Şərəflə yaşanmış ömür: Hürriyət Ağayeva, Lənkəranın ziyalı xanımı. Leyla Məcidova yazır
Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməsi, zəmanənin bizə qazandırdığı əsas nailiyyətlərdən biridir. Qadınlarımızın ictimai fəallığının və siyasi çəkisinin artması, dövlət və cəmiyyət həyatına daha geniş nüfuz etməsi, hüquqi baxımdan daha güclü mövqeylər əldə etməsidir. Həyatda hər bir kəsin alın yazısını və taleyini tanrı müəyyən edir. Zamanla insan özünü dərkindən sonra, öz ömür kitabını yazır. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. İnsan yalnız bu həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur, yaddaşlara yazılır. Kimi fəaliyyət göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə xidmət etsin. Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır.
İnsanı mühit yetişdirir, savadı isə təhsil verir. Qalan xüsusiyyətlər genlə, qanla gəlir. Bütün bunları birləşəndə insan təfəkkürü sərhədsiz olur. Savadın insanın dünyagörüşündə, davranışında əhəmiyyətli rol oynadığını hamımız bilirik. Hər bir bacarıqlı insanın səviyyəyə yetişməsində savadın rolu böyükdür.
Haqqında söhbət açdıgım Lənkəranın fədakar, vətənpərvər xanımı Ağayeva Hürriyət İzzət qızı 1938-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 1961-ci ildə Lənkəran rayon Kənd Təsərrüfatı texnikomunu, 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunun Mədəni Maarif fakültəsini bitirmişdir.
1961-ci ildə Lənkəran Kənd Təsərrüfatı muzeyində bələdçi vəzifəsində çalışmışdır. Əmək fəaliyyətini 1975-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olaraq davam etdirmişdir. 1970-ci ildə əməyə və igidliyə görə medalına, 1980-cı ildə SSRİ-nin əlaçı muzey işçisi adına, 1981-ci ildə Respublikanın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Muzeyin yeni eksponatlarla zənginləşməsində Hürriyət xanımın əvəzsiz əməyi olmuşdur. Vəzifə insanının faydalı olması, daha çox adamın problemlərini həll edib, xeyirxahlıq göstərməsi üçün Allahın verdiyi fürsətdir.
Hürriyyət xanımda elə bir ürək sahibi idi ki, imkansıza yardım edir, yetimə, kimsəsizə yiyə dururdu. Ehtiyac içində qovrulana kömək edib, sıxıntıdan qurtarırdı. Məgər birdir-ikidir Onun xeyirxah əməlləri?! Say-hesabı yoxdur Cəlilabad müəllimlər institunun tədqiqatçı müəllimi Ələsgər Mirzazadə qeyd edir ki, Lənkəran Pedaqoji Texnikomunda təhsil alırdım. Tələbəlik illəri ən agır illər idi. Qrup rəhbərimiz Nadir müəllim fenomen yaddaşa malik şəxsiyyət və əsl ziyalı idi. O, qərib tələbələri evinə yıgır onlara diqqət qayğı göstərirdi. Hürriyyət müəllimə Lənkəran yeməklərini hazırlayır tələbələrə analıq edir, kasıb tələbələrın paltarına kimi alırdı. Belə anlamaq olurdu ki, bütün bunlarla bərabər insan xarakteri onun dünyagörüşü və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır.
Hürriyyət xanımın rəftarında o, qədər mükəmməl idi ki, təvazökarlıq, sadəlik elə bil ruhuna biçilmişdi, uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Heç kimi acılamaz, amma elə bir söz deyərdi ki, qulaqlarında sırğa olardı.
Ulu Öndər Heydər Əlirza oğlu Əliyev 1979-cu ildə Lənkəranda olarkən, Muzeydə olmuş, Hürriyyət xanımın fəaliyyətini rayon ictimayyətinin qarşısında yüksək dəyərləndirmişdi. Elə gün olmur ki, Lənkəran Tarix Diyarşünaslıq Muzeyində çalışan əməkdaşlar, Fatma İbrahim qızı
Əliyeva, Elnurə Rafiq qızı Qasımova, Xatun Dadaş qızı Mehdiyeva, Pərvanə Ağadadaş qızı
Məmmədova, Rəsmiyyə Hüseynağa qızı İsmayılova və başqaları onun xoş əməllərini xatırlamasınlar.
Baş fond mühafizi İlham Nəsrulla oğlu Quliyev qürurla qeyd edir ki,biz vətənpərvəriyi, muzeyi necə sevməyi Hürriyyət xanımdan öyrəndik. Yaxşı əməllər heç zaman yaddan çıxmır.
Lənkəranın görkəmli ziyalıları olmuş Əməkdar Mədəniyyət xadimi Hürriyyət xanım və Əməkdar Mədəniyyət xadimi, “Qızılbaş” ləqəbli Nadir müəllimin yadigarları əməlinə və savadına görə oğlanları “Qızıl əllər” ləqəbli Lənkəran Mərkəzi xəstəxanasının cərrahı Ceyhun Nadir Oğlu Ağayev tanınmış həkimdir. Qızları Ülviyyə Nadir qızı Əliyeva 2007-2022-ci illər Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində çalışmışdır. Ailəsi Rusiya Federasiyasında yaşadığı üçün öz xahişi ilə işdən azad olunmuşdur. Hürriyət Ağayeva 2007-ci ildə ömrünü həsr etdiyi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində iş zamanı haqqın rəhmətinə qovuşmuşdur. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, dossent

