Yaşamaq üçün yorulmağa ehtiyac var? – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan vacib açıqlama
“21-ci əsrdə süni zəka, kompüterləşmə, internet, sosial şəbəkələr, robotlaşma və avtomatlaşma getdiyi bir vaxtda, mexaniki işə az enerji sərf edilən zamanda insanların yorğun olub, işdə yorulması bəhanələrini heç cür qəbul edə bilmirəm”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, yorğunluqla sosial-psixoloji iş stressini fərqləndirmək lazımdır: “Əgər bir insan ali məktəbdə təhsil alan zaman, yaxud işdə, xidmətdə və sair fəaliyyət növlərinə cəlb olunan zaman özünü yorğun hiss edirsə, bu artıq təhsil, iş stressi deməkdir. Bu stressin olmaması üçün dünyanın aparıcı ölkələrinin beyin mərkəzləri, sağlamlıqla bağlı olan tibb mərkəzləri müxtəlif texnologiyalar və təkliflərlərlə tez-tez çıxış edirlər. Sonuncu dəfə təklif olundu və bir çox ölkələrdə bu, reallaşdırılır. Həftəlik dörd günlük iş rejimi müəyyən olunur. Yaxud da, Azərbaycanda da kişilərə və ailəyə qulluq etmək üçün qadınlara imkan yaratmaqdan ötrü səhər bir saat gec, axşam da bir saat tez işə getməklə bağlı mənim də təklif edib dəstəklədiyim təklif var.
Universal bir fikir var ki, yaxşı işləmək, yorğun olmamaq üçün birinci növbədə öz işini sevməlisən, ikinci növbədə yaxşı istirahət etməlisən. Bu, həftəsonu öz istirahətini faydalı, ruhunun mənəvi və psixoloji rahatlığını təmin edən istirahət növləri ilə həftəsonunu gözəlləşdirməklə bağlıdır. Üçüncüsü, illik məzuniyyəti və bayram günlərini mütləq ailə üzvləri, doğmalar ilə səmərəli təşkil etmək lazımdır. Məhz buna görədir ki, daxili və xarici turizm səyahətləri kimi istirahət növləri, aktiv istirahət formaları dünyanın hər yerində inkişaf edir. Bəzi xalqlarda bu, fərqlidir. Məsələn, Yaponiyada daha çox sakit, ailə ilə, yaxud tək meşə, dağlarda, təbiət qoynunda ekoloji və kənd turizminin imkanlarından yararlanmaqla istirahətə meyl göstərirlər. Onlar hətta 5-ci gün ailələri ilə maşınla, yaxud daha çox velosipedlə, piyada müxtəlif yerlərə gedirlər. Amma Avropa və Amerikada daha aktiv idman yarışları, pikniklərdə istirahəti təşkil etməklə nail olmağa çalışırlar.
Azərbaycan isə bir qədər fərqlidir. Bizdə istirahət deyəndə kabab yemək, toyda, qonaqlıqda iştirak etmək, çayxanada vaxtını öldürməyə, çörək almağa gedəndə ictimai nəqliyyatdan, minik maşınından istifadə etməyə meyillidirlər. İnsanlar piyada getmirlər, fiziki hərəkətlərlə sağlam olmağa meyl göstərmirlər. Ət, ağır, yağlı yeməklərə meyl göstərirlər. Bu da istirahət günü, həm də iş günü insanı yorğun edir. Üstəlik bizdə ictimai nəqliyyatda problemlərin yaranması, taksi ilə bərbad islahatların aparılması, şəhərin çirkli havası, iş yerlərinin məhdud, məvaciblərin az olması, insanların bir-birini az qala yeməsi, iş yerlərində böyük problemlər, iş saatından artıq işçilərin işə cəlb edilməsi, kollektivdə sağlam ruhun olmaması insanları stress altına atır. İnsanlar da elə bilirlər ki, yorğundurlar. Bunu yatmaqla, evdə sosial şəbəkələrə daxil olmaqla əvəzləmək, aradan qaldırmaq istəyirlər. Bu da çox bərbad nəticələr verir. İnsanların böyük əksəriyyəti həm psixoloji cəhətdən, həm sağlamlıq, mənəvi cəhətdən, həm də sinir xəstəliyinə, ürək-damar xəstəliyinə tutulmaqla stressi xəstəliyə çevirməli olurlar. Bunun qarşısını almaq üçün dünyada qəbul olunan həmin universal vasitələrdən istifadə etmək lazımdır. Yaxud Azərbaycanın milli-mənəvi dəyərlərində var ki, qonşulara axşam gəzintisinə getmək, qohum-əqrəbaya yoluxmaq, rayonlara səyahət etmək, doğma kəndlərə getmək, hər beşinci gün qəbirstanlığa gedib ölüləri üçün Yasin oxutmaq, hərəkət etmək, xəstələri yoxlamaq, qocalara kömək etmək, ağac əkmək, onlara qulluq etmək, yaşadığın ərazini sahmana salmaq, insanlarla axşam parkda görüşlər təşkil etmək, çayxanalara gedib nərd yarışları, stadionlara gedib ailəlikcə futbol, voleybol oynamaq, qaçmaq kimi idman yarışları təşkil etmək olar. Əgər fiziki hərəkətlərlə məşğul olsanız, rahat yata bilərsiniz. Əksinə bizdə başqalarının arxasınca danışmaq kimi problemlərlə öz ailəsinin üzvlərini də stress içində yaşadırlar”.
“Stressi nə evdən işə, nə də işdən evə gətirmək düzgün deyil. İctimai nəqliyyatda baş verən hadisələrin əksəriyyəti yer üstündə olur. Yaşlı qadınlar ağır işdən gələn cavanlara reaksiya göstərirlər, cavanlar bunu qəbul etmirlər. Bu da konfliktlər yaradır. Cavanlar qadına deyə bilmədiyini sürücüyə, yaxud da, məhlədə dostlarına deyib dalaşırlar. Bütün bunları nəzərə alıb dövlət səviyyəsində standartlar etmək lazımdır. Biz də 4 günlük iş rejiminə keçməliyik. Biz də qadınların işə bir saat gec gəlib və bir saat tez getməsini nəzərə almalıyıq. Bizim qadınların çoxu kənd yerlərində yaşayırlar, şəhər mərkəzinə işə gəlirlər. Geri dönəndə avtobus olmur, evə gedəndə də yemək hazırlamalıdırlar. Səhər ailə üzvlərini yola salmalıdırlar, paltarları yuyub, ütüləyib, evi təmizləməlidirlər. Bu qədər yüklədiyimiz qadınları biz hələ işdə də yükləyirik. Əlbəttə ki, onlar yorğun olarlar. Yorğun olan insan isə heç vaxt normal işləyə bilməz. Buna görə də biz kompleks halda bu məsələyə baxmalıyıq. Qanunvericilik səviyyəsində bu məsələləri sahmana salmağa çalışmalıyıq. Biz öz vətəndaşlarımızın işə sevinclə getməyi, evə qayıdanda doğmaları ilə yorğunluğunu, stressini aparmaq üçün müsbət enerjili istirahətini qurmağı təklif edə bilərik” – deyə o, əlavə edib.
Söylü Ağazadə
https://sia.az/az/news/social/1177595.html

