləri ərəfəsində təxribat kampaniyaları keçirməyə hazırlaşdıqları barədə məlumat vermişdik.
Azərbaycanda qeyri-sabitlik yaratmaq, COP29 və Milli Məclis seçkilərini pozmaq üçün bütün imkanlarını səfərbər ediblər. Düzdür, Azərbaycan üzrə bənzər kampaniyalar sistemli şəkildə həmişə keçirilib. Son 30 ildə ölkəmiz üçün əlamətdar olan hər bir proses Qərbə bağlı “QHT-KİV şəbəkələri”, “siyasi birliklər” tərəfindən hədəfə alınıb, ədalətsiz kampaniyalara məruz qalıb. Amma indi hazırlanan kampaniyanın məqsədləri bir qədər fərqlidir, hədəfləri daha genişdir.
“Şəbəkə” indi yalnız Bakıda keçiriləcək COP29 tədbirini və Milli Məclis seçkilərini gözdən salmaqla kifayətlənmək istəmir. Əsas hədəf Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş və yeni status-kvo yaratmış Azərbaycanın güclənməsinin qarşısını almaqdır. Bunun davamı olaraq, Cənubi Qafqazı istisnasız olaraq Qərbin siyasətinə alət etmək, qüvvələr balansını öz xeyirlərinə dəyişmək, yekunda regionu Rusiya ilə Qərb arasında qarşıdurmanın meydanına çevirmək istəyirlər.
Bu planın içində Azərbaycanın maraqları ilə uzlaşmayan məqamlar mövcuddur. Qərbin “Cənubi Qafqazı fəth etmək” planı Ermənistanın yenidən dirçəldilməsi konsepsiyasının üzərində qurulub. Azərbaycanı zəiflətmək, Ermənistana qarşı təsir imkanlarını azaltmaq, beləliklə, ermənilərin Qarabağa qayıtmasına və həmin ərazilərdə Ermənistanın nəzarətinə imkan verən mexanizmlər qurmaq niyyətləri var. Bu niyyətlərini gerçəkləşdirməklə, Azərbaycanı Zəngəzur dəhlizi, Qərbi Azərbaycan konsepsiyasından imtinaya məcbur etmək istəyirlər. Planın davamında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Bakının mövqeyini “neytrallaşdırmaq” gözləntiləri də var.
“Təxribat şəbəkəsi”nin indiki hədəfləriAzərbaycan Qərbin bu planını ilkin mərhələdə poza bilib. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Qərbin də dəstək verdiyi 200 illik plan, yəni Cənubi Qafqazda “ikinci erməni dövləti yaratmaq” konsepsiyası darmadağın edilib. 44 günlük müharibədən sonra nəinki Azərbaycanda, ümumilikdə Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar yaranıb. Azərbaycan bütün güc mərkəzləri ilə münasibətlər quraraq Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regionun Rusiya ilə Qərb arasında növbəti savaş meydanına çevrilməsinə imkan verməyib. Azərbaycan regionun yeni münaqişəyə cəlb olunmasının qarşısını alır, kənar qüvvələrin bölgədə möhkəmlənmək üçün hazırladığı planları pozur.
Amma Qərb bu reallıqları həzm edə bilmir. Azərbaycana qarşı təzyiqləri artırmaqla, reallığı dəyişməyə çalışır. Qərbdə Azərbaycana qarşı hazırlanan indiki təxribat kampaniyası bütün bu elemetləri özündə əks etdirir.
Təəssüf ki, daxildəki ənənəvi “müxalifət və vətəndaş cəmiyyəti” nümayəndələri də Qərbdən yönələn bu təzyiqlərdə alətə çevrilirlər.
Koordinator funksiyası həvalə edilən Elman Fəttah kimdir?
Dünən Azərbaycan KİV-ləri məlumat yaydılar ki, Qərb mərkəzləri Azərbaycanda təxribatlar törətmək üçün hazırladıqları şəbəkənin dislokasiya ünvanını və maliyyə kanallarını yeniləyirlər. Uzun illər ərzində Gürcüstan üzərindən koordinasiya edilmiş “təxribat infrastrukturu” dağılmaq ərəfəsində olduğu üçün, Qərb öz şəbəkələrinin ünvanını dəyişir. İndi koordinasiya işi Çexiyada qurulub. Dağıdıcı aksiyalara hazırlıq yönündə təlim və treninqlər isə Balkanlarda – Bosniya və Herseqovina ərazisində təşkil edilir.
Hazırda Balkan ölkələrində azərbaycanlı gənclərdən ibarət xüsusi təxribat qruplarının hazırlandığı barədə məlumatlar gəlir. Onlara təlimlər keçirilir və müəyyən dövrdən sonra Azərbaycana transfer edilmələri istiqamətində iş aparılır. İlk aksiyaların COP29 tədbirləri dönəminə təsadüf edəcəyi gözlənilir (https://qafqazinfo.az/news/detail/cexiya-bosniya-ve-herseqovina-qerbin-azerbaycandaki-sebekesinin-yeni-unvani-444581).
Məlumatda o da vurğulanır ki, gənclərdən ibarət olan qrupların formalaşdırılması və şəbəkənin maliyyə təminatı üçün koordinasiyadici şəxslər müəyyənləşdirilib. Bu şəxslərdən biri də Elman Fəttahdır. O, III Respublika Platformasının yaradıcılarındandır. Yəqin ki, əksəriyyət III Respublika Platformasının mahiyyəti barədə məlumatlıdırlar.
Platforma 2023-cü ilin noyabr ayında, yəni, növbədənkənar Prezident seçkisinin elan edilməsindən dərhal sonra yaradılmışdı. ABŞ-dən, konkret olaraq, USAİD rəhbəri Samanta Pouerdən gələn sifariş əsasında qurulmuş platformanın məqsədi 7 fevrala təyin edilmiş seçki ərəfəsində təxribat aksiyaları törətmək idi. “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanovun koordinatorluğu ilə yaradılmış bu platforma müəyyən təxribatlar törətsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində tezliklə zərərsizləşdirilə bildi. Bu barədə Azərbaycan KİV-lərinin dərc etdikləri “7 fevral gününün təxribat xronologiyası” adlı məqalədə təfsilatlı bilgilər verilib (https://apa.az/sosial/abs-ni-meyus-eden-secki-texnoloqlari-819541). Sadəcə onu vurğulayaq ki, həmin təxribatların araşdırılması nəticəsində “III Respublika Platforması” ətrafında “Abzas Media”, “Toplum TV” və digərlərindən ibarət geniş şəbəkə formalaşdırıldığı, seçki təxribatlarına ciddi hazırlıq görüldüyü müəyyən olunmuşdu. Elman Fəttah da bu qrupda təmsil olunub. III Respublika Platformasının 7 nəfərlik qurucu heyət üzvlərindən biri idi.
“Radikal müxalifət”lə Ruben Vardanyan arasında koordinasiya yaradılır
Amma burada başqa bir nüans da mövcuddur. Məsələ ondadır ki, Elman Fəttah həm də Arif Hacılı dönəmində Müsavat Partiyasının başqan yardımçısı olub. Ehtimallar yaranır ki, o, həm də Müsavat Partiyası ilə III Respublika Platforması arasında əlaqələndirici şəxs funksiyasını yerinə yetirib. Platforma ilə “radikal müxalifət” partiyalarının işini əlaqələndirib daha böyük həcmli işlər görmək niyyəti daşıyıb. Amma şəbəkə ətrafında başladılan araşdırmalar planı pozub.
Son günlərdə bu ehtimalları qüvvətləndirən yeni məlumatlar üzə çıxıb. Azərbaycan KİV-ləri ötən həftə bu yöndə yeni bir xəbər yayıblar. Məlum olub ki, Avropa İttifaqının Bakıdakı ofisi “radikal müxalifət” partiyalarının təmsilçiləri ilə görüşərək, onların yenidən aktivləşdirilməsi, yarımçıq qalmış işlərini davam etdirmələri yollarını müzakirə edib. Azərbaycanda yeni təxribatlar törədilməsi üçün planlar qurulub (https://qafqazinfo.az/news/detail/ai-nin-ofisinde-muxalifetle-gorus-ne-danisiblar-444326).
Həmin görüşə qatılmış AXCP və Müsavat üzvləri tərəfindən faktı təkzib edəcək ciddi arqumentlərin səsləndirilməməsi şübhələri artırır. Bu azmış kimi, Aİ-nin Bakıdakı ofisində müxalifəti təmsil edən şəxslərlə görüşlərin davam etdirildiyi barədə xəbərlər gəlməkdədir. Paralel olaraq, AXCP, Müsavat nümayəndələrinin xaricdə də emissarlarla görüşlər keçirməsi haqda məlumatlar yayılır.
Yayılan məlumatlar arasında o da vurğulanır ki, indi hazırlanan təxribat planı geniş əhatəli olduğu kimi, həm də daha hiyləgərdir. Bu prosesə daxildəki ənənəvi “müxalifətçilər və vətəndaş cəmiyyəti” nümayəndələri, xaricdən isə Ruben Vardanyanın ailəsi və oğlu tərəfindən qurulan şəbəkə cəlb edilib. Bəzi mərhələlərdə bu iki qrupun fəaliyyətinin koordinasiya olunduğu qeyd edilir. Nəzərə alaq ki, USAİD rəhbəri Samanta Pouer ermənilərin və şəxsən Ruben Vardanyanın yaxın dostudur. Vardanyanın həbs edilib Bakıya gətirildiyi ilk gündən etibarən Pouer işə qarışıb, onun azadlığa buraxılması üçün rəsmi Bakıya qarşı təzyiqləri artırmağa çalışıb. İstədiyini əldə etmədikdə, yeni variantlar düşünüb.
Qeyd etmək zəruridir ki, USAİD həm də müxalif cəbhəyə daxil olan “KİV və QHT”-lərin əsas donoru, qrant verənidir. Məlumata əsasən, “COP 29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb. Bu kampaniya Azərbaycan içində ələ alınmış dəstələr tərəfindən də dəstəklənəcək.
Təxribat planının yeni bir istiqaməti
Amma Qərb mərkəzlərinin təxribat planlarını icra edəcək kontingentin siyahısı təkcə müxalifət partiyaları, QHT və KİV-lərlə bitmir. Bu xətt başqa bir istiqamətdə də davam etdirilir. Keçmiş diplomatlardan ibarət qiyamçı qrup formalaşdırılır. Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat Emin İbrahimov bu yaxınlarda həbs edildi. Diplomatın istintaq işi müəyyən xətlərə aydınlıq gətirir. Onun çevrəsi, şübhəli əlaqələri üzə çıxır. Artıq müəyyən olunub ki, XİN-də müxtəlif əlaqələri davam etdirilib.
Aydın görünür ki, Azərbaycan üzrə hazırlanmış yeni təxribat planı çoxşaxəlidir. Müxtəlif komponentləri əhatə edir və daha geniş hədəflərə köklənir.
Musavat.com
Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub – Yeni faktlar
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonrakı dövrdə elə bir seçki, mühüm beynəlxalq tədbir olmayıb ki, Qərbin müdaxiləsi şəraitində keçməsin. Yaxın tarixi səthi təftiş etmək kifayətdir ki, ölkəmizdə formalaşdırılmış və xaricdən idarə olunan şəbəkələrin pozuculuq fəaliyyəti, qarşıdurma yaratmaq, sabitliyi pozmaq cəhdləri özünü büruzə verməsin.
Siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media, müstəqil kimi qələmə verilən ekspertlər ölkəmizdə baş verən az və ya çox əhəmiyyətli məsələləri hədəfə götürərək beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı mümkün qədər qara rəngdə göstərmək üçün sıraya düzülüblər. Özlərini müxalifətin liderləri kimi qələmə verən şəxslərin ermənipərəst konqressmenlərin Azərbaycana qarşı odlu-alovlu nitqlərini ayaqüstə alqışlamasından tutmuş beynəlxalq tədbirlərdə ölkəmizə total müharibə elan edən hüquq müdafiəçilərinə, cəmiyyətimizdə baş verən istənilən hadisəni siyasiləşdirməyə çalışan jurnalistlərə qədər hər şeyi görə-görə gəlmişik.
Bu gün biz 1990-cı illərin Azərbaycanında yaşamırıq və o dövrün reallıqları da artıq tarixçilərin ixtiyarına buraxılmış bir mərhələdir. Dövlətimizə meydan oxuya biləcək xəyanətkar siyasətçilər, vətəndaş cəmiyyətini dövlətlə üz-üzə qoymağa çalışan QHT-lər, qələmini milli maraqlarımıza qarşı çevirən mirzələr dövrü artıq geridə qalıb. Çünki dövlətimiz ayaq üstədir, öz sözünü demək, mövqeyini müdafiə etmək iqtidarındadır.
Qərbdən, Şimaldan, Cənubdan idarə olunan və dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilən şəbəkələr dağıdılıb. Qərbin Azərbaycanda sonuncu böyük şəbəkəsi bu ilin əvvəlində ifşa olundu, onun maliyyə təminatı dayandırıldı, bu prosesdə iştirak edən şəxslər həbs edildi. Bu şəbəkənin əsas avanqardı qismində Abzas Media, Toplum TV və III Respublika platforması artıq məntiqi sonluqları ilə üzləşsələr də, onların xaricdə reanimasiyası istiqamətində iş aparılır. Ümumilikdə, xaricdə reanimasiya prosesi təkcə adları çəkilən media və qurumları əhatə etmir, daha geniş və əhatəli xarakter daşıyır.
Artıq mediada gedən çoxsaylı məlumatlardan da göründüyü kimi, Qərb dairələri parlament seçkiləri dövründə Azərbaycanda vəziyyəti qarışdırmaq üçün bütün vasitələrdən istifadə edirlər və son desant qüvvələrini cəbhəyə atırlar. Bir tərəfdən BMT-nin İnsan Hüquqları Şurası ABŞ başda olmaqla Qərbin təzyiqi ilə seçki öncəsi istintaqda olan bir sıra şəxslərin hüquqları məsələsini qaldırıb. Digər tərəfdən son günlər Qərb diplomatlarının Azərbaycanın müxalifəti ilə təmasları artıb. Eləcə də Balkan ölkələrində Azərbaycan gənclərindən ibarət xüsusi qruplar formalaşdırılır, onlara təlimlər keçirilir və yaxın zamanlarda bu qrupların müxtəlif yollarla ölkəmizə göndərilməsi planlaşdırılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maraq kəsb edən daha bir məqam Qərbin anti-Azərbaycan şəbəkəsinin tərkib hissəsi olaraq keçmiş diplomatların da aktiv şəkildə prosesə cəlb edilməsidir. Emin İbrahimov adlı keçmiş diplomat məişət zəminində baş vermiş cinayət əməli nəticəsində istintaqa cəlb edilib və istintaq prosesində onun dövlətin əleyhinə fəaliyyət göstərməsinə dair ciddi faktlar ortaya çıxıb.
Açıq mənbələrdə olan məlumata görə, Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə ABŞ-dəki səfirliyimizdə, 2016-2019-cu illərdə isə Uruqvaydakı diplomatik nümayəndəliyimizdə çalışıb.
Ermənilərin ciddi kök saldığı və işğal dövründə Qarabağda hava limanının tikintisini həyata keçirmiş erməni milyarder Ernest Ernukyanın vətəni olan Uruqvayda diplomat kimi işləmiş Emin İbrahimov 2020-ci ilin martında Azərbaycanda siyasi sisteminə etiraz edərək işdən çıxıb.
Həmin dövrdə E.İbrahimovun fəaliyyəti ilə bağlı başlanmış araşdırmalar nəticəsində onun bəzi əməlləri, xüsusilə Uruqvayda olan Qərb xüsusi xidmət orqanlarının rezidenturası ilə təmasları ciddi şübhə doğurub. E.İbrahimov 4 il ərzində Bakıda heç yerdə işləməyib, xüsusi xidmət orqanlarının dili ilə desək “gizli hüceyrə” kimi fəaliyyət göstərib və daha çox sosial media üzərindən ictimai dəstək toplamağa çalışıb. Onunla bağlı əsas hədəf isə parlament seçkiləri və COP29 olub. Əldə edilmiş dəlillər onu deməyə əsas verir ki, E.İbrahimov məhz bu dövrdə fəallaşmalı və radikal addımlar atmağa başlamalıydı.
Araşdırmalar onu da göstərir ki, E.İbrahimov tək olmayıb, onun fəaliyyətini və addımlarını gücləndirmək üçün başqa keçmiş diplomat da bu yaxınlarda Azərbaycana göndərilib. Həmin şəxsin adı bizə bəllidir, lakin hazırda rəsmi təsdiq olmadığına görə açıqlamırıq. 2015-ci ildə Rumıniyada işləyən zaman bu şəxsin Qərbin xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri müəyyən edilib və buna görə də o, XİN sistemindən xaric edilib. Həmin şəxs diplomatik xidmətdə olan zaman səfirliyin bütün diplomatik yazışmalarını açıq mənbələrə tam şəkildə sızdırmışdı. Ölkə xaricində fəaliyyəti müddətində yüksək peşəkarlıq və kibertəhlükəsizlik qaydalarına riayət edərək ingilis dilində Azeri Herald internet resursu yaradıb və məqsədli şəkildə ölkəmizin daxili və xarici siyasətini hədəfə alıb. Mütəxəssislərin fikrincə, bu cür təhlükəsizlik parametrləri olan internet resursunun yaradılması, hətta ən öncül kibertəhlükəsizlik şirkətlərinin imkanları xaricindədir. Onun Xarici İşlər Nazirliyi sistemində hazırda işləyən şəxslərlə vahid şəbəkə formasında əlaqələri müəyyən olunub.
Göründüyü kimi, Qərbin xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunmuş keçmiş diplomatlar vardır ki, onların parlament seçkiləri və COP29 öncəsi ölkəmizə qarşı ciddi təxribatlar həyata keçirməsi hədəflənibmiş. Demək olar ki, bu da Qərbin formalaşdırdığı anti-Azərbaycan şəbəkəsinin bir qoludur desək, yəqin ki yanılmarıq.
Əldə olunan məlumatlara görə, bu, “hekayənin” sonu deyil. Yaxın zamanlarda yeni faktların ortaya çıxacağı və yeni xəbərlərin olacağı istisna edilmir.
Regionu qanlı poliqona çevirmək planı işə salınıb
Fransanın liderliyi ilə Ermənistanın sürətli şəkildə hərbləşdirilməsi kampaniyası yeni mərhələyə daxil olub.
Qərbin xeyir-duası ilə məğlub Ermənistana hərtərəfli hərbi, maddi və mənəvi dəstək verilməsi ilə bağlı sensasion xəbərlər yayılıb. Ciddi narahatlıq doğuran bu xəbərlər regionda sülh quruculuğu səylərini əngəlləyir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə qarşıdır. Qərb dünyası və onun əlaltıları otuz illik işğal və işğaldan sonrakı müddətdə qərəzli və ikili standartlardan irəli gələn formada birtərəfli qaydada Ermənistana dəstək nümayiş etdirir. Və bu sırada bir vaxtlar Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan dövlətlər xüsusi ilə seçilirlər. Söhbət ABŞ və Fransadan gedir. Hər iki dövlət 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə İrəvana dəstək nümayiş etdirib. Son vaxtlar isə bu dəstək hərbi fazaya çatıb. Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Məsələ ondadır ki, rəsmi Bakı bütün qonşuları ilə müttəfiqlik və mehriban qonşuluq münasibətləri qurmağı prioritet elan edib. Bu sırada bütün dövlətlər, o cümlədən Rusiya da var. Və bu balanslaşdırılmış siyasət Kremllə gərgin münasibətləri olan ABŞ və Fransa başda olmaqla, bir sıra dövlətləri narazı salıb. Bu səbəbdən də hər vəchlə Bakıya təzyiq göstərməyə, birtərəfli siyasət yürütməsinə çalışırlar.
Bu istiqamətdə həyata keçirilən ən çirkin və bədnam siyasət isə Ermənistanın silahlandırılmasıdır. Ötən gün yayılan xəbərlər də bunu təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, Caliber.az-ın ötən gün əldə etdiyi məlumatda bildirilib ki, son bir neçə həftə ərzində Ermənistan üçün nəzərdə tutulan silahlar ünvanına çatıb. Silah verən ölkələr arasında ABŞ, Fransa, İran və Hindistan var. Məlumata görə, Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistandadır. SEZAR özüyeriyən artilleriya qurğuları ilə bağlı əldə edilən məlumata görə, bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə – Ermənistana çatdırır. 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi İrəvana çatdırılıb. Təchizatın miqyasını daha yaxşı anlamaq üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.
Hərbi ekspertlərin fikrincə, müvafiq modifikasiyalardan sonra bu silahlar Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarında quraşdırılacaq. Nikol Paşinyanın etiraf etdiyi kimi, Rusiyanın “raketsiz” təchiz etdiyi qırıcılar bu modifikasiyalara ehtiyac duyur. Hindistanda belə modifikasiyalar üçün presedentlər mövcuddur və böyük ehtimalla, uyğunlaşma prosesi artıq müvafiq təcrübəyə malik hindistanlı hərbi mütəxəssislər tərəfindən həyata keçirilir. Qeyd olunanlar arasında xüsusilə ABŞ-nin mövqeyi nəzərə alınmalıdır. Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən İrəvanla hərbi əməkdaşlığa, hətta təlimlərə start verir. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Görünür, ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır və bu yolda ermənilərdən istifadə olunur. Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-yə inteqrasiya etmək xətti tutub. Digər yandan 102-ci bazanın çıxarılması gündəmə gəlib. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib.
Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar. Bununla yanaşı, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır.
Şübhəsiz ki, sülh prosesinin davam etdiyi bir məqamda hərbi kömək edilməsi Ermənistanda revanşist hissləri oyadır. Qərb və ABŞ bu addımı atmaqla Rusiya-Ukrayna müharibəsi fonunda bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərir.
O ki qaldı regiondan min km-lərlə kənarda olan Hindistana – ABŞ-nin və Fransanın diktəsi ilə oturub duran bu ölkə 44 günlük müharibədən sonra Ermənistanı silahlandıran ölkələrdəndir. 2024-2025-ci maliyyə ilində Ermənistan Hindistandan 600 milyon dollar məbləğində silah alıb. Məlumata görə, onlar Ermənistana “Pinaka” raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd Pinaka batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib.
Yeri gəlmişkən, Ermənistan ordusuna Qərb silahlarının verilməsi rəsmi Bakının iranlı tərəfdaşlarının davranışından böyük məyusluq yaradıb. Həmişə şifahi olaraq “regionçuluq” siyasətini müdafiə edən və xarici aktorların regiona daxil olmasına mane olan İran bu gün Ermənistana Qərb silahlarının, eləcə də Qərbin lisenziyası ilə istehsal olunan Hindistan silahlarının tədarükü üçün tranzit ölkə kimi çıxış edir. Yəni, Tehranın özü öz fəaliyyəti ilə NATO-nun Cənubi Qafqazda mövqelərini gücləndirməyə və Ermənistanı regionda Qərb qalasına çevirməyə kömək edir.
Təəssüf ki, İranın Azərbaycana qarşı qeyri-dost addımlarının sayı bununla başa çatmır. Azərbaycan tərəfinin mənbələri hərtərəfli yoxlamadan sonra sensasion məlumatı təsdiqlədilər ki, İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb. Bu barədə ilk xəbər verən “İran İnternational” nəşri yanılmadı. İranlı tərəfdaşların şəxsi söhbətlərdə və rəsmi kommunikasiyalarda bu xəbərin “saxta” olduğuna dair təminatlarına baxmayaraq, faktların və mənbələrin yoxlanılması məyusedici nəticələr çıxarmağa imkan verir: İran Ermənistanla silah müqaviləsinə yaşıl işıq yandırmaqla, bir daha azərbaycanlıların qanı üzərindən pul qazanmaq qərarına gəlib. Görünür, bəzi ölkələr də insanlar kimi dəyişmirlər.
Beləliklə, Qərb tipli silahların Ermənistana tədarükü ilə guya “regional hərbi balansı bərpa edən” ölkələr nəinki Qafqazda sülhün bərqərar olmasını uzaqlaşdırır, həmçinin uzun illər davam edən qanlı Ermənistan-Azərbaycan qarşıdurmasının yeni mərhələsini qaçılmaz edir. Ermənistan və Azərbaycan yenidən qanlı gölməçəyə itələnir. Hələ də revanşizmdən yaxa qurtara bilməyən Ermənistanın silahlanması və silah tranziti prosesində iştirak edən bütün ölkələr regionun gələcək faciələrinə və erməni dövlətçiliyinin məcburi ləğv edilməsinə görə öz siyasi və tarixi məsuliyyətlərini daşıyacaqlar. Görünür, Azərbaycan yenidən öz dəmir yumruğunu işə salmalı olacaq. Bu prosesdə isə növbəti dəfə uduzan Ermənistan olacaq. İrəvan və onun himayəçiləri anlamalıdırlar ki, revanşizmə sürükləməklə erməni xalqını daha ağır duruma salacaqlar.

