Cənubi Azərbaycan məsələsi: Xalqımıza qarşı milli DİSKRİMİNASİYA SİYASƏTİ
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 8 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
Bütün baş verənlərə baxmayaraq, Bağır Seyidzadə çətin vəziyyətdə olan demokratlara və onların ailə üzvlərinə kömək etmək üçün bütün vasitələrdən istifadə edirdi.
ARPİİİSSA F.1.Siy.35,İş 154
Moskvadan Azərbaycan SSR Xarici İşlər Nazirliyinə yoldaş M.C. Bagırov üçün.
Teleqram nömrə 47
1944-cü ildə İran Azərbaycanında dislokasiya olunan ordu üçün nəzərdə tutulan “Vətən Yolunda” qəzetinin mətbəəsi Bakıdan Təbrizə köçürülübdür. Sovet ordusunun hissələri İrandan gedəndən sonra bu mətbəə möhürlənmiş və bu şəkildə də anbarda saxlanılır. İranlıların bundan xəbəri yoxdur. Amma mətbəəni Sovet İttifaqına aparmaq çox çətindir. Bağır Seyidzadə mətbəəni yerindəcə satmağı və əldə olunan gəliri ehtiyacı olan demokratlara və ya onların ailə üzvlərinə xərcləməyi təklif edir. Xahiş edirəm bu məsələ ilə bağlı fikrinizi bildirin.
Vışınski Andrey Yanuaroviç – SSRİ Xarici İşlər Nazirinin müavini
21 may 1948-ci il
Kod adı “Xilasetmə” olan əməliyyat demək olar ki, öz işini tam bitirdikdən sonra Təbriz Baş konsulluğu müəyyən müddətə fəaliyyətini dayandırdı.
1950-ci ildə Mir Cəfər Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabı çapdan çıxdı. Kitabın 30-cu səhifəsində o, yazırdı: “Ümumdünya miqrasiya prosesində Azərbaycan tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdiriblər. Buna baxmayaraq, Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib. Amma İranda fəaliyyət göstərən irticaçı qüvvələr Cənubi Azərbaycanda milli dili məhv etmək siyasətini həyata keçirirlər. Azərbaycan dilində oxumaq və təhsil almaq qadağan olunub, Azərbaycan dilində yazılmış kitablar yandırılır, onların müəllifləri isə təqib olunur. Lakin onlar öz çirkin məqsədlərinə nail olmayacaqlar. Azərbaycan dili özünü həmişəlik qoruyub saxlamaq hüququna malikdir, o yaşayır və yaşayacaqdır”.
Kiçik bir haşiyə çıxaraq onu da qeyd etmək istəyirəm ki, sonrakı illərdə də Azərbaycanın dahi rəhbəri Heydər Əliyev Cənubi Azərbaycan (O, özü bu proseslərin canlı şahidi olmuş və bir çox məsələlərdə milli mənafeyimiz naminə aktiv fəaliyyət göstərmişdir (bunlardan gələcəkdə geniş bəhs edəcəyəm-A.M.)) məsələsini həmişə gündəmdə saxlamış, münasibətlərində, yazılarında və nitqlərində xalqımıza qarşı İrandakı milli diskriminasiya siyasətini pisləmişdir.
Azərbaycan rəhbəri Heydər Əliyev Azərbaycan Demokrat Partiyasının yaradılmasının ildönümünün hər il qeyd edilməsini tövsiyə edir və bu tarixin önəmini xüsusi vurğulayırdı. Məhz onun dönəmində Azərbaycan Demokrat Partiyasının yaradılmasının (21 Azər hərəkatı) 30 illiyi münasibətilə bir sıra cənublu mühacirlər orden və medallarla təltif olunmuşdu. Böyük öndər Heydər Əliyev Qulam Yəhya oğlunu anadan olmasının 70 illiyi münasibətilə “Xalqlar dostluğu ordeni” ilə təltif etmişdi.
Qulam Yəhya oğlu S.C.Pişəvərinin silahdaşlarından biri idi. 1941-1945-ci illərdə İran Azərbaycanında milli demokratik hərəkatda fəal iştirakına görə İran Azərbaycanı milli hökumətinin “Səttar xan ordeni” və “21 Azər medalı” ilə təltif edilmiş, general rütbəsi almışdı.
Qulam Yəhya oğlu mühacirət illərində də Azərbaycan Demokrat Firqəsinin görkəmli rəhbərlərindən biri kimi firqənin yüksək rəhbər mövqelərindən birini tutmuş, 1958-ci ildən firqənin sədri seçilmiş, 1979-cu ilə qədər həmin vəzifədə çalışmış, ömrünün sonuna qədər firqənin fəxri sədri olmuşdur. Qulam Yəhya oğlu Hizbi Tude İranla Azərbaycan Demokrat Firqəsinin birləşməsi zamanı firqənin adının saxlanılmasında prinsipial mövqe tutmuş, Vəhdət konfransında Hizbi Tude İranın Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü seçilmiş, Hezbe Tude İranın XVI konfransında Nurəddin Kiyanurinin birinci katib seçilməsinin təşəbbüskarlarından biri olmuşdur.
1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqında Cənub ədəbiyyatı üzrə katib vəzifəsi təsis edildi. Heydər Əliyev Azərbaycan yazıçılarının 1981-ci ildə keçirilən VII qurultayındakı nitqində deyirdi: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
Cənubi Azərbaycan məsələsini gündəlikdə saxlayan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK Bürosunun 1981-ci il 5 may tarixli iclasında Balaş Azəroğluya “Xalq şairi” fəxri adı verilməsi barədə qərar qəbul edildi və anadan olmasının 60 illiyi münasibəti ilə “Xalqlar dostluğu” ordeni ilə təltif olundu.
Bununla əlaqədar olaraq Əmirəli Lahrudi (1960-ci ildə Azərbaycan Demokrat Firqəsi Hizbi Tude İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilmişdi-A.M.) Heydər Əliyevə 1981-ci il 26 may tarixdə yazdığı 19 №-li məxfi məktubunda vurğulayırdı: “Hörmətli Əliyev yoldaş, öz şüurlu həyatını Azərbaycanın mübariz şeirinin inkişafına həsr edən görkəmli şair Balaş Azəroğlu yoldaşa “Xalq şairi” fəxri adı verilməsi Azərbaycan Kommunist Partiyasının və şəxsən Sizin Cənubi Azərbaycan xalqına, onun milli və demokratik ədəbiyyatına, Cənubi Azərbaycanın ədib və şairlərinə, o cümlədən mühacirət illərində demokratik ədəbiyyatımızın yazıb-yaradan nümayəndələrinə göstərilən atalıq qayğısıdır. İcazə verin, bu qayğı və etimada görə Hizbe Tudeyi İranın Azərbaycan təşkilatı – ADF-nin Mərkəzi Komitəsi adından Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, şəxsən Sizə və Sizin simanızda qan qardaşlarımıza öz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirək və Sizi əmin edək ki, şair və yazıçılarımız bu atalıq qayğısına xalqımızın mübarizəsinə layiq yeni-yeni əsərlər yazmaqla cavab verəcəklər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Cənubi Azərbaycan məsələsinə toxunaraq bildirirdi: “Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.
Ardı var…

