Vətən boyda oğullar üçün. Ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli istedadlı yazar Rəqibə Qəvvasın yeni kitabına ön sözü
Müasir Azərbaycan poeziyası keçən əsrin 90-cı illərindən başlayaraq yeni bir mərhələyə qədəm basdı: ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr, xalqımıza qarşı törədilən qanlı terror əməlləri – 20 Yanvar və Xocalı soyqırımları, bütün əsrlər boyu torpaqlarımıza göz dikən ermənilərin işğal siyasəti, öz doğma ocaqlarından qovulan bir milyon qaçqın-köçkün soydaşlarımızın maddi və mənəvi ağrıları, yurd həsrəti, Qarabağda baş verən müharibə – şəhidlərimiz, Vətən uğrunda canlarından keçən qəhrəman igidlərimiz… bax, bütün bunlar ədəbiyyatımızda da əks olunmağa başladı. Əlbəttə, ədəbiyyatımızda yeni bir tendensiyanın yaranması çox vacib idi. Bu da müstəqillik uğrunda mübarizə aparan xalqımızın, bu xalqı təmsil edən ziyalılarımızın, o sırada şairlərin, yazıçıların, incəsənət xadimlərinin həyatında yeni bir səhifələr açdı.
Ədəbiyyatımızda da müstəqillik uğrunda mübarizə bayrağı dalğalandı və xalqımızın dahi oğlu Ulu Öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti öz bəhrəsini verdi. Onun bu siyasətini uğurla həyata keçirən prezidentimiz İlham Əliyevin və şanlı ordumuzun, Azərbaycan oğullarının qələbəsi 30 illik işğala son qoydu. Tam və bütöv Azərbaycan özünə qayıtdı. Və bu 30 il ərzində ədəbiyyatımızda yeni adlar, imzalar parladı.
Sabirabadda yaşayan Rəqibə Qəvvas da o müəlliflərdən biri oldu. Mən Sabirabadda yaşayan, ilk şeirlərini rayon qəzetində dərc etdirən, sonralar bir şair kimi formalaşan və təkcə Sabirabadda deyil, Azərbaycan ədəbi mühitində də tanınan və sevilən üç şairə haqqında mətbuatda öz ürək sözlərimi demişəm.
Bənzərsiz şairə Nisəbəyim (Allah onun ruhunu şad eləsin!), gözəl şeirləri ilə diqqəti cəlb edən Nübar Eldar qızı və şeirləri ilə Sabirabad auditoriyasını ötüb keçən, müasir poeziyamızda öz dəsti-xətti ilə seçilən Şahnaz Şahin…
Sabirabadda yaşayan Rəqibə Qəvvası da bir şair kimi onun mənə təqdim etdiyi bu kitabın əlyazmasından tanıdım. O, şairdir – bunu birmənalı şəkildə təsdiq və iqrar edirəm. Bu, o demək deyil ki, Rəqibə xanım Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, “Qızıl medal” mükafatçısıdır, beş kitab müəllifidir. Şairin istedadlı şair olmağını bütün bunlar təyin eləmir, şairin şairliyini onun SÖZÜ təyin edir.
Böyük rus şairi Sergey Yesenin bir şeirində yazmışdı ki:
Bəli, şair olmaq, odur ki, gərək
Pozmayıb həyatın ilk qanununu.
Öz damarlarından qanı çəkərək,
Vurub isidəsən özgə qanını.
Rəqibə Qəvvasın bu kitabında bir əsas mövzu var – “Vətən boyda oğulların” – Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəman igidlərimizin, şəhidlərin tərənnümü. Ancaq bu tərənnüm Poetik sözlərlə deyil, bədii-poetik hiss-həyacanla ifadə edilir. Kitabda ilk şeir onun adından həkk olan şeirdir: “Vətən boyda oğullara borcluyuq biz”. Bu şeir kitabdakı bütün şeirlər üçün marş səciyyəsi daşıyır:
Torpaqların ağrısını ruhu ilə duyanlara,
Başımızın papağını öz canıyla qoyanlara,
Alnımızın ləkəsini al qanıyla yuyanlara,
Vətən boyda oğullara borcluyuq biz.
“Vağzalı”sı ürəyində çalınmamış qalanlara
Bəxt üzüyü sevdiyinin barmağında qalanlara,
Toy xanası yıxılmamış şəhid qanı olanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Bir ailəsi, bir Vətəni bizdə qalan əmanətdir,
Vicdanımız susmayıbsa,verdiyimiz zəmanətdir,
Bu dünyanın tarixindən silinməyən sücaətdir,
Bundan sonra yazılacaq nağıllara borcluyuq biz,
Vətən boyda oğullara borcluyuq biz.
Rəqibə Qəvvasın bir silsilə şeirləri var ki, bu şeirlər şəhidlərə ehtiram ruhunda yazılmışdır. Həmin şeirlərdə Azərbaycanın Qarabağ müharibələrində şəhid olan oğullarının qəhrəmanlıq portreti yaradılıb. Hər bir şəhid həm də qəhrəman sayılmalıdır.
Oğullar çiynində getməli olan,
Atalar çiynində oğul aparır.
Qırmızı tabutda gedən oğullar,
Bu gündən sabaha yadigar qalır.
Durna qatarına dönən oğullar,
Millətin əyilməz mətanətidir,
Torpağın qoynuna enən oğullar,
Müqəddəs amalın şəhadətidir.
Başqa bir şeirində Rəqibə Qəvvas şəhidlərin başqa çalarını yaradır:
Başına dolanım, ay dağım, dərəm,
Səndə itgin düşən əsgərim qalıb.
Üstü açıq yatıb yaş torpaq üstə
Evimin dirəyi sərvərim qalıb.
Müəllifin ayrı-ayrı şeirləri isə kədərli ithaf şeirləridir. Ağdam köçkünü Həqiqət Məmmədovaya, polkovnik-leytenant Rəşad Quluyevə, Orxan Namazova, Aprel döyüşləri şəhidlərinə, 20 Yanvar şəhidlərinə həsr olunan şeirlər oxucunu həyacanlandırmaya bilməz.
Burada 20 Yanvar şəhidlərinə həsr edilən bir şeir daha təsirlidir:
Sıralanmış bu məzarlar,
Bir millətin haqq səsidir.
Lal sükutun yaratdığı
Azadlığın nəğməsidir.
Şəhid olub büküldülər,
Azərbaycan bayrağına.
Məzar-məzar düzüldülər,
Ulu Vətən torpağına.
Rəqibə Qəvvas şəhid analarını da unutmur. O, yaxşı bilir ki, şəhid oğulların ağrı-acılarını analar çəkir. Baxın:
Başında qara şal qara göyətçin,
Şəhid məzarına qonar ağlayar.
Əlində tutduğu al qərənfillər,
Məzarın üstünə enər ağlayar.
Durmusan qarşımda şəhid anası,
Gözündən süzülən yaşdı danışan.
Nə mən söz tapıram, nə sən dirisən,
Məzardan boylanan daşdı danışan.
Əlbəttə, Rəqibə Qəvvasın şəhidlərə, qəhrəmanlara, o şəhidlərin – qəhrəmanların analarına, balalarına həsr etdiyi şeirlər onun bir şair kimi vətənpərvərlik duyğularından doğur. Digər mövzuda yazdığı şeirləri haqqında da xoş sözlər söyləmək olar. Şairlik üçün mövzu məhdudiyyəti yoxdur. O, istənilən bir mövzuda öz poetik nəfəsiylə seçilə bilər. V
Məsələn, onun “Ana” şeiri var ki, o şeir onun poeziyasında xüsusilə diqqəti cəlb edir:
Əlinin hənri yoxdur saçımda,
Saçıma vədəsiz qrov, dən düşüb.
Başıma səpilən qar dənələri,
Ömrümdən düşməyib, taleydən düşüb.
Başımı söykəyib dizinin üstü,
Bircə yol dincimi alaydım, ana.
Unudub dünyanın dərdi-sərini,
Qayğısız bir körpə olaydım, ana.
Diqqət yetirirsinizmi, bu şeirdə bircə artıq misra da yoxdur. Ümumiyyətlə, Rəqibə Qəvvasın əksər şeirlərində kələkötür, yonulmamış sözlərə, ifadələrə rast gəlməzsiniz. Bu da onun uzun illər dil-ədəbiyyat müəllimi kimi səmərəli pedoqoji ustalığından irəli gəlir. O, həm də öz şeirlərində “fikir poeziyası”nın nümunələrini yaradır.
Məsələn, dünya haqqında bizim əksər şairlərimiz şeir yazıblar (elə bircə Səməd Vurğunun “Dünya” rədifli şeirini xatırlayın, yaxud Məmməd Arazın dünyaya həsr etdiyi şeirlərin yada salın). Amma Rəqibə Qəvvasın “Dünya budur” şeiri də ilhamla yazılıb və o, bu şeirində DÜNYA obrazını yaradıb:
Torpaqdı əvvəli, sonu
Hamının kəfəndən donu.
Süleymana qalmayıbsa,
On əllə tutmaqla deyil.
Var əbədi qalan hanı?
Dünya budu. Nərdivandır, biri çıxır,
Düşən ona gülüb baxır
Nə qədər göylə getsə də,
Yığdığın töküb gedəcək,
Anlayacaq əvvəl-axır, Dünya budu.
Onun “Xatirələr” şeiri də ömrün illərinə bir səyahət xarakteri daşıyır. “Haqqın fəryadı” lirik poemasını oxudum və təfərrüata varmadan deyə bilərəm ki, Xocalı faciəsi haqqında yazılan bu poemada Rəqibə Qəvvas bu janrda da öz poetik imkanlarını ifadə edə bilər. Poemada bu dəhşətli faciəni daha təsirli vermək üçün müəllif orijinal bayatılardan da istifadə edir:
Quzular mələr ağlar
Anasın dilər ağlar,
Dərdli dərdini qanar,
Dərdini bilər ağlar.
Rəqibə Qəvvas şeirlə yanaşı nəsr əsərləri də yazır. Onun “Zərnigar” povesti, həmçinin “Alın yazısı”, “Qara tabut”, “Son görüş”, “Sonuncu sakin” hekayələri təsirli həyat hadisələri kimi yadda qalır. Hekayələrində deyə bilmədiyi həqiqətləri o, nəsr əsərlərində obrazların dili ilə ifadə edə bilir. Bəzi hekayələri öz emosional təhkiyə tərzi ilə ən gözəl şeirlərini xatırladır.
Əziz oxucu!
Çox arzu edirəm ki, Rəqibə Qəvvasın şeirlərini, hekayələrini oxuyun, onun könül dünyasına baş vurun…
VAQİF YUSİFLİ filologiya elmləri doktoru

