Boş qalan kəndlərin aqibəti necə olacaq? – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov ağrılı problemlərə toxundu, çıxış yolunu dedi

“Azərbaycanda gedən proseslər əslində dünyada XIX-XX əsrdə keçmiş proseslərin məntiqi davamıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, nəinki ölkəmizdə, respublikamızda, həm də qonşu ölkələrdə, o cümlədən Rusiya, Ukrayna, Türkiyə və Avropa ölkələrində kəndlərin boşalması, kəndlərdə yaşayan əhalinin qocalması yeni nəslin paytaxt və iri meqapolislərə axını, xarici ölkələrə yaşayış üçün getmələri böyük bir problemə çevrilib: “Kəndlərimiz boşalır, əsasən insanlar daha çox paytaxt Bakıya, MDB ölkələrinə, Türkiyəyə, Ərəb ölkələrinə və Avropaya üz tuturlar. Bu, normal bir haldır, çünki sadaladığım məkanlar dünyanın ən böyük iqtisadiyyatını özündə cəmləyir.

Eyni zamanda oralar əhalinin qocalması, kəndlərin boşalması və demoqrafik problemlərin daha kəskin olduğu yerlərdir. Qonşu Rusiyada azərbaycanlılar, Orta Asiyadan gələnləri çıxsaq, əhalinin böyük hissəsinin həm qocalardan ibarət olduğunu görəcəyik, həm də dünyanın ən böyük ölkəsinin kəndlərinin getdikcə xarabalıqlara çevrilməsi, əhalinin böyük şəhərlərə köçməsi, iş yerlərinin çoxluğu ona gətirib çıxardı ki, orada böyük bir böhran oldu. Məhz azərbaycanlılar və Orta Asiyadan gedən miqrantlar hesabına hələlik Rusiya ayaq üstə dura bilir. Vaxtilə Almaniyada türklər, Avropanın bir çox ölkələrində də, Fransada ərəbdilli əhali, Afrikadan gələnlərin hesabına Hindistan, Pakistandan gələn keçmiş müstəmləkələrdən gələn əhalinin hesabına demoqrafik problemlərin həllinə çalışdılar.

Azərbaycandan da gedən əhalinin, cavanların yeri boş qalır. Kəndlərimiz boşalır, kənddə iş yerləri yoxdur. Vaxtilə paylanılan torpaqları əkib-becərən kəndlilər öz əməyinin bəhrəsini görmürlər. Beləcə cavanlar, gənclər, işçi qüvvəsi kəndlərdən getdi və kəndlərimiz yavaş-yavaş sönməyə başladı. Elə kəndlərimiz var ki, orada 1-2 nəfər, yaxud 10 nəfər yaşayır. Onların da 90%-i qocalardır. Kənddə insanları saxlamaq üçün müəyyən ümidlər yaratmaq lazımdır. Vaxtilə məktəb, tibb müəssisəsi, mədəniyyət evi, kitabxana, savxozlar kəndin əsas nəhəng bünövrəsini təşkil edirdi. Kəndlərimizdə mədəni-sosial mühit olaraq insanları öz doğma ocağında saxlaya bilirdilər. Üstəlik də kəndlərimizdə yaşayan insanların hər birində çox uşaq var idi. Onlar da evlənəndə hərəsinin 4-5 uşağı olurdu. Amma indi kəndlərin özündə də ya 1, ya da 2 uşaq olur. Onlar böyüyən kimi başqa ölkəyə gedir, bir hissəsi xəstələnir. Bütün bu sadalananlara kompleks halda baxılmalıdır”.

“Biz hələ də buna hazır deyilik, amma hazır olanda urbanizasiya daha sürətlə gedəcək. İnsanlar komfort arxasınca paytaxt Bakıya və digər ölkələrə axın edəcəklər. Kəndlərimiz daha da boşalacaq. Bunun qarşısını almaq üçün bir neçə variant var. Bir çox kəndlərimizin torpaqları işçi qüvvəsi olmadığına görə sadəcə örüş kimi istifadə olunur. Həmin kənddə səhmdar cəmiyyətlər, yaxud keçmiş savxozları, kolxozları əvəz edə biləcək hansısa korporativlər yarada bilərlər. Onların torpaqları əllərindən alınmamaq şərtilə icarəyə götürülüb onlara da müəyyən pul vermək, yeni iş yerləri yaratmaq mümkündür. Kənddə olan insanlar qaçıb getməsinlər. Əgər biz bunları etməsək, kəndlərimiz daha da boşalacaq. Həm də kəndlərdə yaşayan qocalara nəzarət edə bilməyəcəyik.

Elə kəndlər var ki, yalnız qoca və xəstələrdən ibarət əhaliyə malikdir. Bunlara baxmaq üçün dövlət tibb müəssisəsi saxlamalıdır. Həmin kəndləri Qarabağda olduğu kimi birləşdirib bir qəsəbə yaratmaq və qalan torpaqları isə bütün dünyada olduğu kimi fermerlərə vermək olar. Amma bunlar hamısı təkliflərdir, əlbəttə ki, kəndləri qorumaq lazımdır. Necə ki, Bakı kəndləri təmir edilir və onlar da şəhərə oxşayır. Digər qəsəbə və kəndlərimiz də Qarabağdakı dirçəliş proqramı bitəndən sonra, yaxud paralel olaraq mütləq təmir edilməlidir” – deyə o, əlavə edib.

Söylü Ağazadə

https://sia.az/az/news/social/1164909.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir