Xalqına gicitkən yedirdən birinci katibin ACINACAQLI SONU

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.

Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

Saat 12-də artıq Mahaçqalada evdə idim, telefonla bildim ki, 44-cü ordunun qərargahında (indiki Pedaqoji İnstitutun inzibati binası) Hərbi Şura iclas keçirir. Respublikadakı işlərin vəziyyəti haqqında məlumat eşitdim və artıq Bakıya yola düşdüyünü öyrəndim, qatar gəlmişdi. Tez paltarımı dəyişib stansiyaya yollandım. Məni vaqona buraxdılar. Vaqonda Beriya, Merkulov, Bağırov idi. Məndən fərariliyin səbəbləri və hansı köməyə ehtiyac olduğunu soruşdular.

Çörəklə bağlı çətin vəziyyətdən qısaca danışdım (Stavropol diyarından və Çeçenistandan taxılın tədarükü dayanıb, dağlıların öz taxıl ehtiyatları  hətta altı ay belə çatmırdı. İnsanlar bir çox yerlərdə gicitkən və başqa göyərti yeyirdilər). Hərbi  xidmətdən yayınanların leqallaşdırılması və cəbhəyə könüllülərin qəbulu elan edilməsi üçün icazə istədik. Dedim ki, bir dağıstanlıya Sovet İttifaqı Qəhrəmanı adının verilməsi bizim üçün yaxşı stimul olardı.

Beriya, çörək məmulatı istehsalçılarının vergidən azad edilməsinə və könüllülərin leqallaşdırılmasına icazə verdi. Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı rəsmi müraciət etməyi təklif etdi: “Müzakirə edərik”. O vaxta qədər susmuş M.C.Bağırov mənə bir sual verdi: “Düzdürmü Linkun dağ məskənlərinə getmir?”. Cavab verdim: “Bəli” və dedim ki, 1-ci katibin davranışı aktivə mənfi təsir edib. Sonra Beriya sual verdi: “Sizcə nə etmək lazımdır?” Mən dedim: “Linkunu geri çağırın, bizə ondan daha üstün bir adam verin, onda respublikada nizam-intizam olacaq”. Beriya dedi: “Müharibə gedir, belə bir adamı tapmaq olduqca çətindir, bir sınanmış yoldaşımızı vilayət komitəsinin birinci katibi göndərəcəyik. Azərbaycandan Əziz Əliyevi, onunla işləyəcəksən. Sən onu tanıyırsan”.

Bu zaman söhbətimiz bitdi və mən anladım ki, birinci katibin taleyi hələ Beriyanın Mahaçqalaya gəlişindən əvvəl müəyyənləşib. Sonradan öyrəndim ki,  Hərbi Şuranın yığıncağında Linkun dağlıların çətin vəziyyətini gizlətməyə çalışıb. Ondan soruşduqda: “Dağlıların gicitkən yedikləri doğrudurmu?” O cavab verib ki, “Burada təəccüblü nə var, mən özüm də həvəslə gicitkən yeyirəm…”

Beləliklə, 1942-ci il sentyabrın 16-sı SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz  Əliyev Dağıstana rəhbər təyin edilir.

Dövlət Müdafiə Komitəsinin 16 sentyabr 1942-ci il tarixli qərarından ÇIXARIŞ:

Dövlət Müdafiə Komitəsi qərara alır: Dağıstan Muxtar Sovet Sosialist Respublikası haqqında

Linkun N.I. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayət komitəsinin katibi vəzifəsindən uzaqlaşdırılsın və Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin sərəncamına göndərilsin.

Yoldaş Əziz Əliyev Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsindən azad edərək Dağıstan vilayət komitəsinin katibi vəzifəsinə təyin edilsin.

Dövləti Müdafiə Komitəsinin sədri  İ.Stalin.

ЦГАРД. Ф. 1-п. Оп. 23. Д. 3. Л. 1

23 sentyabr 1942-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin XIV Plenumu keçirilir. Burada Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi N.V. Kiselev iştirak edirdi. Plenumda Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarı müzakirə edilir, bu qərar əsasında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsinə əvvəllər Azərbaycan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin üçüncü katibi işləmiş Əziz Məmmədkərim oğlu seçilir.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin plenumunda Kiselev məruzə ilə çıxış edərək plenum üzvlərini Dövlət Müdafiə Komitəsinin qərarı ilə tanış edir. O, respublikadakı vəziyyət və N.İ.Linkunun Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilməsinin səbəbləri barədə ətraflı məlumat verir və Dağıstan Vilayət Partiya Komitəsinin yeni birinci katib Ə.M.Əliyev haqqında fikirlərini bildirir.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin kadrlar şöbəsinin müdir müavini N.V.Kiselevin Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin 23 sentyabr 1942-ci il tarixli XIV plenumundakı məruzəsindən: “Çox təəssüf ki, partiya-siyasi iş zəif təşkil olunubdur. Xarakterik haldır ki, 1942-ci ildə 13 rayonda (əsasən dağlarda)  partiya komitəsinin katibi yox idi. Təkcə raykom katiblərinin deyil, digər əməkdaşların, şöbə müdirlərinin, təlimatçıların da yerlərdə olması son dərəcə nadirdir. Rayonlara gedəndə əksər hallarda ancaq rayon mərkəzinə getməklə məhdudlaşır, rayon partiya komitəsində danışır, çıxıb gedirlər. Onlar kolxozlara nadir hallarda gedirlər və kolxozçularla demək olar ki, heç vaxt danışmırlar.

Dağ qadınları arasında kütləvi siyasi iş xüsusilə zəif aparılır. Partiya-siyasi işin zəif təşkili ucbatından bir çox kənd və aullar, xüsusən də dağlıq rayonlar müxtəlif növ antisovet ünsürlərinin yaydığı şayiələrlə inanırlar. Kolxozların təsərrüfat zəifliyi, ciddi ərzaq çətinliyi yarandı, əhali arasında kütləvi-siyasi işlərin zəif aparılması dağ kəndlərində ciddi siyasi fəsadlar yaratdı. Dağlarda fərarilərin sayı artır, quldurluq və düşmən ünsürlərin antisovet fəaliyyəti güclənir. Deyə bilərik ki, Dağıstanda yüzlərlə fərari, kolxozçuları soyan, mal-qara oğurlayan, fəalları öldürən onlarla dəstə var.  Bu günlərdə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Xasavyurt rayon komitəsinin birinci katibi quldurların əlində öldü. Digər ərazilərdə də sovet və partiya işçilərinə qarşı terror aktları törədilib. Quldurlar, fərarilər kolxozlarımızı dağıdırlar. Vilayət partiya komitəsinin işi bərbaddır və yoldaş Linkuninin  şəxsən özünün çoxlu səhvləri və çatışmazlıqları var. Buna görə də partiyanın Mərkəzi Komitəsi və Dövlət Müdafiə Komitəsi bu səhvlərə, çatışmazlıqlara daha dözə bilməyib, Linkunu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. Yoldaş Əziz Əliyev Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayət komitəsinin birinci katibi vəzifəsinə təyin edilib.

Yoldaş Əliyev Əziz güclü partiya işçisidir. O, yaxşı, güclü təşkilatda – Azərbaycan, Bakı təşkilatlarında tərbiyə alıb, Azərbaycan K(b)P (bolşeviklər) MK-nın 3-cü katibi işləyib, MK-da bacarıqlı və güclü partiya işçisi kimi tanınıb. Əmin olmaq olar ki, Dağıstan partiya təşkilatı yeni rəhbərliklə, yoldaş Əziz Əliyevin rəhbərliyi altında  öz qüvvələrini səfərbər edəcək və respublikadakı vəziyyəti düzəldəcək… (ЦГА РД. Ф. 1 -п. Оп. 23. Д. 3. Подлинник).

1942-ci ilin sonunda vəzifəsinin icrasına başlayan Əziz Əliyev Dağıstanı düşdüyü ağır vəziyyətdən çıxarmaq və Stalinin gözündə Dağıstan xalqına inam hissini bərpa etmək ucun  təcili və təsirli tədbirlər görməyi başlayır. Əziz Əliyev ümumi vəziyyəti və hərbi əməliyyatların intensivləşməsi ilə bağlı Qafqazdakı mürəkkəbləşən vəziyyəti ətraflı təhlil edirdi..

Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanlar öz fədakar əməyləri sayəsində məqsədlərinə nail oldular. Müharibə illərində və müharibədən sonra bu respublikada heç bir pis, antisovet, antidövlət əleyhinə ola biləcək bir fakt özünü büruzə vermədi. Onlar bu illərdə vətənə və Stalinə sədaqətlərini nümayiş etdirdilər, onlara göstərilən etimada layiqincə cavab verdilər. Təbii ki, bu nəticənin əldə olunması əməli işində Dağıstan xalqının köməyinə arxalanan Əziz Əliyevin xidmətləri idi. Bununla da Dağıstan xalqının sürgün məsələsi bir daha gündəmə gəlmədi. Əziz Əliyev 1948-ci ilin payızına kimi orada çalışdı, onun yerinə gözlənildiyi kimi, A.Daniyalov birinci katib seçildi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir