“Evlənmək istəməyənlərin min bir problemi: gənclər özlərini məsuliyyətli hiss etmirlər” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov
“Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra qapılarını taybatay dünyaya açdı”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, bu zaman biz unudurduq ki, böyük dövlət deyilik: “Yəni SSRİ, Amerika, Avropa İttifaqının super dövlətləri, Çin, qardaş Türkiyə kimi dövlət deyilik. Bizim hələ ictimai, elmi, intellektual təsisatlarımız, ailə institututlarımız, ailə, böhran mərkəzlərimiz, psixoloq və ailəşünaslıqla bağlı araşdırma aparan beyin mərkəzlərimiz, demək olar ki, yox idi. Bu da onunla nəticələndi ki, dünyada gedən bütün mənəvi, psixoloji, ictimai, sosial və məişət hadisələri Azərbaycan ailəsinə təsir etdi. Üstəlik gənclər və yeni nəsil abort və qeyri-qanuni uşaq düşürmələr onu gətirib çıxardı ki, təbiət bizdən intiqam almağa başladı.
Gənclərin indi sağlam olmaması ilə bağlı bir çox faktlar var. Burada ekoloji, iqtisadi, sosial, mədəni, psixoloji, ictimai və qlobal məsələləri önə çəkməliyik. Eyni zamanda işsizlik və normal qidalanmamaq, ətraf mühitin getdikcə çirklənməsi, toz-torpaq, həm də səs-küy, avtomobil nəqliyyatının havaya buraxdığı qaz, tikintidə istifadə olunan süni materiallar, üstəlik zərərli vərdişlərdən qəlyan, siqaret, alkoqollu içkilər, energetik içkilər, fast-food yeməklər, geni dəyişdirilmiş qidalar ənənəvi Azərbaycan mətbəxindən uzaqlaşmaq çox böyük xəstə nəslin yaranmasına səbəb oldu. Eyni zamanda bu nəslin özünün problemlərinin araşdırılmaması ona gətirib çıxardı ki, bu gün evlənənlər, rəsmi nikaha girənlərin ən azı yarıdan çoxu boşanma ilə nəticələnir. Digərləri də bütün günü ya məhkəmələrdə, ya da uşaq, aliment davası edirlər”.
“Gənclər özlərini məsuliyyətli hiss etmirlər. Çünki zəifdirlər. Gənclərin indi müdafiəyə daha çox ehtiyacları var. Əslində keçmiş SSRİ zamanı orta məktəb və bağçalarda normal qidalanma var idi. İndi Azərbaycanın bir çox pullu məktəblərində, internat məktəblərində, dövlətin nəzdində olan uşaq evlərində və bağçalarda bu qidalanma var. Amma orta məktəb və ali məktəblərdə bu qidalanma varmı? Uşaqlar bir energetik içki və dönərin hesabına gələcəkdə normal ata, ana ola bilərlərmi? Onların sümüyü, əzələ sistemi, psixologiyasına qədər, nəfəs və mədəsi, qaraciyər, ürək, qan-damar sistemini tədqiq edirikmi? Son illər bunu görməmişəm. Bu baxımdan da cavanların çox böyük problemləri var. Evlənən uşaqları yoxlasaq, həm spermanda problem var, həm tibb-səhiyyə mafiyasının, bir çox əliəyri həkimlərinin ortaya qoyduğu süni mayalanmadan tutmuş, əməliyyat, doğuşa qədər bir çox yeni trendlər bizim həm uşaqlarımızı bədbəxt edib, həm də gənclərin sağlamlığında böyük problemlər yaradıb.
Əgər təbii yolla uşaq doğulmursa, təbii yolla da anaya süd gəlməz. Ana bir il, bir il yarım uşağa süd verməz. Süd verilməyən uşaq da sağlam olmaz. Son vaxtlar daun sindromu, qan xərçəngi, əlilliklə bağlı nə qədər böyük problemlərimiz var. Uşaqların 20-30%-i əlil doğulur. Onlar da sabah ailə qura bilməyəcəklər. Bunun qarşısını almaq üçün Avropa ölkələrində çox sürətli elmi tədqiqatlar aparılır. Bu süni mayalanma ilə bağlıdır, bu, süni intellektin məsələyə tətbiq edilməsidir, bu, genin xəritəsinin açılmasıdır. Spermanın təmizlənməsi, bəzi xəstəliklərdən qurtulması kimi bir çox yeniliklər olsa da, ümumi götürsək, yenə də bunlar çox azdır. Azərbaycan ailə dəyərlərinə qayıtmaq, Azərbaycan ocağına, yeməyinə, ata, ana, baba, nənə, xala, qohum, qonşu sisteminə dönmək lazımdır. Nə qədər bunu tez etsək, o qədər ailə məsələsini və gənclərin ailə qurması məsələsində uğurlar qazanacağıq.
Gənclər indi tənha qalıblar. Toylar belə biznesə çevrilib, gənclər valideynlərin qurbanlarına çevriliblər. “Mən filan toya getmişəm, pul atmışam, niyə mənim oğlumun toyunda gəlib borcumu qaytarmasınlar?” düşüncəsi ilə toy edən valideynlər gəncləri fikirləşmirlər. Evsiz-eşiksiz, heç bir təhsil almayan, qız qaçırmaqla ailə qurmaq istəyən, 18-19 yaşlı uşaqlarını bədbəxt edən nə qədər ailə tanıyırıq. Bütün bunlar böyük problemə çevrilib. Bunları tədqiq etmək, araşdırmaq lazımdır. Hər kəs öz məsuliyyətini kənara çəkir. Bütün bunları ancaq dövlət başçısı, məmurlar etməlidir? Cəmiyyətə maraqlı deyil. İnsanların özlərinə öz uşaqları, öz gələcəkləri, keçmişindən gələn adət-ənənələrin inkişafı maraqlı deyil? Bütün bunlara kompleks halında baxmaq lazımdır. Ağıllı insanları danışdırmaq, tədqiqata cəlb etmək, onları sadəcə havayı yox, həm də bu işlərə pullu cəlb etmək lazımdır ki, bu problemlər həll olunsun” – deyə o, əlavə edib.
Söylü Ağazadə

