“Qız uşağına iş tapmaq daha asandır, nəinki oğlanlara” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan sərt münasibət

“İldən-ilə cəmiyyətimizdə Azərbaycan xanımlarının möhkəm mövqeyini hiss etməyə başlamışıq”.

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Sosioloq bildirib ki, 1918-ci ildən, yəni kişi və qadın hüququ konstitusiya, qanunvericilik, parlamentimizdə bərabərləşəndən sonra Azərbaycan xanımları bir neçə dəfə öz hüquqları ilə bağlı böyük hərəkata başladılar: “Cəfər Cabbarlının məşhur “Sevil” əsərində inqilabçı xanımlar, müharibə dövründə təyyarəçi xanımlarımız, 2-ci dünya müharibəsindən sonra intellektual sahələrdə, pedaqogika, səhiyyədə xanımların sayının getdikcə güclənməsi, dövlət orqanlarında müxtəlif istehsalat və kənd təsərrüfatında qəhrəmanlıq göstərən qadınların sayının artması dediklərimizə sübut ola bilər. İkinci dəfə dövlət müstəqilliyimizi qurduqdan sonra Azərbaycan qadınlarının qarşısında çox böyük perspektivlər açıldı. Bu vaxta qədər Azərbaycan xanımı ancaq intellektual, kreativ feminizm və qadın bərabərliyi uğrunda mübarizə aparıb qalib gəlmişdilərsə, müstəqillik dönəmi, Qarabağ müharibəsi, 20 Yanvar hadisəsi zamanı, diğər inqilabi hadisələr zamanı xanımlarımızın iştirakı demək olar ki, kişilərlə bərabər oldu. Şəhidlərimizin arasında igid xanımlar da var.

Eyni zamanda dövlətin müxtəlif strukturlarında, hətta parlamentin rəhbərliyi, birinci vitse-prezident səviyyəsində xanımlarımız siyasi rəhbərlikdə də təmsil olunurlar. Nəinki Azərbaycanda, dünyanın hər yerində, hətta Cənubi Azərbaycanda belə Azərbaycan qadınlarının Nobel mükafatı alması, ilk dəfə biznes adamı olaraq kosmonavt turist kimi kosmosa uçması və dünyanın müxtəlif biznes strukturları, siyasi aləmində azərbaycanlı xanımların olması buna əyani sübutdur.

Statistik məlumatlara görə 200 mindən bir qədər çox Azərbaycanda ali təhsil alan tələbələrimiz var ki, onların da 160 mini qızlarımız, xanımlarımızdır. Biz artıq təhsildə 80-85%, səhiyyədə 60-65%, digər ali təhsil və elm müəssisələrinin yarısından çoxunda xanımlarımızın intellekt, güc, beyin, söz sahibi olduğunu görürük. Bütün bunlar Azərbaycan qadınının keyfiyyət və kəmiyyət dəyişikliyinə necə uğradığını bir daha sübut edir. Klassik Azərbaycan xanımı namuslu, qeyrətli, ailəcanlı, ailə, uşaqları üçün canından belə keçməyə hazır olan bir xanım obrazı idi. Amma müasir Azərbaycan xanımı həm kreativ, həm intellektual, həm siyasi cəhətdən yetkinləşmiş bir şəxsiyyətdir. Azərbaycan xanımı əri, qardaşı, oğlu, ata, babası ilə birlikdə Azərbaycan cəmiyyətində olan bir çox problemlərin həllinə çalışır. Eyni zamanda Azərbaycanın müxtəlif sahələrdə inkişafına səbəb olur”.

“Cənab Prezident və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman xanımlara xüsusi dəyər verib, onları həvəsləndirib, motivasiya veriblər. Azərbaycan xanımları seçkilərdə də ön sıralarda idi, həm namizəd kimi, həm məntəqə-seçki dairələrində fəal iştirak edən şəxs kimi. Kütləvi informasiya vasitələri, incəsənətin müxtəlif sahələri, ədəbiyyatımız, televiziyamızda xanımların rolu və sayı durmadan artır. Əlbəttə, bunun subyektiv və obyektiv səbəbləri var. Eyni zamanda bu problemlər də yarada bilər. Biz dəfələrlə demişik ki, kişilərin rolunu azaltmaq olmaz. Ən azından bərabər hüquqlu olmalıdırlar.

Son vaxtlar görürük ki, qadınlara daha çox etibar edilir, imkanlar yaradılır. Məsələn, qız uşağına iş tapmaq daha asandır, nəinki oğlanlara. Hər bir şey öz yerində, qədərincə gözəldir. Xanımlarımız da bunu unutmamalıdırlar. Azərbaycan xanımının da, kişisinin də öz obrazı var. Xanımlarımızın obrazı gözəl qız uşağı, gənc intellektual, kreativ, cavan, ailəcanlı həyat yoldaşı, xala, bibi, baldız, ana, nənə, qaynana obrazı olaraq onlara yaraşır. Tarixən də ailə və cəmiyyətimizin möhkəmlənməsində bu obrazların çox böyük rolu olub. Vaxtilə bunlar psixoloq, ailə koçu, pedaqoq olublar. Eyni zamanda nəsildən-nəslə informasiya bilgilərini ötürən şəxslər olublar.

Arzu edərdim ki, indi də qadınlarımız bu rolları gözəl oynasınlar. Təəssüflər olsun ki, indi ailələrdə ya 1 uşaq, ya da 2 uşaq olur. Bir çox ailələrdə xala, bibi, dayı yoxdur. Ailə vəzifələri aradan çıxır. Çalışmaq lazımdır ki, aradan çıxmasın. Bilirsiniz ki, biz çoxuşaqlıdan azuşaqlıya keçmişik. Əvvəllər 10-dan yuxarı uşağı olan qəhrəman ana sayılırdsa, indi 2-dən yuxarı uşağı olan qadınlar qəhrəman ana sayılırlar. Ona görə xanımlarımıza yalnız uğurlar arzulayırıq və arzu edirik ki, onlar bu uğurlu, intellektual gender bərabərliyini təmin edən zaman kişilərin hüquqlarını pozmasınlar” – deyə o, əlavə edib.Müəllif: Söylü Ağazadə

https://sia.az/az/news/social/1135072.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir