“Küçələrə şəhidlərimizin adının verilməsi artıq bir növ dövlətçilik etikasına çevrilib” – YYSİB sədri Aydın Xan Əbilovdan orijinal açıqlama
2020-2023-cü illər ərzində Bakı şəhərində ümumilikdə 200 küçəyə şəhid adı verilib. Bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb. Məlumata əsasən, bu, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq sərəncamları ilə həyata keçirilib.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, Azərbaycanda Vətən uğrunda, dövlətin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından və qanından keçmiş, şəhidlik zirvəsinə qalxmış hər bir övladın əziz xatirəsi yüksək tutulur:
“İstər cəmiyyətdə, istər xalq arasında və dövlət qurumlarında, ən önəmlisi isə ölkə başçısı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən, ondan əvvəl isə ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman bu həssas məsələyə diqqətlə yanaşıldığını görürük. İkinci Qarabağ müharibəsi zamanı ölkə başçısı və onun xanımı tez-tez şəhid valideynləri, qazilərimiz, veteranlar, Qarabağdan olan məcburi köçkün və qaçqınlarımız, Qərbi Azərbaycandan olan qaçqınlar, yaralı hərbçilərimiz və döyüşçülərlə görüşür, hər zaman onların yanında olduqlarını bir mesaj olaraq cəmiyyətə ötürürdülər. Bu, bir növ ictimai siyasi kampaniyaya çevrildi. Ölkə rəhbəriyinin verdiyi önəm xalq tərəfindən ən yüksək səviyyədə dəstəkləndi. Məhz buna görə, 2020-ci ildə baş verən 44 günlük müharibədə işğal olunmuş rayonlarımız və Qarabağın böyük hissəsi azad olundu. Eyni zamanda, 2023-cü ildə sentyabr ayında həyata keçirilən və bir sutka davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan torpaqlarının sərhədləri daxilində bütövlüyü tam təmin edildi. Buna uyğun olaraq, istər Nazirlər Kabinetinin, istər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzimovun, istərsə də ölkənin hər yerində dövlət strukturları tərəfindən torpaqlarımız və müstəqilliyimiz uğrunda canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmiş şəxslərin əziz xatirəsini bu və digər dərəcədə xüsusi vurğulamaq üçün xatirə bulaqları, məktəblərdə guşələrin yaradılması, müxtəlif yerlərə onların adlarının verilməsi və xüsusən də bizim hər gün istifadə etdiyimiz küçələrə şəhidlərimizin adının verilməsi artıq bir növ dövlətçilik etikasına çevrilib”.
Aydın Xan Əbilovun sözlərinə görə, şəhid övladlarımız sözsüz ki, müasir tariximizin qəhrəmanlarıdır:
“Onlar Ali Baş Komandanın bir əmri ilə döyüşə atıldılar, Vətən torpaqlarını azad etdilər, məcburi köçkünlərin geri qaytarılması üçün şərait yaratdılar, torpaqlarımızı bütövləşdirdilər. Biz həmin şəhidlərin şücaəti, qəhrəmanlığı, igidliyi qarşısında baş əyirik və əziz xatirəsini həmişə yad edirik. Eyni zamanda, onların adlarını küçələrə, məktəblərə, sinif otaqlarına, xatirə guşələrinə və bulaqlara verməklə ruhları qarşısında ehtiramımızı nümayiş etdiririk. Bu, Azərbaycan dövlətinin siyasətidir. Həm də hərbi vətənpərvərlik və qəhrəmanlıq ruhunda gənclərin tərbiyələndirilməsində, böyüməsində xüsusi ictimai-psixoloji təsiri olan etik texnologiyadır. Bəli, Azərbaycan öz şəhid övladlarını hər zaman yüksəkdə tutub. Dövlət bütün şəhid ailələrinə, qazilərə, əlillərə ev, maşın verib və onların reabilitasiyası ilə bağlı müxtəlif layihələr həyata keçirir. Bilirsiniz ki, işsizliklə bağlı şəhid ailələrinə xüsusi imkanlar yaradılır və onların böyük əksəriyyətinin kredit borcları bağlandı. Eyni zamanda, humanitar bir addım da həyata keçirildi. Şəhid ailələrinin üzvləri xırda cinayət əməllərinə görə əfv edilərək həbsxanadan buraxıldılar. Ən üzdə görsənən tərəf isə əlbəttə ki, küçələrə, bəzi məktəblərə şəhidlərimizin adlarının verilməsidir. Bunu ictimaiyyət çox yüksək dəyərləndirir və qiymətləndirir. Gənclərimiz və xalqımız da bunu görür. Məhz belə ehtiram, sayğı və məhəbbət vətəndaşlarımız üçün bir örnəkdir. Yeni nəsil məhz bu dəyərə görə dövlətimizin hər zaman qulluğundadır və bir əmrini gözləyir. İnanıram ki, bu ehtiram daha da artacaq və biz nəinki küçələrə, həm də yeni salınan qəsəbələrə, kəndlərə də şəhid adlarının verilməsini yaxın günlərdə görəcəyik. Bu, əslində həm də bizim vətənpərvər olduğumuzu bir növ nümayiş etdirir və gənclərə də bunu təqlid edir”.
Bəxtiyar CƏFƏRLİ,