Ülviyyə Fətəliyeva: qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı
Xəbər verdiyimiz kimi, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında Azərbaycan fırtınası yaşanıb. Ülviyyə Fətəliyeva qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Onu bu uğuru münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da təbrik edib, Ülviyyə ilə fəxr etdiyini vurğulayıb.
Bu məqamda “Qafqazinfo” hamını mat qoyub at oynadan qızla bağlı bəzi maraqlı məlumatları təqdim edir.
Şahmat üzrə milli komandamızın üzvü 1996-cı ildə Gəncədə anadan olub. Qadınlar arasında beynəlxalq qrossmeyster şahmata 7 yaşında başlayıb. Ona valideynləri dəstək olub.
Gəncə şahmat məktəbinin yetirməsinin karyerasında məşqçisi Şaiq Quliyevin böyük rolu var.
Ülviyyə, daha çox qara fiqurlara üstünlük verir. Baxmayaraq ki, ağ daşlarla oynayan ilk gedişi edir və “qara”nı seçənlər ilk öncə bərabərliyi əldə etməyə çalışırlar.
Maraqlıdır ki, Ülviyyə Fətəliyeva Avropa çempionu olduğu matçda da qara fiqurlarda çıxış edib.
Fətəliyevanın ilk beynəlxalq rəsmi matçı 7 yaşına təsadüf edib. O, Türkiyənin Kapadokya şəhərində təşkil edilən Avropa çempionatında özündən 3 yaş böyüklərlə mübarizə aparıb. Onun debütü uğursuz olub.
Onun düşüncəsinə görə, güclü şahmatçı olmaq üçün riyazi hesablamaları yaxşı bilməklə bağlı fikirlər doğru deyil. Bunu təsdiqləyən araşdırmalar var. Bu fikrə rəğmən, Ülviyyənin 10-15 gediş sonrasını fikirləşdiyi qarşılaşmalar olub. Bunu təmiz hesablamaq isə olduqca çətin məsələdir. Çünki hər 2-3 gedişdən bir rəqibin alternativi ola bilər.
Dünya şahmat tarixinin əvəzsiz siması Robert Fişeri və Maqnus Karlseni bəyənən Ülviyyə, daha çox hücum etməyi və heç-heçədən qaçmağı sevir. Buna görə də piyadaları tez-tez qurban verir.
Onun sevdiyi fiqur atdır. Qrossmeysterin fikrinə görə, lövhədə at varsa, risklər davam edir və rəqib üçün çoxlu təhlükələr yarada bilər.
Maraq üçün onu da qeyd edək ki, Ülviyyənin zəfəri professor atası Hasil Fətəliyevin 65 illik yubiley gününə təsadüf edib.
Emin Səfərov