Ömür keçdi, gün keçdi… Ceyran Həsənovadan etnoqrafiq qeydlər

Qızım bu gün südlü aş istədi. Hava isti olduğu üçün əvvəlcə tənbəllik etdim. Sonra Həcərin çox həssas olduğunu düşünüb bişirmək qərarına gəldim. Həm də gün ərzində bu uşaq 2 dəfə yemək yesə , sevinərəm. Bişirdim…və ötən günlər, sevimli məhəlləmiz, Böyük bazar, qonşular, atam ,anam -bir sözlə, uşaqlığım və gəncliyim xəyalımda canlandı.
Çox gözəl məhəllə mədəniyyətimiz vardı. Ramazan, Qurban bayramlarında, Aşura günündə, imamın 3,7,40-da hamı bir- birinə ehsan paylardı. Anam da Ramazan bayramında halva- külçə bişirib paylardı, amma biz qonşulardan gələn halva- külçəni gözlərdik. Məmə dediyimiz Kübra xalagildən zireng gələrdi, Məmə əslən Lerikdən idi, geyimi də dəyişməz idi, yayda da, qışda da üst-üstə uzun köynəklər, uzun büzməli ətək geyinərdi. Şövkət xalagildən düyü unundan hazırlanmış halva gələrdi, biz ona “ağ halva” deyərdik. Şövkət xala atamla xalanəvə idilər, o, Şərifov Məşəxəlilin ( Məşədi Xəlili) qızı idi, yoldaşı Əbdül lələ əslən Masallının Boradigah kəndindən idi. Onlar həm də zəli saxlayardılar. Təbrizli seyid nənəm “minnə” dediyimiz (mir nənə ) Mirzəhra öyrəşmişdi o zəliyə. Üzünə zəli düzərdilər, biz də qəribə- qəribə baxardıq. Ağakərim Şərifov da qonşumuzdur, o da atamgillə xalanəvədir. Yoldaşı Tanya digər millətdən( tatar, yoxsa rus, dəqiq bilmirəm) olsa da, məhəlləmizin bütün adətlərini öyrənmişdi, gözəl halva bişirib məhəlləyə paylardı. Nailə gəlin və Rahman dadaşgil , Südabə xala , Fatma gəlin, Xanımbala gəlingil ən yaxın qonşularımız idi. Məhərrəmlikdə Südabə xalanın südlü aşını xüsusilə gözləyərdik. Onun bişirdiyi südlü aş çox dadlı olurdu. Həm də çox təmiz, səliqəli xanımdı Südabə xala. Məndən böyük bacım vasvasıdır, öz evimizdən başqa, heç bir yerdən gələn ehsanı yeməzdi, amma Südabə xalanın südlü aşı üçün sinov gedirdi. Özü deyirdi ki, Südabə xala, mənim payımı ayrı göndər…
Bizim məhəllə ehsanın hər növünü hazırlayırdı: südlü aş, hədiy aşı, cücə- plov. Heç kimə fərq qoymadan ehsanlar paylanardı. Zeynəb mamanın ləvəngin küküsünü çox xoşlardım, Şövkət xala kişmişin böyrünə yağda qızardılmış xurma qoyardı. İmamın 7-də ehsan verərdik, hamı bizə yığışardı. Rəhmətlik mərsiyəxan Leyla xala anamla rəfiqə idi, gözəl avazı vardı. Dini kəlamlar danışar, rövzələr oxuyardı. Allah Fizzə xalaya rəhmət etsin. Onun verdiyi ehsan da bol, təmiz olurdu. İndiki toyuqlardan yox idi, diri toyuqlar, cücələr alınardı, bütün məhəllə qadınları yığışıb toyuq təmizləyərdilər. Heç indiki düyülərdən də yox idi, cavan qızlar yığışıb düyü arıdardılar. Rahman dadaş da bizə sataşar, güldürərdi hamımızı. Gözəl, qayğısız, bol ruzili illər idi…
Qurban bayramınlın isə ayrı özəlliyi var mənimçün. Atam maşın və ya avtobus tutardı, məhəlləyə hay salardıq, qonşular gələrdi, Baba ocağına gedib qurbanımızı kəsər, sonra da paylardıq. Ocağı da ziyarət edərdik.
Belə… Bu gün Həcərin südlü aş istəməsi məni çox, lap çox uzaqlara apardı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir