Azərbaycan və Çin liderlərinin görüşü. XİN: Azərbaycan-Çin ənənəvi dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişafdadır

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dedi:

-İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.

Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək dedi:

-Hörmətli cənab Sədr.

Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.

Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.

Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.

Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm.

x x x

Si Cinpin İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olundu.

Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə – çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.

Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulandı, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirildi.

Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət etdi.

Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul etdi.

Azərbaycan Prezidenti də Çin Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu vurğulandı, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı uğurları qeyd edildi. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulandı.

Orta Dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çinin “BYD” şirkəti arasında imzalanan və ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsini nəzərdə tutan Çərçivə Sazişinin önəmi bildirildi.

Görüşdə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulandı.

Azərbaycan ilə Çin arasında humanitar, mədəni əlaqələr qeyd edildi, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırıldı.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan verəcəyinə ümidvarlıq ifadə olundu. Si Cinpin dedi ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.

Çin Xalq Respublikasının Sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını dedi. COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olundu.

Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını dedi.

Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

x x x

Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.

*** 

XİN: Azərbaycan-Çin ənənəvi dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

***

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verib və bu görüş bir daha göstərdi ki, Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir.

Yenimedia.net saytı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib.

Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib.

Görüş zamanı, Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair qərar verib və Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə ilə çıxış ediblər.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur. Eyni zamanda, Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarını ölkəyə gəliş vizasından azad etməsi və bunun növbəti mərhələdə qarşılıqlı olması barədə XİN-lər arasında işin aparılmasına dair razılıq turizmin və xalqlarımız arasında əlaqələrin artmasını təşviq edəcəkdir.

Həmçinin iki ölkə liderlərinin qarşılıqlı şəkildə Azərbaycan və Çinə dövlət səfərləri həyata keçirmək istiqamətində dəvətlərinin əlaqələrin inkişafına əlavə töhfə verəcəyi danılmazdır.

Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcəkdir. Strateji tərəfdaşlığımız eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəkdir.

2-ci sual: Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi. Bu görüşü necə dəyərləndirərdiz?

Cavab: Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimadına əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib.

Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq səviyyəsi daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir.

Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycan-Pakistan-Türkiyənin yeni istiqamətlərdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəkdir.

3-cü sual: Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü baş tutub. Bu görüşün nəticələri barədə məlumat almaq istərdik?

Cavab: Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı inkişaf edib.

Ölkələrimiz öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə sadiqlik əsasında qururlar.

İki ölkənin liderləri mütəmadi əsasda görüşür, qarşılılıq səfərlər həyata keçirirlər. Sonuncu dəfə, 22 aprel tarixində Prezident İlham Əliyev Rusiyada səfərdə olub və əhəmiyyətli görüşlər keçirib. Astanada keçirilmiş görüş iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi, əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planların müzakirəsi baxımından da faydalı olub. Dövlət başçıları həmçinin ŞƏT və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemləri nəzərdən keçiriblər.

4-cü sual: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə fəxri qonaq qismində qatılıb və Qazaxıstan Prezidenti ilə ikitərəfli görüş keçirib. Bu səfər və görüş barədə nə deyə bilərsiz?

Cavab: Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Dövlətlərimiz arasında qardaşlıq münasibətləri və tarixi əlaqələr, istər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər qardaş ölkələrimiz arasında birgə əməkdaşlığın daha da dərinləşməsini labüd edir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirən amillərdəndir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, razılıqlar, birgə layihələr ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Bu xüsusda, Qazaxıstan Prezidentinin ölkəmizə cari ilin mart ayında səfəri zamanı iki ölkə arasında investisiya fondunun yaradılması haqqında razılıq prosesinin yekunlaşdırılaraq Astana görüşü zamanı dəyəri 300 milyon ABŞ dolları məbləğində fondun yaradılması barədə müqavilənin imzalanmasını xüsusilə vurğulamaq istərdik.

Bununla yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş tərəfdaşlıq perspektivləri iki ölkə liderləri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Beləliklə, Azərbaycan və Qazaxıstan liderləri arasında keçirilmiş Astana görüşü iki ölkə arasında çoxşaxəli əməkdaşlığa əlavə təkan verəcəkdir.

Bununla yanaşı, ölkə rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştirak etməsi Azərbaycana və Prezidentimizə olan yüksək ehtiramın və etimadın göstəricisidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

Azərbaycanın bölgəmizdə və daha geniş coğrafiyada inteqrasiya proseslərində əhəmiyyətli rolunu, Şanxay Əməkdaşlıq Təşkilatının işində yaxından iştirakını nəzərə alaraq, bu görüşlər və tədbirlərin ölkəmizin təşkilatda müşahidəçi statusu alması prosesinə əlavə təkan verəcəyinə əminik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir