“Sea Breeze”-də şəhid ailələrinin övladları üçün şou proqram təşkil edildi
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi və Sirk Oskar mükafatçısı “Sirk Triumf” şirkətinin bədii rəhbəri Allahverdi İsrafilovun təşkilatçılığı ilə “Sea Breeze”-də şəhid və aztəminatlı ailələrin övladları üçün sirk proqramı təşkil olunub.
Gununsesi.info xəbər verir ki, 2 günlük davam edən proqramda Monte-Karlonun beynəlxalq sirk festivalının artistləri rəngarəng və dolğun proqramla tamaşaçılara xoş anlar yaşadıb.
Proqramda akrobatların, hava gimnastların və hoqqabazların fantastik hərəkətləri, klounların gülməli çıxışları tamaşaçıları heyran edib.
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova Gununsesi.info-ya açıqlamasında bildirib ki, görülən bu addım hər kəs üçün sevindirici oldu:” Başda “Sea Breeze” in rəhbərliyinə, bu möhtəşəm proqramı təşkil edən Allahverdi İsrafilova və Aygün Haciyevaya dərin təşəkkürümü bildirirəm. Proqramdan sonra bütün ailələr bizə yaxınlaşaraq öz təşəkkürlərini etdilər və belə proqramların davamlı təşkil olunmalarını arzuladılar. Çox sevindirici haldır ki, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi bu gün bu proqramı birgə təşkil edə bilib”.

QHT sədri Almaz Zeynalova sonda göstərdikləri yüksək diqqətə görə birliyin rəhbərliyi və üzvləri adından Allahverdi İsrafilovu və Aygün Hacıyevanı təşəkkürnamə ilə təltif etdi.