Nalla mıx haqqında təptəzə ballada. Təhmasib Novruzovdan yeni felyeton

Nalla mıx haqqında məşhur el misalını bilməyən yoxdu. Yəni, biri eyni mövzuda danışarkən bir-birinə zidd fikirlər səsləndirəndə deyirik ki, filankəs “gah nala vurur, gah mıxa”! Səbrsiz oxucum deyəcək ki, burda nə var, bunu hamı bilir. Bir azca səbr eləsin, deyəcəm ki, bu misalı niyə yada salıram. Ermənistan adlanan layihə-dövlətin indiki başçısı Nikol Paşinyanın eyni məsələlərlə bağlı gündə bir-birinə zidd fikirlər səsləndirməsi bu məşhur el misalını yadıma saldı. Düzdü, haylar tarixin hansısa dönəmində at belində savaşlar aparmayıb və ata bizim qədər sıcaq münasibət bəsləmir. Zatən atla savaşmaq özü də bir qəhramanlıqdır və türklərdən fərqli olaraq hayların tarixində bir qəhramanlıq olmayıb ki, öyrənək görək bunu at üstündə edib, ya yox! Amma, ötən əsrin əvvəllərindən arxasında duran güclər sayəsində qədim türk torpaqlarında bir layihə-dövlət qurandan sonra qondarma tarix yaradıb dünyanın gözünə soxurlar ki, guya bu millət ta qədimdən at belində böyük-böyük yürüşlər edib. Desinlər, onsuz da bu tayfanın əlindən xəyanətdən, ikiüzlülükdən və yaltaqlıqdan başqa heç nə gəlmədiyini bütün dünya bilir. İndi çox sahələrdə özlərini türk kimi qəhraman göstərmək cəhdini görəndə anlayırsan ki, bu tayfanın keçmişi olmayıb, olsaydı bizim tariximizi , mədəniyyətimizi, hətta mətbəximizi özlərininki kimi təqdim etməyə cəhd eləməzdilər.
Xülasə, qayıdaq nal-mıx məsəlinə. Bir anlıq hesab edək ki, Paşik nalbənddi. Nalbənd Paşik atı nallamaq istəyir. At da bizim bənzətməmizdə “Sülh Müqaviləsi”dir. Bir gün çıxıb bu “Müqavilə” ilə bağlı bir söz deyir, sabah dünən dediyin təkzib edib başqa fikir səsləndirir. Yazıq “at”ın (Burda: “Sülh Müqaviləsi”nin-T.N.) da ayağı qalıb göydə ki, nalbənd Paşik çəkiclə mıxa vurub onu nallayacaq. Amma Paşik xam nalbənddi deyə, çəkici mlxa vura bilmir ki, bilmir. Yəni elə bil mıxın yerini itirib və tapa bilmir. Elə nala döyəşdiyir. Arabir böyük bacısı Makrondan da soruşur ki, nu mıxın yerin ona göstərsin, amma bacısı da mıxın yerin bilmədiyindən ona verdiyi koordinatların hamısı səhv çıxır. Beləcə atın ayağı əlində nalbənd Paşik qalıb çabalaya-çabalaya. Ona görə də bu balladanı yazıb, Paşikə mıxın yerini göstərmək qərarına gəldim. Oxucularımdan xahiş edirəm, Paşikin qucağında atın (Burda: “Sülh Müqaviləsi”nin-T.N.) ayaqları olduğuna görə köşklərə gedib bu yazını tapıb oxumaq imkanı olmayacaq. Odur ki, bu yazını zavalsız Paşikə çatdırıb onun canını qurtarmağa kömək eləməyinizi xahiş edirəm.
Nkolcan bilsin ki, atın hər ayağının nalına altı mıx vurulur. Üçü sağdan, üçü də soldan. İndi mıxların yerini deyirəm, götürsün və vursun. Birinci mıx hələ də işğalda qalan səkkiz kəndin ərazisindədir. Buyurub onu özümüzə versin ki, çəkic mıxa düz gəlsin. İkinci mıx Zəngəzur dəhlizindədir . 72 il əvvəl rus qaqalarının köməyi ilə əlimizdən alınıb Sizə bağışlanmış bu ərazidən, heç olmazsa Naxçıvana maneəsiz gedib-gəlmək məsələsi birdəfəlik həllini tapmalıdır, yoxsa bu mıxı da yerinə vura bilməyəcək. Üçüncüsü Qarabağdan köçüb getmiş ermənilərin cibindədir. Nə qədər ki, burdan könüllü getmiş hayları guya bizim zorla qovduğumuzu, yəni “məcburi deportasiya”(???) elədiyimizi deyəcəksə, o mıxı da yerinə vura bilməyəcək. Dördüncü mıx Azərbaycanın hələ də taleyi məlum olmayan dörd minə qədər vətəndaşının əlindədir. Onların haqqında dürüst məlumat verə bilsə, o mıxı da yerinə mıxlaya bilər. Beşinci mıx sevimli avropalı dostlarının köməyi ilə müxtəlif beynəlxalq təşkilatlara şər, böhtan dolu iddialar qaldırdığına görə, beynəlxalq qurumların kassalarındadır. Belə yalan, böhtan kompaniyasına son qoymasa bu mıxı da tapıb yerinə mıxlaya bilməz. Və nəhayət, altıncı mıx onunla qonşu olan ölkələrin əlindədir. Əgər özünü idarə edə bilməyən Makron kimi bacılardan əlini çəkib, qonşuları ilə dil tapıb, regionda gerçək Sülh üçün əsas yaratmasa, bu mıxın da yerini tapa bilməyəcək.
Beləcə altı mıxın altısının da yerini bildirdim. Qalır Nikolun bu mıxları əldə edib atın (Burda: “Sülh Müqaviləsi”nin-T.N.) ayaqlarındakı nal yerinə vurması. Nə vaxta kimi nala döyəcləyəcək axı? Atın (Burda: “Sülh Müqaviləsi”nin-T.N.) da səbri tükənməz deyil axı! Hirslənib çənəsinə bir təpik vursa, cəhənnəmə vasil olacaq. Biz də bunu istəmirik. Vallah, billah istəmirik. İstəyirik nala döyəcləməyi dayandırıb, mıxları tapıb yerinə qoysun və özü də rahat olsun, at da, ətrafdakılar da. Vəssalam!

Təhmasib Novruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir