“Taksi sürücülər nəinki qadın sərnişinlərə, digərlərinə də qarşı kobudluq edirlərsə, bunun mənbəyini tapmalıyıq” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov

Son zamanlar sosial şəbəkələrdə bəzi taksi sürücülərin avtomobildə olan qadın sərnişinlərə qarşı əxlaqsız hərəkət etmələrini əks etdirən görüntülər yayılır. Təəssüf ki, aralarında hətta 50 yaşdan yuxarı olan sürücülər də olur.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, əslində taksi sürücüləri üzdə olan şəxslər olduqları üçün onlarla bağlı hansısa fakt olanda jurnalistlər və sosial şəbəkə bunu qabardır və göstərir:

“Bunu bütün taksi sürücülərinə şamil etmək olmaz. Bizim çox zəhmətkeş, qeyrətli, qışda qar yağanda heç kimin maşını çıxarmayan zaman taksi fəaliyyəti göstərərək xalqa xidmət edən sürücülərimiz var. Təəssüflər olsun ki, son vaxtlar yayın qızmarında, qışın soyuğunda ac-susuz halda xalqa xidmət edən həmin zəhmətkeşləri gözdən salmaq var. Üstəlik deyirlər ki, onlardan imtahan götürülməlidir və ya maşınları köhnədir. Bəli, dövlət bunlara nəzarət etməlidir. Amma bu qədər də yox. Biz onlara hansı köməkliklər edirik? Onlar köhnə maşın icarəyə götürüb taksi ilə məşğul olurdularsa, indi hansısa tanınmış, yaxud imkanlı adam gedib 1000 ədəd taksi maşını gətirib sifariş verərək köhnə nəqliyyat vasitələrini aradan qaldırırsa, biz həmin taksi sürücülərinə nə kömək edirik. Hansı nazirlik sürücülərə təzə maşın gətirib verib ki, köhnı maşınların əvəzinə bunları işlədin. Təsəvvür edin ki, 50-60 ilin taksi sürücülərindən indi imtahanlar götürürük. Bunlar ailəsini sürücülüklə dolandırır. İndi bunlar acından ölməlidir? Əgər bir şərəfsiz iş görübsə o şəraiti yaradan sərnişin dərhal polisə müraciət etməlidir, nəinki video çəkib sosial şəbəkədə yaymalıdır. Çox şükür ki, belə sərnişinlər var, bunu edirlər və biz də belə şərəfsizləri bilirik. Həmin şərəfsizlər dövlət tərəfindən cəzalandırılır. Əslində, onlar hətta sürücülükdən məhrum edilməlidirlər. Amma bütövlükdə götürəndə birinin səhvinə görə digər taksi sürücülərini qaralamaq lazım deyil”.

Yazıçı-kulturoloqun sözlərinə görə, sürücülər nəinki qadın sərnişinlərə, digərlərinə də qarşı kobudluq edirlərsə, biz bunun mənbəyini tapmalıyıq:

“Bir taksi sürücüsünün icarəyə götürdüyü maşının gündəlik pulunu, gün ərzində işlətdiyi benzini, sonra siqaret, yemək, su pulu və hansısa yerdə saxladığı üçün cərimə pulunu hesablasaq o adam yalnız hamballıq etməklə məşğuldur. Belədə ailəsinə də pul apara bilmir. Biz bunun mənbəyini tapmalıyıq ki, niyə belə olur. Taksi sürücülərinin alkaqol, narkotiklə bağlı yoxlanışı varmı, varsa bunu kim edir? Bunu edənlərin özlərinin əlləri əyri deyilmi? Onlar pul alıb sənədə möhür vurmaqla məşğul deyillərmi? Avtobus və velosiped üçün ayrıca xətt yaradılıb. Taksi də ictimai nəqliyyatdır. İctimai nəqliyyat avtobus xəttində saxlayıb əhaliyə xidmət etmək üçün sərnişin götürməlidir, yoxsa bunu yolun ortasında etməlidir? Əlbəttə, bu kimi hallar taksi sürücülərinin beyninə təsir edir. Üstəlik, rayon yerlərində cavan adamlar ailəsini saxlayıb bura gəliblər. Çünki burda ailəsi üçün kirayə ev tuta bilmir. Ona görə də 1-2 manatlıq yerlərdə, yaxud taksidə gecələyir. Belə vəziyyətdə 16-18 saat işləyir və əlbəttə psixologiyası pozulur. Belə adamlara hansı psixoloji və tibbi kömək edirik? Dövlət olaraq taksi sürücülərindən ancaq vergi almaq, cərimələməklə məşğuluq, yaxud lisenziya pulu alırıq və s. İndi cəmiyyətdə qəti etirazlar var. Bir manata getdiyimiz yolu indi 5 manata gedirik. Bir dəqiqəyə gələn taksilər 10 dəqiqəyə gəlir. Buyurun, ən yaxşı işləyən sistemdən biri taksilər idi, onu da məhv etdilər”.

Prezident təqaüdçüsü qeyd edib ki, taksi sürücülərinin yaşı ilə bağlı məsələlərdə mübahisə edə bilmərik:

“Əgər 18 yaşda sürücülük vəsiqəsi veriblərsə və işləmək hüququ varsa və hətta sağlamlığı imkan verirsə pensioner də taksi sürücüsü işləyə bilər. Amma fikrimcə, taksi sürücülərinə 23-25 yaşından sonra lisenziya verilməlidir. Onların psixoloji durumu, sağlamlığı, narkotikdən istifadə edib-etməməsi xüsusi yoxlanılmalıdır. Onların kişi və ya qadın sərnişinlərlə mədəni davranması ilə bağlı xüsusi kurslar olmalıdır. İndi bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi edir. Ancaq daha ciddi etmək lazımdır. Düşünürəm ki, bütün bunlar kompleks halında baxılanda problemlər də aradan qalxacaq”.

Bəxtiyar CƏFƏRLİ

https://herbiand.az/post.php?id=53900

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir