“Böyük Azərbaycan naminə Əziz Əliyev” – DAĞISTANIN XİLASI
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli 24 iyul 2024-cü il tarixdə Medianews.az saytında dərc olunub.
Moskvaya gedən bu qrupun içində Bağır Seyidzadə də var idi (bu mövzu ilə bağlı müəllif “Böyük Azərbaycan naminə Bağır Seyidzadə” adlı digər kitabında geniş bəhs edib). Bu hadisələr müharibənin ən qızğın günlərində baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən 2-ci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətməyə məcbur oldu. Amma sovet qoşunları hələ də İranda qalırdı. Bu aktivliyin azaldılması səbəbi ilə Bakıya qayıdan Əziz Əliyev tezliklə Dağıstan Kommünist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilir.
Bu təyinatın səbəbləri barədə o dövrdə Mərkəzi komitənin katibi olmuş Mirhəsən Seyidov belə qeyd edirdi (“Tam məxfi-Mirhəsən Seyidov, xatirələr” əlyazma): “Qohumum, həkim Əliyev Əziz Məmmədkərim oğlunun ailəsi bizim kimi 1918-ci ilin mart hadisələri zamanı erməni daşnaklarının türklərə qarşı törətdikləri qırğınlardan qaçaraq İrəvan şəhərini tərk etmişdilər. Ailəsi Naxçıvan vasitəsilə Bakıya köçmüşdü. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra həkim, sonra isə respublika Xalq Komissarları Sovetinin aparatında işləmişdi. 30-cu illərdə M.C.Bağırov Azərbaycan KP MK-nın birinci katibi olandan sonra Əziz Əliyev Tibb İnstitutunun direktoru, Xalq Səhiyyə komissarı, MİK Rəyasət Heyətinin katibi seçilmişdi. Sonra Bağırovun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katiblərindən biri seçildi.
Böyük Vətən Müharibəsi başlayan kimi Əziz Əliyev Azərbaycanın digər məsul işçiləri ilə birlikdə sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərildi. 1942-ci ildə Krım tatarlarının deportasiyasından sonra müharibənin qızğın vaxtında Moskvada müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülmə məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qaldırmağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü.
Qeyd edək ki, rəsmi olaraq Krım tatarlarının deportasiyası olunmaları barədə 1944-cü ilin aprelin 2-də qərar qəbul edilib. Amma görünür artıq 1942-cı ildə Krım tatarlarının deportasiya olunmaları ilə əlaqəli Dövlət Müdafiə Şurasında gizli bir qərarı olub. Dövlət Müdafiə Şurasının bir çox gizli qərarları bu günə qədər məxfi qrufi ilə qorunur və ya təlimata uyğun olaraq qısa bir müddət sonra məhv edilib. Hər-halda Beriyaya yaxınlığı ilə bilinən M.C.Bağırov hələ 1942-cı ildə belə bir gizli qərarın olması barədə Azərbaycan Kommunist (b) Partiyasının Mərkəzi Komitəsinin katibləri arasında müzakirə aparıb. Mərkəzi komitənin katibi kimi bu hadisə Mirhəsən Seyidovun yaddaşında məhz 1942-ci il kimi qalıb. Rəsmiyyətdə isə 1944-ci ilin may ayının 10-dan başlayaraq, işğaldan azad olunmuş Krım yarımadasından Krım tatarlarının deportasiyası start verildi.
Beriya Stalinə yazırdı ki, Krım işğalda olanda orada Türkiyə emisarları “Tatar milli komitəsi” adlı agentura şəbəkəsi yaratmış və intensiv şəkildə onlar almanlar tərəfindən istifadə olunmuşdur. Amma, şübhəsiz ki, bu bəhanə idi. Çünki onların deportasiyası barədə qərar hələ iki il öncə verilmişdi. Amma rəsmiyyətdə bunu əsas götürərək, Dövlət Müdafiə Komitəsi Krım tatarlarının Özbəkistan SSR-ə köçürlməsi haqqında 1944- cü ilin aprelin 2-də qərar qəbul etmişdi. Köçürmə əməliyyatı 1944-cü ilin mayın 20-dən iyunun 1-nə qədər davam edib.
Dağıstanın rəhbərləri M.C.Bağırovun onlara qarşı xoş münasibətini yaxşı bilirdilər. Buna görə də tələsik bir qrup ağsaqqal Bakıya Bağırovla görüşə gəldilər. Onlar Bağırovdan xahiş etdilər ki, Dağıstan xalqlarının başına gələ biləcək bu dəhşətli faciənin qarşısını alsın. Bağırov Stalinə zəng vuraraq Dağıstandan gələn ağsaqqallar barədə məlumat verir. Məsələnin mahiyyətini ətraflı danışmağa başlayır və dərhal anlayır ki, bu iş hələ Stalinə çatmayıb. O, tarixən formalaşmış xalqlarımız arasındakı münasibətlərdən danışdı. Bildirdi ki, dağıstanlı heyvandarlar ailələri ilə birlikdə onlara məxsus yüz minlərlə qoyunun qışladığı Azərbaycanda yaşayır və hər dördüncü neft ustası dağıstanlıdır. Dağ xalqları bizim qardaşlarımızdır.
O, Stalindən dağıstanlıları öz yurdlarından köçürməməyi və onların sədaqətli olacaqlarına görə bütün məsuliyyəti öz üzərinə götürərək xahiş etdi: “Mən onlara başımla cavabdehəm”, – dedi. Stalin isə “Mənə hələ bu barədə məlumat verilməyib, əgər siz dağıstanlıların sədaqətli olacaqlarına görə bütün məsuliyyəti öz üzərinizə götürürsünüzzsə, yaxşı, qoy belə olsun, onların köçürülməsinə razılıq verməyəcəyəm, onda bu respublikanı öz himayənizə götürün, lazımdırsa rəhbər heyəti etibarlı və yetişmiş kadrlarla əvəz edin, tam nizam-intizamı bərpa edin”, – dedi.
Böyük etimada görə təşəkkür edən Bağırov tez bir zamanda özü üçün iş planı cızdı, yubanmaq olmazdı. O, Sov.İKP Mərkəzi Komitəsinə, Mərkəzi Komitənin katibi Şerbakova zəng etdi, Stalinlə baş verən söhbəti dedi, ilk növbədə kadrlarla və digər təşkilati işlərin həyata keçirilməsi baxımından praktiki fəaliyyət göstərəcəyini bildirdi. Burada söhbət ondan gedirdi ki, Sov.İKP MK-nın aparatı bilsin ki, müvəqqəti olaraq müharibə gedən bir vaxtda bu muxtar respublikaya rəhbərlik faktiki olaraq Azərbaycan MK-nə həvalə edilib. Şerbakov, Bağırovun sözlərinə görə, hətta sevindi, çünki o vaxt Rusiya Federasiyasının özü ən çətin vəziyyətdə idi. Alman faşist qoşunları Rusiya ərazisinin Avropa hissəsinin yarıdan çoxunu işğal edib Volqaya çatmış, Stalinqradı bombalamağa başlamışdı.
M.C.Bağırov dərhal Dağıstan üçün nəzərdə tutulan planı həyata keçirməyə başladı. O, Əziz Əliyevə vəziyyəti izah etdi. Stalinlə onun namizədliyini razılaşdırdıqdan sonra Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Dağıstanda məşhur olan Əbdürrəhman Daniyalov isə Nazirlər Sovetinin sədri vəzifəsinə təsdiq edildi. Əziz Əliyevlə birlikdə Sovet hüquq-mühafizə orqanlarından, MK aparatlarından, komsomoldan, həmkarlar ittifaqı işçilərindən böyük bir qrup Dağıstana müxtəlif vəzifələrin icrasına ezam olundu”.
Əziz Məmmədkərim oğlu Əliyevin çoxşaxəli həyatının təxminən yeddi ili Dağıstanla bağlı olur. Dağıstan xalqının sürgündən xilas etmək üçün dağıstanlı ağsaqqalların M.C.Bağırovun qəbulunda olmasını, Bağırovun Stalinə zəng edərək məsələni həll etməsini Əziz Əliyevdən sonra Dağıstanın rəhbəri olan Ə.Daniyalov belə xatırlayıb (“Абдурахман Даниялов. Воспоминания. – Махачкала: Даг. кн. изд-во. 1991. С. 222-254): 23 sentyabr 1942-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin XIV plenumunda N.İ.Linkun vəzifəsindən uzaqlaşdırıldı. O, Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsindən və vilayət komitəsinin büro və plenumunun üzvlüyündən çıxarıldı. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsinə Əziz Əliyev təsdiq edildi. Əziz Əliyev “Dövlət Müdafiə Komitəsinin 1942-ci il 15 sentyabr tarixli qərarı ilə əlaqədar Dağıstan partiya təşkilatının mövcud vəziyyəti və vəzifələri haqqında…” geniş çıxış etdi. Sonra plenumda Əziz Əliyev yoldaşın məruzəsi ciddi müzakirə edildi.
Bu baxımdan mən o dövrdə müzakirə mövzusu olan Dağıstandakı fərariliklə bağlı fikirlərimi demək istərdim. Fərariliyə bir çox cəhətdən rayon hərbi komissarlıqlarının, partiya, sovet və komsomol təşkilatlarının işlərinin zəif təşkil olunması şərait yaradırdı… Bütövlükdə respublikadakı bu hal Dağıstan partiya təşkilatı qarşısında ciddi vəzifələr qoymuşdu – səfərbərlikdən yayınanların, könüllü olaraq hərbi komissarlığa gələrək ordu sıralarına cəlb olunması və bununla da dağlılara vurulmuş ləkənin və rüsvayçılığın aradan qaldırılması. Əziz Əliyevə qədər Dağıstan vilayət komitəsinin 1-ci katibi olmuş Linkun almanlar yaxınlaşdıqca, demək olar ki, fəaliyyətini dayandırdı. Mahaçqala Müdafiə Komitəsinin sədr müavini kimi vəzifələrini mənə tapşırdı və mənim Hərbi Şurasının üzvü kimi təsdiqlənməyimdən sonra tamamilə bu proseslərdə aktiv iştirak etmədi.
Etiraf edirəm ki, Mərkəzi Komitə onun bu davranışından xəbər tutdu, çünki tezliklə onların nümayəndə heyyəti Dağıstana gəldilər: Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Xalq Komissarları Sovetinin sədrinin müavini L.P.Beriya, Zaqafqaziya Cəbhəsinin komandanı İ.V.Tyulenev, Zaqafqaziya Cəbhəsinin Hərbi Şurasının üzvü, Azərbaycan Kommunist (B) Partiyasının birinci katibi M.C.Bağırov və onları müşayiət edən şəxslər. Bu, 1942-ci ilin iyulunun ikinci yarısında idi. Mən DMSSR Xalq Daxili İşlər Komissarı A.P.Medvedevlə birlikdə Botlixdə idik. Rayon partiya komitəsinin katibi M.Taqir Untsukulskinin evində gecələdik.
Gecə saat üçdə Mahaçqaladan gələn zəngə oyandıq. A.P.Medvedevə məlumat verildi ki, L.P.Beriya və Zaqafqaziya Cəbhəsinin Hərbi Şura üzvləri səhər saatlarında Mahaçqalaya yarım günlüyünə gəlirlər. Geyinməyə başladım və A.P.Medvedevə şəhərə getməyi təklif etdim. DMSSR Xalq Daxili İşlər Komissarı A.P.Medvedev gecə Mahaçqalaya getməkdən imtina edəndə təəccübləndim. Onun gecə bizə yolda quldurların mümkün hücumundan, yoxsa Beriyadan qorxduğunu hələ də anlamıram. Mən onu inandıra bilmədim. Tagir Untsukulski ilə biz onu fikrindən daşındırmağa çalışsaq da o, getməkdən imtina etdi. Buna baxmayaraq, Yoskayla (İosif Aleksandroviç Dzheraşvilinin qısa adı idi demək olar ki, 30 il daimi sürücüm oldu) gecə saat dörddə Mahaçqalaya yola çıxdıq.
Ardı var…

