Azərbaycan kinosunun dirçəldilməsi üçün nə etməli?!? – Şeyx Əbdül və Aydın Xan Əbilovdan fərqli rəylər
Əsl sənət bəşəri dəyərlərdən əvvəl milli mədəniyyətə söykənməlidir. Azərbaycan kinosu da milli sənət nümunəsi kimi hər zaman öz fərqliliyi və milliliyi ilə seçilib. Hələ Azərbaycan müstəqillik əldə etmədiyi dövrlərdə belə milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanıldığı kinolarımızda xalqın qan yaddaşı, kimliyi ehtiva olunub, belə məqamlar çox ustalıqla canlandırılıb. İllər əvvəl çəkilmiş Azərbaycan kinoları ictimaiyyət üçün həm də maarifləndirici rol oynayıb, bədii təxəyyül və rejissor məharəti sayəsində xalqımızın qəhrəmanlığı, mənəvi milli ruhu əks etdirib.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) hazırki filmləri əvvəlki dövrlə müqayisə edib:

“Bu gün Azərbaycanda “kino” adına çəkilən filmlərin 99%-i özəl studiyalara aiddir. Peşəkar kino insanları kimi bizim onlara heç bir təsir mexanizmimiz yoxdur. Zəhmət çəkib özləri üçün işləyirlər. Nə etməlidirlər? İşləyiblər, studiyalar açıblar, pullarını qazanırlar. Tamaşaçılar bir şeyi qarışdırmasınlar ki, bu gün özəl studiyalarda çəkilən filmlərdə baş verən hadisələrin peşəkar Azərbaycan kinostudiyasına aidiyyatı yoxdur. Ölkə Prezidentimiz, bütün dövlət strukturlarımız sağ olsunlar, son vaxtlar çalışırlar ki, əxlaqımızın, mənəviyyatımızın, milli-mənəvi dəyərlərimizin, ideologiyamızın, əbədi tariximizin təbliğ olunduğu Cəfər Cabbarlı adına Azərbaycan Film Studiyasını bərpa edək. Çünki ora dağılıb. Yenidən bərpası üçün dövlətin böyük maddi dəstəyi lazımdır. Orta səviyyəli beynəlxalq standartlara cavab verə biləcək kinostudiya bərpa edilməlidir. Bu işə ilk növbədə maddi-texniki bazadan başlamaq lazımdır. Elə olsun ki, çəkdiyimiz filmlər dünyada yayımlana bilsin. Peşəkar kino xadimlərinin, kino təhsili, böyük məktəb görmüş insanlarımızın sayı, demək olar, tükənir. “İncəsənət İnstitutu” deyilən bir yer var, bilmirəm ki, gənclərə orada nə tədris olunur, nə öyrənirlər. Barmaqla sayılacaq qədər üç-dörd istedadlı şəxsi çıxmaq şərti ilə, hazırda Azərbaycan kinosunda, teatrında, televiziyasında işə yaramayan çox adam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent, baş müəllimdir. Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Yeni layihəmizə mədəniyyət naziri Adil müəllim də çox böyük dəstək verir, diqqət göstərir. Dövlət səviyyəsində Prezidentlə əlaqəni də, təbii ki, o yaradacaq. Artıq inanc yerimiz var ki, yavaş-yavaş böyük işlərə qayıdırıq”.
Xalq artisti deyib ki, erməni xəyanəti mədəniyyətin, kinonun inkişafı, xalqın rifah halı üçün çox ciddi problem yaradıb: “Bunların arxasında fransız və digər təxribatçı xristian dövlətləri durur. Ərazi bütövlüyümüzə ziyan vuran məsələlər ən sonda istər-istəməz milli, əzəli ideologiyamız olan kinoya dəyir. Milli kinomuz bərpa olunan kimi milli əxlaq, tarixi, mədəni dəyərlər, adət-ənənələr də filmlərdə yenidən öz yerini tutacaq. Təkcə mənim bu mövzuda üç ssenarim var. 4 seriyalıq “Şah İsmayıl Xətai”, iki seriyalıq “Ağa Məhəmməd Şah Qacar”, “Xurşudbanu Natəvan” filmlərinin ssenarisi hazırdır. Amma böyük maliyyə, geniş yaradıcı qrup, texnika tələb edən işlərdir. Bunlar özfəaliyyət studiyaların çəkdiyi kimi mobil telefonla çəkiləsi filmlər deyil. Bu, “Arşın mal alan”, “Nəsimi”, “Qaçaq Nəbi” kimi böyük quruluş tələb edən nəhəng sənət əsərləridir”.
Ə.Mahmudov bir sıra məqamlara da toxunub: “Əslində, heç kimə heç nəyi qadağan etmək lazım deyil. İnsanların qəribə psixologiyası var. Nəyi qadağan edirsənsə, ona maraqları daha çox artır. Bu gün peşəkar olmayan, kolleci, ADPU-nu, ATU-nu bitirənlər televiziyalarda aparıcılıq edirlər. Bahalı geyimlərlə, bəzənib-düzənərək millətin əsəbləri ilə oynayırlar. Azərbaycan efirində göstəriləsi elm, mədəniyyət, incəsənət xadimləri yoxdur? Birmənalı şəkildə gecə-gündüz ancaq mənfilikləri təbliğ etmək nə maraqlarındadır? O yerdə ki millətdən, xalqdan, mədəniyyətdən, əxlaqdan söhbət gedir, orada bir-birimizə düşmən olmağa mənəvi haqqımız yoxdur. Bu məsələdə bir olmalıyıq. Gənclərimizdə milli ruh formalaşdırmalıyıq. Daxilimizdə mübarizəni özümüz aparmalıyıq. İçimizdəki neqativ halları təmizləməliyik”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə deyib ki, Azərbaycan kinosu milli adət-ənənələri, mədəni dəyərləri özündə ehtiva etsə də, mədəniyyətin ən üzdə olan vizual incəsənət sahəsi kimi zəmanə insanının yaşantılarını, həyatını, onun dünyagörüşünü, dünyaya baxışını əks etdirməyə çalışan bir qoludur:

“Ona nəyisə diktə etmək, nəyisə sifariş vermək, sadəcə, bu sənətin axarının qarşısını almaq deməkdir. İncəsənətin ən çevik növü olan kino XXI əsrdə çox şeyləri itirdi. Çünki internet, sosial şəbəkələr, yeni videoplatformalar əsri gəldi. İndi “Facebook”, “Twitter”, “TikTok” kimi platformalar kinonu çoxmüddətli sənət növü olaraq arxa plana atdı. Söhbət düşüncə adamlarından, gənclərdən gedir. Onların nə həvəsləri, nə də vaxtları var ki, 1 saat 30 dəqiqəlik filmə baxsınlar. Dünyada kino sənəti öz formatını dəyişdi. Bədii sənət nümunəsi olaraq artıq festival filmləri, milli auditoriyaya ünvanlanmış filmlər, müəllif, dövlət və kommersiya filmləri təsnifata uyğun çəkilməyə, nümayiş etdirilməyə, baxılmağa başladı. Azərbaycanda bütün bunların qarşılığında miks nəsə yaratmaq istəyən rejissorlar, kinostudiyalar var. Amma hələ ki onlar da tamaşaçıların zövqünü oxşayan hansısa sənət nümunəsi ortaya qoya bilmirlər. Filmlərimizin böyük festivallarda nümayişini, orada qalib gəldiyini görmürük. Müəllif filmləri isə daha çox intim məsələlərin, ölüm, narkotik, fahişəliklə bağlı mövzuların ətrafında fırlanır. Milli-mənəvi dəyərlərin, adət-ənənələrin tarixiliyini özündə birləşdirən filmləri də artıq görmürük. Heç insanların buna maraqları da yoxdur. O dəyərləri görmək istəyən muzeyə gedir, ya da onları virtual aləmdə axtarıb tapır. Ən əsası isə insanlar realit məsələlərlə məşğul olmağı, realit şeylərə baxmağı daha üstün tuturlar, nəinki montajdan çıxmış, rejissorun, operatorun, kino işçilərinin, kinonun çəkilişinə maliyyə vəsaiti ödəyən qurumların senzurasından keçmiş bir çox məsələri özündə ehtiva edən qadağanedici sənət nümunəsini. Bu baxımdan, Azərbaycan kinosundan nəsə tələb etmək bir az qəribə səslənir. Yavaş-yavaş bu yöndə müəyyən işartılar olan sənədli filmlər çəkilsə də, onların özlərinin də baxış sayı azdır. Hətta “Youtube”da azad, sərbəst baxışa vurursan, görürsən ki, baxış sayı yoxdur. Hələ kinoteatrların nümayişini demirəm. Çıxış yolu varmı? Dünyanın bir çox ölkələrində olduğu kimi, həmin təsnifatlara uyğun olaraq müəyyən layihələr həyata keçirmək olar. Azərbaycanda çəkilən filmlər yalnız azərbaycanlı kino mütəxəssislərinin yox, həm də beynəlxalq mənada uğur qazanmış kino mütəxəssislərinin iştirakı və onların təklif etdikləri formatda filmlər çəkilə bilər. Çünki kənardan gələn bizim adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi daha gözəl tərəflərdən görə bilir. Bu görüntüləri lentə alıb həm Azərbaycan tamaşaçılarına, həm də beynəlxalq tamaşaçılara göstərmək onlar üçün daha maraqlıdır. Bu yöndə ən çox iş görə bilən iki kino istiqaməti var. Birincisi müəllif filmləridir, ikincisi isə festival filmləri. Bu yöndə istiqamətlənə bilsək, uğur qazanmış olarıq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

